14 Noyabr 2025 / 10:40

ABŞ narko-terrorçulara qarşı “Cənub Nizəsi” əməliyyatına başlayıb

Əməliyyat Qərb yarımkürəsini əhatə edəcək

ABŞ Qərb yarımkürəsində narko-terrorçulara qarşı “Cənub Nizəsi” əməliyyatına başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Pentaqon katibi Pit Heqset bildirib.

“Prezident (ABŞ Donald – RED.) Tramp bu əməliyyatı əmr edib və Müdafiə Nazirliyi öz öhdəliklərini yerinə yetirir… Bu missiya vətənimizi qoruyur, narko-terrorçuları yarımkürəmizdən çıxarır və vətənimizi narkotiklərdən qoruyur”, – Heqset sosial media saytında yazıb.

Əməliyyata əməliyyat məsuliyyəti sahəsinə Mərkəzi və Cənubi Amerika və Karib dənizi daxil olan ABŞ Cənub Komandanlığı rəhbərlik edəcək.

Xatırladaq ki, 15 oktyabrda “The New York Times” qəzeti Ağ Evin Prezident Nikolas Maduroya qarşı kampaniyanın bir hissəsi olaraq Venesuelada gizli əməliyyatlar aparmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinə icazə verdiyini bildirib.

ABŞ Venesuela sahillərində narkotik daşıdığı iddia edilən qayıqları məhv etmək üçün dəfələrlə ordusundan istifadə edib. Tramp bu əməliyyatların transmilli cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizənin bir hissəsi olduğunu bildirib. Maduro ABŞ-ı “Venesuela, Cənubi Amerika və Karib dənizi xalqlarına qarşı müharibə” başlatmağa cəhddə günahlandırdı.

24 oktyabrda ABŞ prezidenti Donald Tramp Venesuelada “kokain istehsalı müəssisələrinə və narkotik qaçaqmalçılığı marşrutlarına” hücum ssenarilərini müzakirə edib. Üç gün sonra, 27 oktyabrda Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qraham Trampın Venesuelaya qarşı mümkün hücumların genişləndirilməsini müzakirə etmək üçün brifinq keçirməyi planlaşdırdığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!