27 Aprel 2026 / 15:26

28 aprel akademik Zərifə Əliyevanın DOĞUM GÜNÜDÜR

28 aprel görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın anadan olmasından 103 il keçir.

Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır. Zərifə Əliyeva da məhz belə seçilmiş şəxsiyyətlərdən olub.

Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. O, yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı olmuşdur. O,enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, gərgin fəaliyyətli həyatını bütövlükdə Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyevin həmişə yanında olmuş, müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəməmişdir. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosial yönümlü siyasət ümummilli liderin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

Zərifə Nəcəfi, Şəhla Xələfova, Məhəmməd Əsədov, Yasin Məcidov, Əlihüseyn Ağayev, Akif Abdullayev, Aqşin Əkbərov, Tehran Rəhmanov, Ədalət Muradov, Kamandar Zeynalov və Qəmbər Bayramov görkəmli alim, həkim, əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsinin qəlblərində daim yaşayacağını bildirirlər.

CEYHUN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!