“ŞƏXSİYYƏTLƏR VƏ Z A M A N” seriyasi
(Professor, AMEA-nın müxbir üzvü İslam Mustafayevin 75 illik yubileyinə)
***
22 noyabr 1951-ci ildə Biləsuvar rayonunda dünyaya gələn İslam Mustafayev sonralar Azərbaycan elminin xüsusi istiqamətlərindən birində özünəməxsus elmi məktəb və tədqiqat xətti formalaşdıran alimlərdən birinə çevrilmişdir. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində aldığı təhsil onun gələcək elmi fəaliyyətinin fundamental əsaslarını yaratmış, 1973-cü ildən Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda başlayan əmək fəaliyyəti isə onu radiasiya fizikası, radiasiya kimyası, ekologiya, enerji və ətraf mühit problemlərinin kəsişməsində aparılan çoxşaxəli tədqiqatlara gətirib çıxarmışdır.
Lakin mən İslam müəllimi yalnız onun elmi titulları və vəzifələri ilə xarakterizə etmək istəməzdim. Çünki mənim üçün İslam müəllim ilk növbədə böyük alim olmaqla yanaşı, nəcib insan, dəyərli ziyalı, sədaqətli ailə dostudur. Bu münasibətin tarixi isə heç də dünən başlamayıb…
Dostluğun 1980-ci illərdən başlayan hekayəsi
Bəzən həyat insanları elə yaxınlaşdırır ki, sonradan geriyə baxanda həmin yaxınlığın nə vaxt dostluğa çevrildiyini dəqiq xatırlamaq çətin olur. Sadəcə bilirsən ki, bir vaxtlar qonşu idiniz, sonra ailələr bir-birinə yaxınlaşdı, uşaqlar birlikdə böyüdü, çətin günlərdə bir-birinizə dayaq oldunuz və illər keçdikcə bu münasibət artıq adi tanışlıq deyil, ailəvi dostluğa çevrildi.
İslam müəllimlə bizim münasibətimiz də məhz belə yaranıb.
1980-ci illər… O vaxt onların körpə Kənanı, bizim isə üç-dörd yaşlı Xəyaləmiz vardı. Maddi imkanlarımız geniş deyildi. Gənclik illərinin öz qayğıları, mənzil şəraitinin, elmi fəaliyyətin çətinlikləri, ailə məsuliyyətləri və gələcəyə dair çoxlu suallarımız vardı. O vaxtlar İslam müəllim artıq alimlik dərəcəsi almışdı, mən isə aspirantlığa təzəcə başlayırdım.
Həyatın o illəri bu gün bizə həm uzaq, həm də qəribə dərəcədə yaxın görünür.
Biz bir-birimizin ailəsinə kömək edirdik. Qonşu idik. Xanımlarımız yaxın rəfiqə, bizlər isəyaxın dostlar olduq.
Uşaqlar böyüdü. Sonra nənə-baba olduq.
İllər keçdikcə hər birimizin həyatında yeni mərhələlər başladı. Elmi dərəcələr aldıq, vəzifələr tutduq, müxtəlif elmi qurumlarda çalışdıq. Amma bütün bunların fonunda bir şey dəyişmədi:sadəliyimiz və dostluğumuz.
Bu, bəlkə də uzun illərin ən böyük qazancıdır. Çünki insan həyatda çox şey qazana bilər – elmi ad, vəzifə, mükafat, şöhrət, nüfuz…Amma illərin sınağından çıxmış sadə dostluğu qorumaq tamam başqa məsələdir.
“Bizi yamanca kövrəltdin…”
Dostluğun 1980-ci illərdən başlayan hekayəsiBu yubiley yazısını hazırlayarkən mənim yaddaşımda çox təzə bir hadisə canlandı.
15 sentyabr 2026-cı il – Bilik günündə AMEA-nın yeməkxanasında nahar vaxtı İslam müəllim mənə yaxınlaşdı və gülümsəyərək dedi: “Bizi yamanca kövrəltdin…”.
