Əsas məzmuna keç

Yəməndə müharibə niyə birdən yenidən alovlandı?

…Yəməndə uzun müddətdən sonra hərbi vəziyyət ciddi şəkildə dəyişir. İranın dəstəklədiyi hüsilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələri arasında son illərin ən ağır döyüşləri başlayıb. Hökumət qüvvələri artıq 2014-cü ildən hüsilərin əlində olan paytaxt Sənanı geri almağı məqsəd elan ediblər. Amma Səna hələ alınmayıb və döyüşlərin nəticəsi bəlli deyil.
Bəs birdən nə dəyişdi?
Yəmən müharibəsi əslində 2014-cü ildə hüsilərin Sənanı tutması ilə başladı. 2015-ci ildə Səudiyyə Ərəbistanı hökumət tərəfdən müharibəyə qoşuldu. Beləcə ölkə tədricən regional qarşıdurma meydanına çevrildi: bir tərəfdə İranın dəstəklədiyi hüsilər, digər tərəfdə Səudiyyənin dəstəklədiyi hökumət. 2022-ci ildən sonra böyük döyüşlər xeyli səngimişdi.
İndiki partlayışın başlanğıcı isə maraqlıdır: hücuma əvvəl hüsilər keçdilər. Onlar Taiz və Hodeyda istiqamətindən strateji Bab əl-Məndəb boğazına və əl-Moxa limanına doğru irəliləməyə çalışdılar. Bu boğaz Süveyş kanalına gedən dünya ticarətinin əsas yollarından biridir. İranın Hörmüz boğazına təzyiq etdiyi indiki şəraitdə Bab əl-Məndəbin əhəmiyyəti Səudiyyə üçün xüsusilə artıb.
Ancaq hüsilərin hücumu gözlənilən nəticəni vermədi. Hökumət qüvvələri müqaviməti təşkil etdi, əlavə qüvvələr gətirdi və əks-hücuma keçərək döyüşləri bir neçə cəbhəyə yaydı. Üstəlik, uzun fasilədən sonra Yəmən hökumətinin öz hərbi aviasiyası da döyüşlərə qoşulub. İndi əl-Cəvf və əl-Beyda istiqamətində də döyüşlər gedir; əl-Cəvf Sənaya çıxış baxımından xüsusilə əhəmiyyətlidir.
Bütün bunların arxasında görünən əsas xarici qüvvə Səudiyyə Ərəbistanıdır. Türkiyə və Pakistanın bu əməliyyatı təşkil etdiyini göstərən etibarlı məlumat isə hazırda yoxdur.
Hüsilər də zəiflədilmiş qüvvə təsiri bağışlamırlar. Bu gün onlar Səudiyyənin dörd şəhərinə raket və dronlarla böyük zərbə endirib, 73 nəfəri yaralayıb və neft obyektlərində yanğınlara səbəb olublar. Səudiyyə aviasiyası da Yəməndə hüsiləri bombalayıb.
Ona görə “hüsilər məğlub olur, Səna alınır” demək hələ tezdir. Amma 2022-ci ildən bəri mövcud olan tarazlığın pozulduğu artıq görünür.
Ən sadə şəkildə desək, İran Hörmüz boğazında təzyiq yaradır. İranın müttəfiqi hüsilər Bab əl-Məndəbə doğru irəliləməyə çalışırlar. Səudiyyə isə hər iki strateji dəniz qapısının İran və onun müttəfiqlərinin təzyiqi altına düşməsinə imkan vermək istəmir.
Yəməndə birdən-birə başlayan bu böyük hərbi hərəkətliliyin arxasındakı əsas geosiyasi məntiq budur…
Elbəyi Həsənli
Surix
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…