Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Yanvar 2026 / 11:18

Maduronun həbsi və AZAL-ın qəzaya uğrayan təyyarəsi

Maraqlıdır ki, A.Bastrıkinin təyyarə qəzası ilə bağlı baş prokuror Kamran Əliyevə göndərdiyi və qəzanı ört-basdır edən sənədin yayılmasından sonra əllərində “qara qutu” olan Qazaxıstanın istintaq qrupu hələ susur…

…2024-cü ilin dekabrın 25-də Rusiya tərəfindən Çeçenistan səmasında vurulan AZAL-a məxsus sərnişin təyyarəsinin araşdırması başa çatdı. «Pansir-S1» raketləri ilə vurulan təyyarənin gövdəsindəki dəlmə-deşiklər açıq-aşkar görünürdü. Qazaxıstanın Aktau limanının yaxınlığına özünü güc-bəla ilə çatdıran təyyarə eniş edərkən iki yerə parçalandı və 37 nəfər dünyasını dəyişdi. Vurulmuş vəziyyətdə olan təyyarənin Rusiya dispeçerləri tərəfindən Çeçenistan və Dağıstanın hava limanına məqsədli şəkildə enməsinə icazə verilməmişdi. Təyyarənin raketlə vurulması izini itirmək üçün, Rusiya tərəfi yenə də məqsədli şəkildə onu Xəzər dənizinə yönləndirmişdi.  Məqsəd məlum idi: təyyarə dənizə düşsün və bununla da raketlə vurulma izi itəcək! Amma pilotların peşəkarlığı və qəhrəmanlığı sayəsində təyyarə Aktau limanı yaxınlığında qəza enişi edə bilmişdi. Bunun da nəticəsində 37 nəfər həlak olsa da, 31 nəfər sağ qalmışdı.

Prezident cənab İlham Əliyev bu qəza ilə bağlı Rusiya dövlətinə çox kəskin etirazını bildirmişdi və günahkarların cəzalandırılmasını, rəsmi səviyyədə üzr istənilməsini, həmçinin ölənlərin ailələrinə kompensasiya verilməsini tələb etmişdi. Amma Rusiya prezidenti Vladimir Putin ilk vaxtlar qəzanın yalnız Rusiya səmasında baş verməsinə görə üzr istədi. Təbii ki, bu yetərli deyildi. İlham Əliyev tərəfindən, yuxarıda göstərdiyimiz kimi, konkret olaraq 3 tələb qoyulmuşdu. Bununla belə, Rusiya tərəfi heç cürə ipə-sapa yatmırdı.

Qazaxıstanın təyyarə qəzası ilə bağlı yaradılmış istintaq qrupu isə çox ləng hərəkət edirdi. Hətta “qara qutu”nun tapılması belə istintaqın sürətini artırmadı. Təbii ki, burada Rusiya faktoru böyük rol oynayırdı. Çünki istintaq komissiyasına Rusiya da cəlb olunmuşdu. Arada bir neçə dəfə başdansovdu informasiyalar yayıldı ki, təyyarə qəzası ilə bağlı istintaq işi çox obyektiv aparılır və yaxın müddətdə ətraflı məlumat veriləcək.

Putinin Prezident İlham Əliyevə hesabatı

Ötən ilin oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə İlham Əliyevlə V.Putin yenidən bir araya gəldilər. Burada V.Putinin ikiqat əyilərək cənab İlham Əliyevə təyyarə qəzası ilə bağlı hesabat verməsi olduqca maraqlı mənzərə idi. İlham Əliyevin şahanə duruşu, V.Putinin isə ikiqat əyilərək danışması həmin dövrdə dünya gündəmini zəbt elədi. Gəlin həmin görüş zamanı V.Putinin İlham Əliyevə hesabat xarakterli çıxışından bəzi məqamları bir daha xatırlayaq: “…İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır. Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik. İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, – əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, – raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, – bu da “qara qutular”da var, yaxşı eşidilir, – Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır. Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və “qara qutular”ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb. Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində – dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım…”