Əvvəlcə bu sözlərin arxasında nə dayandığını anlamadım. Sonra məlum oldu ki, Tərgülxanımla bağlı 13 sentyabrda qızım Vüsalənin hazırladığı və mənim xatirə yazımla birgə Feysbukda paylaşdığım statusa-videoya İslam müəllim ailəsi ilə birlikdə baxıb. Həyat yoldaşı hörmətli Qətibə xanımla birlikdə kövrəliblər, yada salıblar, hətta ağlayıblar. Bu fakt mənə o qədər səmimi, o qədər kövrək-həzin gəldi ki…
Bir anın içində illər geri qayıtdı.
Tərgül-Qətibə dostluğu…
Ailə dostluğu… Gənclik… 1980-ci illər…
Kənanın bir yaşında xüsusi arzu-yazısıya bağışladığım albom, İslam müəllimin şəxsən çəkdiyi rəngli ailə foto şəkilləri, İlqarın həyata gəlişi, bizim uşaqların İslam müəllimə, Onun dostu Xosrov müəllimə xoş münasibətləri, qəribə müraciət formaları…
Kiçik uşaqlarımız…Qonşuluq…Dostluq…Dəstək…Təsəlli…Tövsiyyə…
Və sonra həyatın bizi gətirib çıxardığı bu müdrik yaşın zirvəsi.
İnsan bəzən anlayır ki, illər keçmir, əslində illər insanın daxilində xatirəyə çevrilir.
Bəzi dostluqlar da belədir. Onları hər gün yaşamaq lazım deyil.
Onların mövcud olduğunu bilmək kifayətdir. Çünki həqiqi dostluq məsafə tanımır, zaman tanımır, yaş tanımır.
Alimin ömrü rəqəmlərlə ölçüləndə…
İslam Mustafayevin elmi fəaliyyətinin miqyası kifayət qədər böyükdür. 400-dən çox elmi əsər, 10-dan çox kitab, 200-dən çox xarici nəşr, 50-dən artıq beynəlxalq layihə, müəlliflik şəhadətnamələri və patentlər, namizədlik və doktorluq dissertasiyalarına uğurlu rəhbərlik, professor elmi adı, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilməsi – bunlar bir alimin elmi bioqrafiyasının mühüm göstəriciləridir.
Lakin rəqəmlər elmi fəaliyyətin yalnız görünən tərəfini göstərir. Rəqəmlərin arxasında laboratoriyalarda keçirilən uzun illər, gecələrə qədər davam edən tədqiqatlar, eksperimentlər, uğursuz nəticələrdən sonra yenidən başlanılan araşdırmalar, gənc tədqiqatçıların yetişdirilməsi və elmi ideyanın praktik nəticəyə çevrilməsi üçün göstərilən böyük zəhmət dayanır.
İslam müəllimin elmi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də onun multidissiplinar düşüncə tərzidir.
Radiasiya problemləri, neft və neft məhsullarının radiasiya-kimyası, ekologiya, enerji, hidrogen energetikası, ətraf mühitin çirklənməsi, radiasiya təhlükəsizliyi, radioekoloji monitorinq – bunlar bir-birindən ayrı görünən, əslində isə müasir elmin inteqrasiya məntiqində bir-birini tamamlayan istiqamətlərdir.
Onun uzun illər rəhbərlik etdiyi institutda kimyaçıların, fiziklərin və bioloqların birgə fəaliyyət göstərməsi də məhz bu yanaşmanın institusional ifadəsidir.
Elmi yaradıcılığın arxasında dayanan böyük zəhmət
İslam müəllimin elmi irsində xüsusilə neft, radiasiya, enerji və ekologiyanın kəsişməsində aparılmış tədqiqatlar diqqəti cəlb edir. Neftin çıxarılması, hazırlanması, nəqli və emalı zamanı atmosferə atılan zərərli tullantıların qiymətləndirilməsi; metan emissiyalarının atmosfer proseslərinə təsirinin öyrənilməsi; üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin kinetik modellərinin işlənməsi; suda karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması; üzvi yanacaqların kükürdsüzləşdirilməsi; neftin ətraf mühitdə deqradasiyası və politsiklik aromatik karbohidrogenlərin transformasiyası kimi istiqamətlər onun elmi tədqiqatlarının geniş spektrini göstərir. Bu tədqiqatların bir xüsusiyyəti daha çox əhəmiyyətlidir:
Elm yalnız nəzəri bilik yaratmaq üçün deyil, real problemlərin həlli üçün də istifadə olunmalıdır.
