…Bir vaxtkar Binəqədidəki üzlüyü penoplastrla bəzədilmiş binada onlarla insan yandı, qanı batdı… Göydələni tikib satan indi azadlıqda öz kefindədir. Halbuki FHN bina yanıb insanlar öləndən sonra hadisə yerinə gəlirsə, gəlməsə yaxşıdır. Axı indi məlum olur ki, Yasamalda üç gün əvvəl yanan binanın zirzəmisindəki alışıb yanma təhlükəsini FHN- nə on dəfə şikayət edib deyiblər, amma obyektin sahibi “bahalı adam” olduğundan şikayətlər eşidilməz olub.
Bəli, Azərbaycanda bir çox faciələr insanların səsi vaxtında eşidilmədiyi üçün baş verir… “Yasamalda yanan binada olduğu kimi… Binanın komendantı – faciəli şəkildə həlak olan Samir Məhəmmədov aylarla dövlət qurumlarına, məhkəmələrə ayaq döyür, binadakı obyektlərin qanunsuz fəaliyyət göstərdiyini, yanğın təhlükəsi olduğunu deyirdi, fəqət səsi eşidilmirdi. O, bizə də müraciət etmişdi, sənədlər göndərmişdi, təəssüf ki, biz məsələni araşdırana, qarşı tərəfləri tapana qədər bu faciə baş verdi…
Bu nə birinci belə faciə deyil, nə də axırıncı… Binəqədidə hazırda “Yanan bina” adlandırılan binadakı faciəni, Fəvvarələr Meydanı yaxınlığında “Location” gecə klubununda baş verənləri yəqin ki, xatırlayırsız. Bütün bu hadisələr göstərir ki, yaşayış binalarında iaşə və digər obyektlərin açılmasına icazə verilməsi ya tam qadağan olunmalı, ya da sərtləşdirilməlidir… Gələcək faciələrin qarşısını almaq üçün bu, çox vacibdir…”.
Bu sözlər Zahid Nurəliyev adlı sosial media istifadəçisinin ürək ağrılarıdır.
Sual verilir: FHN rəsmiləri binalara ilkin baxışdan əlavə, edilən şikayətlərə uyğun yerində fakt üzrə nəzarət etməli deyil? FHN rəhbərliyi və aidiyyəti rəsmiləri Bakıda tikilən göydələnlərin yanğın təhlükəsizliyinə qətiyyən cavab verməyən binalar arası məsafənin olmadığını görmürlər? Yüz dəfə deyilir, yazılır, şikayət olunur, amma nə fayda??? Fövqəladə hallarda köməyə çata bilməyən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi bunu niyə nəzərə almır? Nədir mane olan???
A.Məmmədli