Aleksandr Bastrıkinin qəzanı basdırması

Bu görüşdn 3 ay keçəndən sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə bir sicilləmə məktub göndərib. Bu barədə hərbi ekspert Ədalət Vəliyev məlumat yayıb. Həmin məlumatdan sitat: “Orada iddia olunur ki, AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiyada enə bilməyib və eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verilib. Bu uğursuz ifadələr faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Məntiqi bir sual yaranır: Rusiya Federasiyasının İstintaq Komitəsi günahı “hava şəraitində” görürsə, daha nə deyək… Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir: AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Rusiya İstintaq Komitəsinin sədri A. Bastrıkinin imzaladığı sənədin məzmunu isə Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmişdi və “bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə” hazır olduğunu bildirmişdi. İndi belə çıxır ki, Rusiyada yenə “it yiyəsini tanımır” və ya Bastrıkin Prezident Putini tanımır və onu təkzib edir».

Burada hərbi ekspert Ədalət Verdiyevlə tam şəkildə razıyam. V.Putin oktyabrın 9-da Düşənbədə İlham Əliyevə verdiyi məlumatında qeyd edirdi ki, təyyarə raketiin parçalarından zədə alıb. A.Bastrıkin isə hadisəni ört-basdır etmək məqsədilə qeyd edir ki, qəza əlverşsiz hava şəraitində baş verib. Daha bu boyda yalan olmaz də. A.Bastrıkinin bizim Baş prokurora göndərdiyi sənəddə yazılanlar isə başdan-ayağa cəfəngiyyatdır. Onu da nəzərə alaq ki, A.Bastrikin V.Putindən xəbərsiz belə bir yalan dolu sənədi imzalayıb göndərə bilməzdi. Bəs V.Putin oktyabrın 9-da cənab İlham Əliyevə verdiyi sözləri indi niyə danır? İndi buna aydınlıq gətitməyə çalışaq.

Yanvarın 3-də Amerikanın xüsusi kəşfiyyat orqanları Venesuela prezidenti Maduranı və xanımını elə yatdığı yerdəcə hop götürüb Amerikaya aparıblar. Yəni, həbs ediblər. Bir qrup ölkələr və ekspertlər bu həbsin bütün beynəlxalq qanunların ziddinə olduğunu bildirir, digərləri isə, bu həbsin düzgün olduğu qənaətindədir. İkinci tərəf bunu onunla əsaslandırır ki, Maduro və xanımı beynəlxalq narkotika ticarətini idarə edir və bu da Amerika xalqı üçün təhlükədir. Belə bir hal beynəlxalq qanunlarda öz əksini tapıb ki, öz dövlətinə narkotik təhlükəsi hiss eləyən dövlət həmin narkotikanı yayan dövlət və onun başçısı barədə ciddi tədbirlər görə bilər. Yaxşı, bəs Maduronun həbsinin bizim təyyarə qəzasının ört-basdır edilməsi ilə nə əlaqəsi ola bilər? Mən deyərdim lap birbaşa əlaqəsi var. Çünki V.Putin bütün beynəlxalq qanunları Trampdan əvvəl, müstəqil dövlət olan Ukraynanın ərazisinə hücum etməklə tapdalamışdı. V.Putin hələ C.Baydenin dövründə Ukraynaya hücum edib 3 günə onu işğal etmək və V.Zelenskini həbs edib Moskvaya gətirmək istəyirdi. Amma bu plan Avropa dövlətlərini və elə ABŞ-ın özünün dəstəyi, həmçinin Ukrayna xalqının qəhrəmanlığı sayəsində baş tutmadı. Tramp Amerikada Prezidentliyə sahib olandan sonra, bütün beynəlxalq aləm tərəfindən sıxışdırılan və boğulmaqda olan V.Putinə ikinci nəfəs verdi. Artiq Putinin əl-qolu açılıb. Bir vaxtlar bunkerdən çıxmağa qorxan V.Putin, indi haqqında çıxarılan Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını da vecinə almır və bir çox ölkələrə rahat gedib-gəlir.