İslam müəllimin elmi fəaliyyətində bu prinsip açıq şəkildə hiss olunur.
Radiasiya elmindən yaşıl gələcəyə
İslam Mustafayevin elmi fəaliyyətinin müasir dövr üçün xüsusilə aktual istiqamətlərindən biri enerji və ekologiya problemləridir. Onun müsahibələrində hidrogen energetikası, yaşıl hidrogen, bərpa olunan enerji mənbələri və ekoloji təhlükəsizlik məsələləri barədə fikirləri də bunu göstərir.
Radiasiya Problemləri İnstitutunda hidrogen energetikası üzrə uzunmüddətli tədqiqatların aparılması bu sahədə toplanmış elmi təcrübənin gələcəkdə ölkənin enerji transformasiyasında istifadə edilə biləcəyini vurğulayır. Bu gün “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “karbonsuzlaşma”, “enerji keçidi” kimi anlayışların qlobal elmi və iqtisadi gündəmin mərkəzinə çıxması həmin istiqamətlərin vaxtilə aparılmış tədqiqatlarının uzaqgörənliyini bir daha göstərir.
Qarabağ və Şərqi Zəngəzur: elm real həyatın xidmətində
İslam müəllimin işğaldan azad edilmiş ərazilərlə bağlı apardığı tədqiqatlar da elmin cəmiyyət qarşısındakı məsuliyyətinin konkret nümunələrindəndir. Həmin ərazilərə ekspedisiyaları, ekoloji və radiasiya monitorinqləri, radioaktiv mənbələrin aşkar edilməsi, Oxçuçayın çirklənməsinin araşdırılması və əldə edilən nəticələrin aidiyyəti qurumlara təqdim olunması Onun elmi fəaliyyətinin praktiki əhəmiyyətini nümayiş etdirir.
Daha maraqlısı isə elmi nəticələrin rəqəmsal informasiya infrastrukturuna çevrilməsi istiqamətində görülən işlərdir. Radiasiya təhlükəsizliyi üzrə elektron verilənlər bazasının yaradılması ideyası göstərir ki, müasir elmdə məlumat yalnız toplanmamalı, rəqəmsallaşdırılmalı, sistemləşdirilməli, inteqrasiya edilməli və qərar qəbuletmədə istifadə olunmalıdır. Bu yanaşma elm, informasiya texnologiyaları və idarəetmənin inteqrasiyasının mühüm nümunəsidir.
Universitet təhsili təşkilatçısı və bacarıqlı pedaqoq-professor
Professor İslam Mustafayevin çoxşaxəli fəaliyyətində elmi yaradıcılıq və elmi təşkilatçılıqla yanaşı, təhsil və pedaqoji fəaliyyət də xüsusi yer tutur. Onun son on illiklərdəki təhsil sferasındakı fəaliyyəti müntəzəm və davamlı olmuşdur. O, 2009-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professoru, 2016-cı ildən isə həmin kafedranın müdiridir. Bu fəaliyyət onun elmi potensialının ali təhsil sistemində tətbiqinə, mütəxəssis hazırlığına və gənc nəslin formalaşmasına verdiyi töhfələrin mühüm göstəricisidir.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi müasir cəmiyyətin ən mühüm problemlərindəndir. İnsan həyatının qorunması, təhlükəsiz yaşayış və əmək şəraitinin yaradılması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin işlənməsi həm fundamental elmi biliklər, həm də praktik təcrübə tələb edir. Belə bir müasir istiqamətdə uzun illər ərzində kafedraya rəhbərlik etmək, tədrisin elmi-metodiki əsaslarını inkişaf etdirmək və gələcək mütəxəssislərin hazırlanmasına töhfə vermək xüsusi məsuliyyət tələb edir. Bu, həm də onun elmi bacarığına, mahir pedaqoqluğuna, təhsil təşkilatçılığına Universitet rəhbərliyinin verdiyi dəyərdir, göstərdiyi hörmətdir.
