18 Noyabr 2025 / 10:24

Ə Z I Z I M: Vahid Əziz – 80

Ə Z I Z I M
Vahid Əziz – 80
Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm, vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzularım nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı,
Yaşamağım göz yaşıdı, haraydı,
Göz yaşında üzmək olmur, əzizim.
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim.
Heç bilməzdim daşım belə ağırdı,
Bəxtim belə biçarədi, fağırdı,
Gedəcəyəm, göylər məni çağırdı,
Daha yerdə gəzmək olmur, əzizim
(“Təzadlar”ın təqdimatında)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!