3 Dekabr 2025 / 12:18

Natiq Qasımova həsr edilmiş sənədli film nümayiş etdirilib…

2 dekabr 2025-ci il tarixində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Natiq Qasımovun igidlik salnaməsindən bəhs edən “Oğul” filmi nümayiş etdirilib. Tezadlar.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq hörmət və ehtiramını bildiriblər.
Daha sonra Mərkəzin foyesində Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik duyğularının möhkəmləndirilməsi, milli kimlik ruhunun formalaşdırılması və gənc nəslə qəhrəman Natiq Qasımovun igidliyinin tanıdılması olub.Tədbirin açılışını Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova edib. O, Natiq Qasımov kimi qəhrəmanların həyat yolunun məktəblilər üçün əsl vətənpərvərlik dərsi olduğunu qeyd edib.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamının əhəmiyyətindən bəhs edərək, Azərbaycanın qəhrəman övladlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin gənclərə nümunə olduğunu bildirib.
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, YAP Mingəçevir Şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov və qəhrəmanın döyüş yoldaşı Zahid Kərimov Natiq Qasımovun keçdiyi şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqdan söz açaraq onun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğuladılar.
Çıxışlardan sonra qəhrəmanın həyatına həsr olunmuş “Oğul” filmi nümayiş etdirilib. Film iştirakçılarda böyük emosional təsir yaradıb və qəhrəmanın Vətən uğrunda fədakarlığı bir daha vurğulanıb.  Tədbirdə Mingəçevir şəhərinin ictimaiyyət nümayəndələri, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, MDU-nun rektoru Anar Eminov, ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, həmin müəssisələrdə çalışan şəhid ailələrinin üzvləri, məktəb psixoloqları, çağırışaqədərki hazırlıq müəllimləri və məktəblilər iştirak ediblər. Tədbirin sonunda iştirakçılar Milli Qəhrəman Natiq Qasımovun xatirəsini ehtiramla yad edərək onun igidlik salnaməsinin gənc nəslin yaddaşında daim yaşayacağını bildiriblər.
ELBAR
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!