JURNALİST HƏYƏCAN TƏBİLİ ÇALDI: «GƏLİN, FUAD ABBASOVA DƏSTƏK OLAQ!»
Tarix: 22/2/2019
Asif Mərzili: «Moskvadakı jurnalist həmkarımız Fuad Abbasovu ermənilərin təzyiq və təhdidlərindən qorumasaq…»
Xəbər verdiyimiz kimi, ötən həftə məlum qarşıdurma ilə əlaqədar Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan tərəfdən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak ediblər. Prezident otelində baş tutan görüşə çağırılmamış qonaq kimi Rusiyada müəmmalı fəaliyyəti ilə tanınan Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov təşrif buyurmuşdur. O və onun tərəfdaşları həmin məkandan dərhal uzaqlaşdırılmışdır. Ermənilərlə yaxın qohumluq və dostluq əlaqələri, eləcə də düşmən ölkənin nümayəndələri ilə iş birliyində olan A.Kərimovun qeyd edilən tədbirdə iştirakına imkan verməyənlərdən biri də tanınmış jurnalist, Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov olmuşdur. Lakin həmin hadisədən sonra Fuad Abbasova qarşı ermənilərin total hücumları və hədələri başlamışdır. «Təzadlar»ın Moskvadakı mənbələrinin və diaspor fəallarımızın verdiyi məlumata görə, təəssüflər olsun ki, Fuad Abbasov bu təzyiq və hədələrə qarşı təkbaşınadır, vətənpərvər jurnalist həmkarımıza Moskvada yaşayan nüfuzlu şəxslərimizin lazımi dəstəyi yoxdur.
«Təzadlar»ın baş redaktoru Asif Mərzili Fuad Abbasovla bağlı həmkarlarına həyəcan dolu müraciət edərək onları Fuad Abbasovun müdafiəsində fəal olmağa, Azərbaycanın Rusiyadakı nüfuzlu diaspor təşkilatlarını jurnalistə hərtərəfli dəstək verməyə çağırmışdır. Baş redaktorun bəyanat xarakterli müraciətində deyilir:
– Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, çox hörmətli cənab Fuad Muradov!
Azərbaycan Mətbuat Şurasının hörmətli rəhbərliyi və İdarə Heyətinin üzvləri!
Əziz jurnalist həmkarlarım!
Rusiyada fəaliyyət göstərən dəyərli diaspor rəhbərləri!
Tanınmış reportyor və jurnalist Fuad Abbasovu xeyli müddətdir tanıyıram. Onunla sonuncu görüşümüz Rusiya Vəkillər Gildiyasının vitse-Prezidenti, professor Valeh Abbasovun təşəbbüsü ilə Başqırdıstanda Azərbaycan Cümhuriyyətinin 100 illiyi və görkəmli dövlət xadimi Heydər Əliyevin ad gününə həsr olunmuş elmi konfransda, bundan iki ay sonra isə Moskvada Dünya Azərbaycanlıları İntellektualların 3-cü Forumunda olmuşdur. Fuad Abbasovun Azərbaycanın haqq səsinin dünyaya və eləcə də Rusiya ərazisində ən yüksək səviyyədə ictimaiyyətə çatdırılmasındakı fəaliyyətini görəndə qürur hissi keçirdim. Onun canlı efir bağlantısında Rusiyada yaşayan ermənilərlə necə əzmkarlıqla müzakirələr apardığının, intellektual cavabları ilə onları necə susdurduğunun, Qarabağ həqiqətlərini, eləcə də ermənilərin 1830-1870-ci illərdə İran və Türkiyə ərazilərindən Qarabağa süni köçürülmələrini və s. tarixi həqiqətləri efirdən hansı səviyyədə sübutladığının canlı şahidiyəm.
Fuad Abbasov güman edirəm, Rusiya ərazisində yeganə jurnalistdir ki, məhz vətənpərvərliyinə sığınaraq, qeyrətinə və Azərbaycan istəklərinə bütün varlığı ilə bağlanaraq, siyasi mühiti bizim üçün həmişə soyuq olmuş Moskvada qaynar fəaiyyəti ilə üz ağartmaqdadır. Bilirsiniz ki, məlum süni qarşıdurma ilə bağlı da bu yaxınlarda Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Çeçenistan prezidenti Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak etmişdilər. Və ilkin araşdırmalardan da bəlli olmuşdu ki, iki qardaş xalqın arasına qan salıb qarşıdurma yaratmaq istəyi ilə təxribat törətmiş şəxs erməni olmuşdur. Prezident otelində baş tutan yüksək səviyyəli həmin görüşdə də məhz erməni təxribatı müzakirə ediləcəkdi. Bu zaman həmin görüşə, görünür məlumat toplamaq, həm də əks tərəfin müdafiəçisi qismində çıxış etmək üçün çağırılmamış qonaq- Rusiyada fəaliyyət göstərən, hələki fəaliyyətində Azərbaycan dövlətinin mənafeyinə yaxın gələn izi olmayan Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov da gəlmişdir. Məhz Fuad Abbasovun sayəsində A.Kərimov və onun tərəfdaşları həmin məkandan uzaqlaşdırılmışdır. Ermənilərlə yaxın qohumluq və dostluq əlaqələri olan, eləcə də ermənilərlə iş birliyində olan A.Kərimovun qeyd edilən tədbirdə iştirakına imkan verməyən tanınmış jurnalist, Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov isə həmin gündən bəri ermənilərin açıq təhdidləri və təzyiqləri, hədələri ilə üz-üzə qalmışdır. Bizdə olan məlumata görə, jurnalisti hətta ölümlə hədələyirlər.
Neçə illərdir ermənilərin Fuad Abbasova qarşı bu cürə basqıları davam etməkdədir. Rəsmi iş yeri olmayan, hansısa dövlət qurumundan, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsindən hansısa maddi dəstək görməyən Fuad Abbasov ailəsinə, övladlarına xərcləməli olduğu maddi vəsaitlərini Azərbaycanın haqq səsinin dünyaya çatdırılması yolunda mübarizəyə, ermənilərlə informasiya müharibəsinə sərf edir.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, çox hörmətli Fuad Muradov!
Azərbaycan Mətbuat Şurasının hörmətli rəhbərliyi və İdarə Heyətinin üzvləri!
Əziz jurnalist həmkarlarım!
Rusiyada fəaliyyət göstərən dəyərli diaspor rəhbərləri!
Gəlin, belə bir məsuliyyətli dövrdə həmkarımız, vətənpərvər gəncimiz-Azərbaycanın rusdilli peşəkar jurnalisti Fuad Abbasova hərtərəfli dəstək olaq! Sizin hər birinizi Fuad Abbasova dəstək olmağa çağırırıam!
***
Xatırladırıq ki, müraciət aidiyyəti üzrə Azərbaycan XİN-ə, Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Mətbuat Şurasına, Rusyada fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarına göndərilib.
JASMİN
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın