19 Noyabr 2025 / 14:56

Mədəniyyət Nazirliyində araşdırmalara başlanıldı-İTV-NİN SUJETİ VAR

Azərbaycan Mədəniyyət Nazirliyinin başı üzərində qara buludlar dolaşmaqdadır. Məsələ ondadır ki, bu “qara bulud”ların mənbəyi və mənşəyi elə nazirliyin özünə bağlıdır. “Təzadlar” nazirlikdə və ətrafında yaşanan qalmaqallarla bağlı faktlara söykənərək şikayətçilərin mövqelərini dərc edib. Bu dəfə şikayətlər daha fərqlidir, həm də əsaslıdır. Belə ki, bir çox incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə qeyri-şəffaf seçim mexanizminin olması, tanışların bu mötəbər siyahılara salınması və s. kimi məsələlər artıq pik həddə çatıb. Bu barədə elektron mediada yetərincəbəhs edilməkdədir. Bu dəfə məsələyə, daha doğrusu, qalmaqala İctimai televiziya da qoşuldu. Məlum olur ki, uzun illərdir dövlət tədbirlərinə dəvətdə eyni sifətlər təmsil olunur. Etirazçılardan biri də Təranə Mahmudovadır. O, İTV kamerasına deyir ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır.Sitat: “Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm… Buna nə ad vermək olar, nədir bizim günahımız?”.
Tanınmış kamança ifaçısı Şəhriyar Musayev də şikayətçidir.  Deyir: “Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər söhbətə dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı… Niyə???”.

Mədəniyyət Nazirliyindən isə İTV əməkdaşına bildirilib ki, deyilən iddialarla bağlı araşdırmalar aparılır.

Xüsusi olaraq müstəqil elektron mediaya(saytlara və sosial media subyektlərinə) təşəkkür düşür ki, bu məsələni gündəmə gətirdilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!