Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Yanvar 2026 / 17:37

80 yaşın işığında…-YUBİLEY YAZISI

Sabiq ədliyyə naziri Əlisaab Orucovun doğum gününə dərin hörmətlə…

Arayış: Azərbaycan Respublikasının sabiq ədliyyə naziri Əlisaab Orucovun yubileyidir! İki gün sonra anadan olmasının 80 illiyi tamam olur.

Əlisaab Səftər oğlu Orucov 1946-cı il yanvarın 24 – də Göyçay şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1966-1971-ci illərdə ADU-nin (indiki BDU) Hüquq fakültəsində əyani təhsil alıb. Hüquq ixtisasına yiyələndikdən sonra təyinatla Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi vəzifəsində işə başlamışdır.  1973-1977–ci illərdə Gəncə şəhər Xalq Məhkəməsinin hakimi, 1977-1980-ci illərdə isə Resublika Ali Məhkəməsinin üzvü kimi fəaliyyət göstərmişdir. Daha sonra əmək fəaliyyətini Ali Məhkəmənin sədr müavini (1980 – 1982) və sədrin birinci müavini (1982 – 1985) kimi davam etdirmişdir.

1985-ci ilin yanvarında Ə.Orucov Azərbaycan SSR ədliyyə naziri vəzifəsinə təyin olunmuş, bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Onun fəaliyyəti bir müddət Qarabağla əlaqəli olmuşdur. Azərbaycan KP MK Bürosunun qərarı ilə 10 oktyabr 1988-ci ildə Qaçqınlarla iş üzrə Dövlət Komissiyasının ilk dəfə Ağdamda yaradılan qərargahına rəhbərlik etmişdir.

***

Ə.Orucov Qarabağda gedən müharibənin ilk günlərindən ön cəbhədə olmuşdur. Qarabağ münaqişəsinin ən qızğın vaxtlarında daim erməni təcavüzünə məruz qalan əhalinin yanında olmuş, onlara mümkün olan hər cürə köməkliyi göstərmişdir. Qarabağ İpək Kombinatından və digər müəssisələrdən azərbaycanlıların kütləvi şəkildə işdən çıxarılması zamanı onların alternativ sahələrdə işlə təmin olunmasında böyük əməyi olmuşdur.

Ə.Orucov münaqişənin ilk vaxtlarından Azərbaycanın ərazi bütövlüyünün bərpasının yalnız qəhrəman ordumuz tərəfindən, hərb yolu ilə mümkünlüyünü faktlarla sübut etmiş və bunu “Mübarizəmiz Qarabağdadır” kitabında (2011) nəzəri cəhətdən bir daha əsaslandırmışdır. Ə.Orucov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən AR Ali Sovetinin sədri Y.Məmmədovun 8 aprel 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Resplikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuşdur. Qısa müddət ərzində bu vəzifədə çalışdıqdan sonra o, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 1992 – ci il tarixli fərmanı ilə həmin vəzifədən azad olunmuşdur. Ə.Orucov sonrakı illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının vitse – prezidenti (1993 – 1995) və AR Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsinin rəisi (1995 – 2001) vəzifələrində çalışmışdır.

Ə.Orucov XI çağırış (1985 – 1989) AR Ali Sovetinin, XII çağırış (1990 – 1995) AR MM-in deputatı olmuşdur. Hazırda təqaüddədir.

Xatırladaq ki, Ə.Orucov müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri olub.

***

 -Salam, hörmətli Əlisaab müəllim. Sizinlə görüşmək, həmsöhbət olmaq çox xoşdur. Sizinlə təmas qurub fəaliyyətinizlə bağlı məlumatları  özünüzdən esitməyi həmişə arzulamışıq. Qismət bu günə-Sizin 80 yaşınızın tamam oduğu bir vaxta imiş. Sizi qəzetimizin əməkdaşları və şəxsən öz adımdan ürəkdən təbrik edir, möhkəm can sağlığı arzu edirəm. 80 yaş ömrün müdriklik çağı olmaqla yanaşı, həm də insanın yaddaşında xatirələrin tez – tez boy verdiyi bir yaşdır. Bu müdriklik zirvəsində özünüzü necə hiss edirsiniz?

