26 Noyabr 2025 / 08:49

“Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək və…”

“Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək…”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin “Axios” portalına müsahibəsində bildirib. Sitat: “Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik”. Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.

ABŞ-nin ilkin planı Kiyevin alyansa üzvlüyü və NATO qoşunlarının ərazidə mövcudluğunu istisna edir, bunun müqabilində təhlükəsizlik zəmanətləri almasını nəzərdə tuturdu.

Zəruri qeyd:  Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və “Böyük səkkizlik” (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.

Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!