4 Dekabr 2025 / 13:19

MİDA niyə güzəştli mənzillərin onlayn satışı ilə bağlı açıqlama verməyib? – Ekspert

Maraqlıdır ki, MİDA ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı indiyədək heç bir rəsmi açıqlama verməyib. Saytında və sosial resurslarında bu haqda heç bir rəsmi açıqlama yerləşdirilməyib.
Tezadlar.az xəbər verir ki, bunu  Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  sosial media hesabında bildirib.
O, vurğulayıb ki, ilk dəfədir ki, belə hal müşahidə olunur.
“Əvvəllər MİDA satış keçirilən gün ilkin məlumatları açıqlayırdı.
Xatırladıram ki, çoxsaylı istifadəçilər ötən gün keçirilən satış prosesində xeyli çatışmazlıqların, xüsusən də texniki problemlərin, satış başlayan an sistemin ani olaraq çökməsinin, sistemdə onlayn satış prosesini icra etməyin mümkün olmadığını bildiriliblər.
Əvvəlki satışlarda adətən sistemdə prosesi icra etdikdən sonra mənzillərin əldə edilməsinin mümkün olmadığı bildirilirdisə, bu dəfə ümumiyyətlə seçim prosesini icra etməyin mümkün olmadığı bildirilib.
Ümid edirəm MİDA və aidiyyətı qurumlar baş verənlərə aydınlıq gətirəcəklər”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən gündən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin  satışı üzrə elan olunmuş seçmə mərhələsi artıq başlayıb.Üümumilikdə 627 mənzil üçün seçim prosesi aparılır.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 09 dekabr 2025-ci il tarixində başlayacaq və 12 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Xatırladaq ki, daha əvvəl  Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!