Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılır.
Tezadlar.az Xidmətə istinadən xəbər verir ki, qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunub. Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib.
Bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.
Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib.
Hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdırlır.
Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib edilərək, cərimə tətbiq olunub.
Xatırladaq ki, ötən gün Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi. Məsələ sosial şəbəkələrdə də müzakirəyə yol açmış və haqlı narazılığa səbəb olmuşdu.














