Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yanvarın 12-də YAP Yasamal Rayon Təşkilatında Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında ölkə rəhbərliyinin gənclərə və mədəniyyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, yaradıcı şəxslərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini bildirib: “Bu mükafat yalnız fərdi uğurların deyil, bütövlükdə cəmiyyətimizin mədəni potensialının göstəricisidir. Gənclərimizin sənətə olan marağı və uğurları gələcəyimizə olan inamı daha da gücləndirir.”

Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova “Uğurlarımızla” Milli Mükafatının artıq ölkənin mədəni həyatında ənənəyə çevrildiyini bildirib. O, 2025-ci ilin mədəniyyət sahəsində uğurlarla yadda qaldığını vurğulayaraq, keçirilən sərgilərin və layihələrin Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini qeyd edib: “Uğurlarımızla” Milli Mükafatı, yalnız bir mükafatlandırma mərasimi deyil, həm də mədəniyyətin inkişafına, yaradıcı gənclərin tanıdılmasına və onların fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş genişmiqyaslı təşəbbüsdür. Bu cür tədbirlər, ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına, gənc istedadların üzə çıxarılmasına və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.
Beynəlxalq Qalereyanın layihə rəhbəri və tədbirin təşkilatçısı Aygün Əzizova isə çıxışında sənətə verilən dəyərin cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. O, rəssamların yaradıcılığının milli kimliyimizin və mədəni irsimizin qorunmasında əvəzsiz rol oynadığını vurğulayıb: “Bu tədbir sənətə, zəhmətə və yaradıcılığa verilən yüksək dəyərin təcəssümüdür. İnanıram ki, bu mükafat hər bir sənətçini 2026-cı ildə daha böyük zirvələrə səsləyəcək.”
Tanınmış aparıcı Çərkəz Quliyevin təqdimatında keçirilən mərasimdə gənc rəssamların müxtəlif mövzularda işlədikləri əsərlərdən ibarət sərgi nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi təltifetmə mərasimindən sonra tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə davam edib. Azərbaycan Respublikasının əməkdar artisti, virtuoz skripka ifaçısı və müğənni Səlim Abbasov, eləcə də sevilən sənətçi Mütəllim Mütəllimov öz musiqi çıxışları ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıblar. Tədbirin rəqs proqramı da rəngarəngliyi və peşəkarlığı ilə seçilib. Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu baletmeysteri, Bakı İstanbul Liseyinin müəllimi Amil Əhmədovun rəhbərlik etdiyi “Xarı Bülbül” rəqs qrupu, Leyla Aslanovanın bədii rəhbəri olduğu “Qaval” rəqs qrupu və Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Fatimə Rüstəmova milli və klassik rəqs nümunələri ilə çıxış ediblər. Həmçinin Tamara Məmmədovanın rəhbərlik etdiyi “Mələklərim” uşaq bağçasının rəqs kollektivi tədbirə xüsusi sevinc və rəng qatıb. Tədbir mükafatçıların və təşkilatçıların xatirə fotosu ilə yekunlaşıb. Gələcək illərdə də bu ənənənin davam etdirilməsi və daha geniş miqyasda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədli də “UĞURLARIMIZLA 2026-YA” Milli Mükafatı ilə təltif olunub.
AYGÜN