– Çox sağ olun. Əvvəla mənim üçün həyatımın belə bir xoş günündə ötən illərə, geridə qoyduğumuz xatirələrə yenidən səyahət etmək, yaddaşımızı yenidən təzələmək imkanı yaratdığınıza görə təşəkkür edirəm. Həqiqətən də zamanın axarının sürətlə irəlilədiyi bir vaxtda geriyə baxmağa, yaşanmış ömrün hər bir məqamını bir daha necə deyərlər “saf – çürük” etməyə tez–tez ehtiyac duyulur. İndi ömrün bu zirvəsinə gəlib çatmaq imkanı da demək olar ki, bir o qədər asan deyil, ona görə də geridə qalan illərdən bu günə hesabat verərkən gərək hər şeyi dürüst, öz adı ilə, hər bir faktı yerində təqdim edəsən, ən xırda məqamı belə diqqətdən qaçırmamağa çalışasan. Bu, müəyyən mənada həm də keçdiyin həyat yoluna veriləcək qiymətdir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, mən də yaşadığım illəri hədər keçirməmişəm, başucalığı gətirən məqamlar çox olub, ona görə də bu gün necə deyərlər, bu “hesabat dövründə” özümü rahat hiss etməyə müəyyən qədər əsasım var. İnşallah, sizinlə söhbətimizdə də öz fəaliyyətimin əsas məqamlarına mümkün qədər obyektiv yanaşmağa çalışaram.

 – Əlisaab müəllim, təbii ki, Siz olduqca zəngin həyat yolu keçmişsiniz və respublikada kifayət qədər tanınmış bir imza sahibisiniz. Lakin gəlin bu əlamətdar yubiley günlərində Sizi bir daha yaxından tanıyaq. Dünyaya göz açdığınız ailə, uşaqlıq, orta məktəb illəriniz barədə zəhmət olmasa oxucularımıza məlumat verərdiniz.

– Məmnuniyətlə. 1953-cü ildə Göyçay şəhər 3 saylı orta məktəbin birinci sinfinə getmişəm. 1964 – cü ildə həmin məktəbi bitirmişəm. Təhsil aldığım dövrdə mənə valideynlərim qədər əziz olan mərhum Kamal müəllimin, Ağarəhim müəllimin, Tahirə müəllimənin, Fikrət müəllimin, Firuzə müəllimənin üzərimdə zəhmətləri az olmamışdı. Atam Göyçay rayon mühafizə bölməsində gecə gözətçisi işləyirdi, anam isə evdar qadın idi. Biz böyük ailə olmuşuq. Maddi vəziyyətimiz ağır olduğu üçün mən səkkizinci sinifdə oxuyarkən fəhləlik eləməyə başladım. Paltarlarımı, məktəb ləvazimatlarımı da özüm alırdım. Sinif yoldaşımla birgə yay tətilində Göyçayda, onun yaxın kəndlərində kərpic kəsər, usta yanında fəhləlik etməklə ev xərclərimizə köməklik edərdik. Hətta o ustaların adlarını indi də yaxşı xatırlayıram… Orta məktəbi bitirdikdən sonra instituta daxil ola bilmədiyimə görə bir neçə il fəhlə işlədim. Sonuncu iş yeri kimi isə Bakı metro tikintisinin təchizat bazasında yükvuran kimi çalışmışam. 1966 – cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsinin əyani bölməsinə daxil ola bildim.

“Mənim ömür yoluma həmişə xeyirxah insanlar çıxıb. Köməyimə çatıb, qayğılarını məndən əsirgəməyiblər…”

 – Ali məktəb illəriniz, müəllimləriniz barədə nə deyə bilərsiz?

