25 Noyabr 2025 / 23:20

Azər Allahverənov TDT QHT Platformasının sədri seçildi

Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma təsis olunub.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov Tezadlar.az-ın yerli bürosuna açıqlamasında bildirib.

“Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma təsis olundu. 2009-cu ildə Naxçıvanda türk dünyasının tarixində yeni bir səhifə yazıldısa, 2025-ci il noyabrın 25-də də burada yenidən tarixi hadisə baş verir. Türk Dövlətləri Təşkilatının vətəndaş toplumlarını yüksəldəcək vacib bir platforma yaradıldı. TDT çərçivəsində mövcud olan 34 platformanın sırasına bu gündən etibarən 35-ci platforma da daxil edildi. Təşkilata üzv və müşahidəçi statusunda olan 8 ölkə bu təşəbbüsü dəstəklədi”, – o bildirib.

Qeyd edək ki, bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması rəsmən təsis olunub. Forumun qərarına əsasən, Platformanın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!