İslam müəllimin təhsil sahəsindəki yorulmaz fəaliyyəti onun dərsliklərində, elmi əsərlərində, metodik vəsaitlərində və tədris prosesinin təşkilində öz əksini tapır. Uzun illər ərzində qazandığı elmi təcrübəni pedaqoji fəaliyyətlə əlaqələndirməsi, nəzəri bilikləri praktik yanaşmalarla uzlaşdırması onun professor kimi fəaliyyətinin mühüm xüsusiyyətlərindəndir.
Mən həmişə hesab etmişəm ki, alimin böyüklüyünün əsas göstəricilərindən biri də öz bilik və təcrübəsini gələcək nəsillərə ötürmək bacarığıdır. Elmi əsər yazmaq, tədqiqat aparmaq, elmi quruma rəhbərlik etmək mühüm nailiyyətlərdir. Lakin auditoriyada tələbəyə bilik vermək, onda müstəqil düşünmək, araşdırmaq, öyrənmək və yaratmaq həvəsi formalaşdırmaq da heç də az əhəmiyyət daşımır.
İslam müəllimin həyat yolunda elmi yaradıcılıq, elmi təşkilatçılıq və pedaqoji fəaliyyət bir-birini tamamlayır. O, yalnız elmi nəticələr əldə edən alim deyil, həm də öz biliklərini yeni nəslə ötürməyi, təhsil prosesinin inkişafına töhfə verməyi, bir sözlə İslam Mustafayev məktəbi yaratmağı öz fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edən tanınmış bacarıqlı təhsil təşkilatçısıdır.
Dövlət tərəfindən verilən qiymət
İslam Mustafayevin 75 illik yubileyi ərəfəsində onun elmi xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsini də xüsusi qeyd etmək lazımdır. 5 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə professor İslam İsrafil oğlu Mustafayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
Maraqlıdır ki, həmin ordenlə mən də eyni gündə təltif olunmuşdum. Bu fakt bizim həyatımızın başqa bir qəribə və mənalı paralelidir.
Bir vaxtlar qonşu idik. Sonra dost olduq.
Ailələrimiz yaxınlaşdı.
Eyni elmi sistemdə çalışdıq. Elmi dərəcələr aldıq.
Övladlarımız böyüdü. Nəvələrimiz dünyaya gəldi.
Və illər sonra eyni gündə dövlətimizin yüksək mükafatlarından biri ilə təltif olunduq.
Həyatın belə təsadüfləri insanın yaddaşında ayrıca yer tutur.
Dostlarına diqqəti, qayğısı və insanlarla mehriban ünsiyyəti
İslam müəllimin şəxsiyyətində mənim həmişə xüsusi diqqətimi çəkən cəhətlərdən biri də dostlarına münasibəti, insanlara göstərdiyi diqqət və qayğı, mehribanlığı və ünsiyyət bacarığıdır.O, dostluğa yalnız xoş günlərin münasibəti kimi baxan insanlardan deyil. Dostunun sevincinə şərik olmaq, çətin və kədərli günlərində yanında olmaq, onun xatirəsini yaşatmaq və dostluq münasibətlərinə sədaqətlə yanaşmaq onun xarakterinin mühüm xüsusiyyətlərindəndir.
Bu keyfiyyətləri mən müxtəlif vaxtlarda, bir çox konkret hadisələrdə müşahidə etmişəm.Xüsusən bir neçə il əvvəl yaxın iqtisadçı alim dostumuz Xosrov müəllimin vəfatı zamanı İslam müəllimin kədəri, üzüntüsü, prosesdə göstərdiyi diqqət və fəallıq, mərasimdəki iştirakı, mərhumun xatirəsinə sonrakı illərdə ehtiramla yanaşması, onun haqqında söylədiyi fikirlər və söhbətlər yaddaşımda xüsusi iz buraxıb. Həmin günlərdə onun davranışında dost itkisini adi bir hadisə kimi deyil, illərin sınağından çıxmış mənəvi bağlılığın ağrılı itkisi kimi yaşayan insanın həssaslığını görmək mümkün idi.
