Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindəki 8 bölgənin bu səhərdən bəri Rusiyanın hücumuna məruz qaldığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Zelenski Rusiya ordusunun Ukraynaya qarşı hava hücumları barədə məlumat verib.
Rusiyanın paytaxt Kiyevi hədəf aldığını bildirən Zelenski deyib: “Bu səhər ruslar Kiyevdəki çoxmərtəbəli yaşayış binasına dronla hücum etdilər. Təəssüf ki, 14 yaşlı uşaq həyatını itirdi”.
Zelenski Rusiyanın bu səhərdən bəri müxtəlif bölgələrə hücumlarını davam etdirdiyini qeyd edərək əlavə edib: “Bu səhərdən bəri cəmi 8 bölgə hücuma məruz qalıb. Odessadakı poçt terminalına edilən hücum nəticəsində bir nəfər ölüb. Zaporojyedə insanları saxlayan klinika vurulub”.
Zelenski Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayaraq deyib: “Əgər təzyiq olmazsa, Rusiya qışa qədər gərginliyi artıracaq”.
Kiyev meri Vitali Kliçko da sosial media hesabında paytaxta edilən hücumda 9 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya ordusu tərəfindən buraxılan 295 PUA-dan 267-sinin zərərsizləşdirildiyini açıqlayıb.
ELBAR