Putin Düşənbədə dediyini niyə dandı?

Təyyarə qəzasına görə isə, hər tərəfdən sıxışdırılmış vəziyyətdə olduğundan, V.Putin əvvəl bir az loyal münasibət göstərib, ən azı Azərbaycanın xətrinə dəymək istəmirdi. Ona görə də Düşənbədə İlham Əliyevlə görüşündə, təyyarənin səhvən raket parçaları ilə zədələnməsindən danışaraq üzrxahlığını bildirmişdi. Eyni zamanda, o,  günahkarlara cəza veriləcəyinə və ölənlərin ailələrinə kompensasiya ödəniləcəyinə söz vermişdi. Amma bu söhbət ötən ilin oktyabrın 9-da olmuşdu. O vaxt Tramp Maduronu həbs etməmişdi. Bu ilin yanvarın 3-də isə, Maduronun həbsi gerçəkləşdi və bütün dünyanı lərzəyə saldı. Putin isə, bu presedentdən çox gözəl dərs aldı, eyni zamanda cəsarətləndi və Düşənbədə dediklərini danaraq, AZAL-a məxsus təyyarənin raketlə vurulması ilə yox, əlverişsiz hava şəraiti ilə bağladı. Bununla da, sanki Maduronun həbsi ilə təyyarəmiz yenidən qəzaya uğradı. Çünki beynəlxalq qanunlar Venesuela prezidentinin o cürə həbsi ilə ayaq altına atılmışdı. İndi V.Putin ayaq altına atılmış bu qanunlara, indiki iqtisadi ağır durumunda, Ukrayna ilə müharibə nəticəsində iqtisadiyyatının çökmə ərəfəsində niyə əməl etməlidir ki?! Ona görə də A.Bastrıkinə göstəriş verib ki, bu təyyarə qəzası söhbətini bağlayın və bağladılar da. Dünyanın gözü qarşısında, eyni zamanda “qara qutu”da, V.Putinin, Düşənbədə dediyi kimi, hər şey aydın eşidildiyi halda, təyyarə qəzasını əlverişsiz hava şəraiti ilə əlaqələndirib, cinayət işinin bağlanması, necə deyərlər, onun gözünün içinə qədər yalan danışması, nəinki beynəlxalq qanunları tapdalamaq, eyni zamanda Azərbaycan dövlətinə və xalqına qarşı açıq-aşkar sayğısızlıq, hörmətsizlikdir.

Maraqlıdır ki, A.Bastrıkinin təyyarə qəzası ilə bağlı baş prokuror Kamran Əliyevə göndərdiyi və qəzanı ört-basdır edən sənədin yayılmasından sonra əllərində “qara qutu” olan Qazaxıstanın istintaq qrupu hələ də susur… Niyə? Hələ buna cavab yoxdur. Görəsən, V.Putin Qazaxıstan prezidenti K.C.Tokayevi nə ilə və necə qorxudub ki, o tərəfdən hələ səs gəlmir?!

***

Azərbaycan dövləti haqq-ədaləti bərpa etmək üçün yəqin ki, bu barədə tələsik addımlar atmayacaq. Çünki Azərbaycanın da əlində Rusiyaya təzyiq etmək üçün xeyli rıçaqlar var. Sanksiyalar içərisində boğulan Rusiya Azərbaycan vasitəsilə Avropaya çıxış əldə edir və digər ticari əlaqələr də mövcuddur. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev, özünün dediyi kimi, nəyi necə və nə vaxt etməyi yaxşı bilir. Ona görə də hələlik gözləməliyik. Mən qətiyyən inanmıram ki, həmin təyayarə qəzasında ölənlərin qanı Maduronun həbsinə və A.Bastrıkinin saxta sənədinə qurban getsin. Bu haqsızlığı göydə Allah, yerdə isə ölkəmizin rəhbərliyi heç vaxt götürməyəcək.

Elçin Məmmədli    

                 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!