Bu yaxınlarda isə dostu, həmkarı professor Müslüm müəllimin vəfatı ilə bağlı İslam müəllimin keçirdiyi kədər, paylaşdığı status da həmin insani keyfiyyətlərin başqa bir təzahürü oldu. Birlikdə çalışdığın, söhbət etdiyin, fikir bölüşdüyün, illərlə eyni elmi mühiti paylaşdığın insanların həyatdan getməsi, təbii ki, hər bir insana təsir edir. Ancaq bəzi insanlar bu itkiləri daha dərindən yaşayır, öz münasibətləri və davranışları ilə mərhuma olan ehtiramlarını ifadə edirlər. İslam müəllimin bu hadisəyə münasibətində də mən məhz belə bir səmimiyyət gördüm. Belə hadisələri saymaqla qurtarmaq olmaz…
Bir də AMEA-nın bağında dostlarla gündəlik görüşlərimiz var. İllərdir davam edən bu ənənə, demək olar ki, bizim elmi və dostluq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Müxtəlif yaşlarda, müxtəlif elmi sahələrdə çalışan insanların bir araya gəlməsi, birlikdə gəzməsi, söhbət etməsi, gündəlik hadisələri müzakirə etməsi, keçmiş xatirələri yada salması… Bunlar zahirən adi görünə bilər. Əslində isə insanın sosial həyatını, mənəvi bağlılıqlarını və dostluq münasibətlərini yaşadan çox qiymətli məqamlardır. İslam müəllim belə görüşlərdə özünəməxsus mehribanlığı, səmimiyyəti və insanlara münasibəti ilə seçilir. O, söhbət etməyi, dinləməyi, fikir bölüşməyi, dostların halı ilə maraqlanmağı bacarır. Bu görüşlərdə təkcə elmdən, institutlardan, vəzifələrdən danışılmır. Həyatdan, ailədən, övladlardan, keçmişdən, itirdiyimiz insanlardan, bəzən də gələcək planlarımızdan söhbət açılır.
Mənim üçün bu gündəlik görüşlərin başqa bir mənası da var. Onlar bir daha göstərir ki, insan həyatı yalnız peşəkar fəaliyyət, elmi nailiyyətlər və ictimai mövqe ilə ölçülmür. Dostluq, ünsiyyət, qarşılıqlı diqqət, qayğı və mənəvi yaxınlıq da insan ömrünün ən qiymətli sərvətlərindəndir.
Bəlkə də insanın müdrik yaşlarında qazandığı ən böyük mənəvi zənginliklərdən biri elə budur: illər keçdikcə ətrafında səmimi münasibətləri qoruyub saxlamaq, dostlarının sevincinə sevinmək, kədərinə şərik olmaq, onların yoxluğunu hiss etmək və birlikdə keçən günlərin qiymətini bilmək.
İslam müəllimin 75 illik ömür yoluna nəzər salanda mən onun şəxsiyyətində alimliyi, pedaqoqluğu, təşkilatçılığı və dostluğu bir-birindən ayrılmaz keyfiyyətlər kimi görürəm. Bunlar onun həyatının ayrı-ayrı səhifələri deyil, bütöv bir ziyalı portretinin bir-birini tamamlayan cizgiləridir.
Alimdən daha böyük olan – ziyalı insan
Mən İslam müəllim haqqında yazarkən onun alimliyindən çox danışa bilərəm. Çünki bunun üçün kifayət qədər fakt var. Amma dost kimi mənim üçün daha vacib olan başqa bir məqam var:
İslam müəllim elmi titullarından əvvəl böyük ziyalı insandır.
Onun insan kimi dəyəri mənim üçün illər ərzində dəfələrlə sınaqdan keçib.
Mən onun oğluna yazdığı ad günü təbrikini də yaxşı xatırlayıram. Orada bir ata öz övladını sadəcə təbrik etmirdi. Əslində öz həyat fəlsəfəsini ifadə edirdi: insanın öz gücünə arxalanması, yaltaqlıqdan və riyakarlıqdan uzaq olması, haqqı tapdalamaması, layiq olanı dəstəkləməsi, öz yolunu özü qurması…
Mən həmin mətni İslam müəllimə də demişdim ki, çox xoşuma gəlib.
Çünki orada bir alimin deyil, bir atanın mənəvi portreti görünürdü. İnsan öz övladına hansı dəyərləri ötürmək istəyirsə, əslində özü haqqında da çox şey söyləmiş olur.
75 yaş – yekun deyil, yeni mərhələnin başlanğıcıdır
75 yaş insan ömründə sadəcə böyük rəqəm deyil.
