30 Mart 2019 / 11:33

Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz…-5

Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz…-5

Tarix: 15/1/2015

“Təzadlar” 10 il əvvəl baş vermiş məlum qalmaqallı hadisələrin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib…

 

FİKRƏT YUSİFOV: “…Mən bir də təkrar edirəm, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi 100 min dollardan qalmış 50 min dollar, bir də Fikrət Sadıqovun göndərdiyi 10 min dollar pul mənim evimdə axtarış zamanı çıxdı…”
Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bir çox məşhurlar, o cümlədən iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, YAP-ın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev (ötən il yenidən həbs edildi), “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev və Nəsimi RPİ-nin rəis müavini İlqar Rəhimzadə həbs olundular… Məlum həbsləri Milli Təhlükəsizlik Nazirliyi həyata keçirmişdi. Nəhayət, bu həbslərin ardınca Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri birgə rəsmi məlumat yaymışdı///… 2005-ci ilin noyabrın 1-də isə məlum dövləti cinayətlə əlaqədar olaraq AzTV-də Respublika Baş Prokurorluğunun, Milli təhlükəsizlik və Daxili işlər nazirliklərinin məlumatı əsasında hazırlanmış xüsusi buraxılış efirə verilmişdir. “Təzadlar” həmin verilişin mətnini oxuculara təqdim edir:
(Əvvəli ötən saylarda) 

FİKRƏT YUSİFOV:
-Mən bir də təkrar edirəm, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi 100 min dollardan qalmış 50 min dollar, bir də Fikrət Sadıqovun göndərdiyi 10 min dollar pul mənim evimdə axtarış zamanı çıxdı və müsadirə olundu. Mən təxminən saat doqquzun yarısında həbs olunmuşam. Mən saat 7 radələrində, uşaqlarımla şam yeməyinə getməmişdən öncə, Rəsul Quliyevə zəng etdim ki, bilmək istəyirəm, mən pulların taleyini nə edim. Ona telefon açdım ki, mənə zəng et. Özü mənə zəng etdi. Dedim ki, məndə bu qədər pul qalıb. İşarə etdim ki, Fərhad Əliyevin verdiyi 100 min avro, Əli İnsanovun verdiyi puldan qalan 50 min dollardır, 10 min də Fikrət Sadıqov göndəribdir, bunları nə edim? Dedi ki, sabah saat 11-ə qədər saxla, yəni oktyabrın 17-si, onun gəldiyi gün, danışmaq imkanına malik olacağam, sənə deyərəm ki, kimə verərsən… Onsuz da indiyə qədər nə verilmişdisə, hamısını Eldar Salayevə vermişdim…
MÜSTƏNTİQ:
– Eldar Salayevə nə qədər pul və hansı vaxtlarda vermisiniz?
FİKRƏT YUSİFOV:
-Mən hesabladım, təxminən 2001-ci ildən son günə qədər Rəsul Quliyevin xahişləri ilə Eldar Salayevə, haradasa, 310 min dollar pul verilibdir.
MüSTƏNTİQ:
-Verilib, ya vermisiniz?
FİKRƏT YUSİFOV:
-Verilibdir, yəni Rəsul Quliyev kimlərə xahiş edib, deyib ki, get filankəsdən al, almışam, gətirmişəm, Eldar Salayevə vermişəm.
MüSTƏNTİQ:
-Yəni pulu siz vermisiniz?
FİKRƏT YUSİFOV:
-Bəli.
(APARICI (AzTV): Radikal müxalifət qəzetləri böyük canfəşanlıqla iddia edirlər ki, guya sabiq maliyyə naziri Fikrət Yusifov bu hadisələrlə bağlı ifadələri ciddi təzyiq və işgəncələr altında vermişdir. Lakin Fikrət Yusifov bütün bunlarla razılaşmır).
MÜSTƏNTİQ:
-Bugünkü günə qədər siz dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq idarəsində ifadələr vermisiniz. Hər hansı bir ifadə verən zaman, ya ondan əvvəl sizə təzyiqlər olubmu, hər hansı işgəncə verilibmi, istintaqa hər hansı bir təsir altındamı ifadə vermisiniz?
FİKRƏT YUSİFOV:
-Xeyr. Mən dərhal cavab verirəm ki, mənə heç bir təsir, təzyiq olmayıbdır.
(APARICI (AzTV): 2005-ci il oktyabrın 30-da Əli İnsanov ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək, törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Bu müraciətdə Əli İnsanov ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, o cümlədən bağ evlərində Fikrət Yusifovla görüşdüyünü, bəzən həmin görüşlərdə Akif Muradverdiyevin də iştirak etdiyini göstərmişdir. Əli İnsanov Rəsul Quliyevə onun seçki kampaniyası, qayıdışı və digər məsələlərlə bağlı maliyyə yardımları göstərdiyini qeyd etmişdir. Əli İnsanov müraciətində Rəsul Quliyev kimi avantüristə qoşulmasının əcaib, bağışlanılmaz və nifrətəlayiq hal olduğunu etiraf etmişdir. Bu kadrlara tamaşa edən, təqsiri olan digər şəxslər də dərindən düşünməlidirlər. Onsuz da bu cinayətin, demək olar ki, bütün təfərrüatı artıq istintaqa məlumdur. Nə qədər ki, gec deyil, təqsirkar şəxslər özləri könüllü gəlib, müraciət edərək istintaqa ifadə versinlər).
“Təzadlar”ın Araşdırma Qrupu

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!