Bu yaş insanın keçdiyi yola dönüb baxdığı, gördüyü işləri, yetişdirdiyi insanları, qazandığı dostları, ailəsini, övladlarını və nəvələrini düşündüyü bir müdriklik mərhələsidir.
İslam müəllimin həyatında isə bu 75 ilin mənzərəsi xüsusilə zəngindir.
Alim. Professor. AMEA-nın müxbir üzvü.
İnstitut rəhbəri. Pedaqoq. Tədqiqatçı.
Beynəlxalq layihələrin iştirakçısı və eksperti.
Ekoloji problemlərin araşdırıcısı.
Enerji və radiasiya məsələləri üzrə tanınmış mütəxəssis.
Və bütün bunların fövqündə – ata, baba, dost.
Onun ailə həyatının davamı olan övladlarının və nəvələrinin – ikinci İslam Mustafayevinuğurları da bu mənəvi irsin başqa bir tərəfidir. Böyük oğlu Kənanın politologiya üzrə fəlsəfə doktoru olması və diplomatik fəaliyyətdə çalışması, digər oğlu İlqarın biznes sahəsində fəaliyyət göstərməsi və yeddi nəvəsinin,…nəticəsinin, … olması İslam müəllimin həyatının elmdən kənar, lakin onun üçün ən qiymətli səhifələrindəndir.
Əziz İslam müəllim!
75 il…Bu rəqəmin içində bir insan ömrü var. Bir kənd uşağının böyük elm dünyasına doğru gedən yolu var.
Laboratoriyalar var. Kitablar var. Məqalələr var. Elmi axtarışlar var.
Müxtəlif ölkələr var.Beynəlxalq layihələr var.
İnstitut rəhbərliyi var. Dövlət təltifləri var.
Amma bütün bunların arasında mənim üçün daha qiymətli bir xətt də var: Dostluq xətti.
1980-ci illərdən bu günə qədər gəlib çıxan dostluq…
Bir-birimizin ailələrini tanıdığımız, övladlarımızın böyüməsini gördüyümüz, yaxşı və çətin günləri paylaşdığımız, eyni elmi mühitdə çalışdığımız, zaman-zaman bir-birimizə mənəvi dayaq olduğumuz illər…
İllər bizi dəyişdi. Amma dostluğumuzu dəyişmədi.
Bəlkə də insan ömrünün ən böyük uğurlarından biri elə budur.
Əziz İslam müəllim!
Sizin ömrünüz Azərbaycan elminin şərəfli səhifələrindən biridir. Siz elmə öz əməyinizlə, tədqiqatlarınızla, elmi təşkilatçılığınızla, yetirdiyiniz insanlarla xidmət etmisiniz.
Amma bizim dostluğumuzun şahidi olan illər başqa bir həqiqəti də göstərir:
Böyük alim olmaqla yanaşı, böyük insan olaraq qalmaq daha böyük məsələdir. Siz bunu bacarmısınız.
75 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, ailə səadəti, övladlarınızın və nəvələrinizin xoş günlərini görmək, elmi yaradıcılığınızda yeni uğurlar, yeni ideyalar və yeni tədqiqatlar arzulayıram.
Qələminiz yorulmasın.
Düşüncəniz aydın olsun.
Elmi axtarışlarınız davam etsin.
Dostlarınız həmişə ətrafınızda olsun.
Qətibə xanımla birlikdə ailə səadətiniz daimi olsun.
Övladlarınızla, nəvələrinizlə qürur duyacağınız hələ çox illəriniz qarşıdadır.
75 illik yubileyiniz mübarək olsun, əziz İslam müəllim!
80, 90, 100 illik yubileylərinizi də birlikdə qeyd etmək arzusu ilə!
Çox yaşayın. Sağlam yaşayın.
Dostlarınızla, ailənizlə, elm, təhsil və həyat yolunuzun qazandırdığı mənəvi sərvətlərlə birlikdə yaşayın!
Doğum gününüz və 75 illik yubileyiniz mübarək olsun, əziz dostumuz, hörmətli İslam müəllim!
Dostlar adindan – Sizə daimi dərin hörmət və səmimi ehtiramla:
Əlövsət Qaraca Əliyev,
professor