– Əslində ali məktəb illərinin özü də mənim üçün asan keçmədi. Universitetdə təhsil aldığım dövrdə gecələr qarolçu işləyərək maddi ehtiyaclarımın ödənməsində ailəmizə mümkün qədər yük olmamağa çalışmışam. Yəni həyatımın çox da asan keçməmiş əhəmiyyətli bir hissəsi olan bu dövrdə üzləşdiyim məhrumiyyətləri adlamaq üçün heç bir əziyyətdən çəkinməmiş, özümü gələcək həyat yoluna hazırlamışam. Bu gün o illəri xatırlamaq çətin olsa da şükürlər olsun ki, məqsədimin yolundakı maneələri hər zaman uğurla dəf edə bilmişəm. Mənim ömür yoluma həmişə xeyirxah insanlar çıxıb. Köməyimə çatıb, qayğılarını məndən əsirgəməyiblər. Ali təhsil illəri də bu cəhətdən istisna olmadı. Belə insanlardan biri də o vaxtlar Ali Məhkəmənin üzvü (hakimi) olan və bizə saat hesabı Əmək hüququndan dərs deyən, Azərbaycanda hüquq elminin ən görkəmli simalarından sayılan İbrahim İsmayılov idi. Yuxarı kurslarda əlaçı təqaüdü ilə oxuyurdum. Müəllimlərin, o cümlədən İbrahim müəllimin də rəğbətini qazanmışdım. Univesiteti bitirdikdən sonra təyinatımı respublika Ədliyyə Nazirliyinə verdilər. İbrahim müəllim bunu biləndə dedi ki bu günlərdə mən Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsinə rəis vəzifəsinə keçəcəyəm, qismət olarsa bir yerdə işləyəryik. Elə də oldu. Mən Ali təhsilimi başa vurandan sonra İbrahim müəllimin rəhbərlik etdiyi idarəyə məsləhətçi təyin olundum. Bundan əlavə mənim oxuduğum Hüquq fakultəsində o vaxt Azərbaycanda hüquqşünaslar nəslinin Məsumə Məlikova, Murtuz Ələsgərov, Kamalə Sarıcalinskaya, Xızır Süleymanov, Fazil Məmmədov kimi çox dəyərli nümayəndələri dərs deyirdilər.

 – Hüquqşünas kimi fəaliyyətə başladığınız ilk illər barədə bir qədər məlumat verməyinizi xahiş edirik.

– Qeyd etdiyim kimi, 1971 – ci ildə təyinatla göndərildiyim Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi kimi əmək fəaliyyətinə başladım. Sonrakı illərdə fəaliyyətimi Gəncə Şəhər Xalq məhkəməsində hakim, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü (hakimi), Ali Məhkəmə sədrinin müavini və birinci müavini kimi davam etdirdim. Yeri gəlmişkən, Ali məhkəmədə müavin vəzifələrinə namizədliyim 1980 – ci ilin fevralında Ali Məhkəmənin sədri təyin olunmuş İbrahim İsmayılov tərəfindən irəli sürülmüşdü. Ali məhkəmədə rəhbər vəzifədə çalışanda da ən çətin məqamlara daha çox diqqət yetirir, mülki sahəyə rəhbərlik edirdim. Hakim kimi səyyar məhkəmə iclaslarında mülki və ağır cinayət işlərinə də baxırdım. Ədliyyə sistemində ən yüksək və məsul posta – Ədliyyə naziri vəzifəsinə təyin olunanda isə cəmi 38 yaşım vardı.

 -Əlisaab müəllim, böyük zəhmət, gərgin və həyəcanlı illər bahasına yüksəldiyiniz bu vəzifədə Siz müstəqil Azərbaycan Respublikasının ilk, keçmiş SSRİ – də isə ən gənc Ədliyyə naziri idiniz. Nazir postunda fəaliyyətiniz dövründə hansı islahatlara nail ola bildiniz?

– Bu vəzifədə çalışdığım müddətdə nazirliyin maddi – texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görüldü. Hər il nazirliyin gənc mütəxəssislərinin və uzun müddət nazirlikdə çalışıb evi olmayan işçilərin mənzil probleminin həlli diqqət mərkəzində oldu. Xeyli əməkdaş bağ sahəsi, avtomobillə təmin olundu. Azərbaycan keçmiş İttifaqın tərkibində yeganə respublika idi ki, Ədliyyə Nazirliyi tabeliyində Hüquq kadrlarının təkmilləşdirilməsi İnstitutunun açılmasına nail olmuşduq. Bundan əlavə, Azərbaycan müstəqillik qazanandan sonra Nazirliyin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində də müəyyən addımlar atıldı. Digər dövlətlərin müvafiq nazirlikləri ilə işgüzar əlaqələr yaradıldı, qarşılıqlı hüquqi yardım və iş təcrübəsinin öyrənilməsi kimi məsələlərlə bağlı görüşlər keçirildi.

 – Həmin ağır və məsuliyyətli dövrdə Sizin fəaliyyətiniz yalnız tutduğunuz vəzifə ilə məhdudlaşmadı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, Qərbi Azərbaycandakı ata – baba yurdlarından didərgin düşən qaçqınların, Qarabağın dağlıq ərazisindən köçkün düşən əhalinin problemlərinin həllində sizin də müstəsna əməyiniz oldu. Fəaliiyətinizin həmin dövrləri barədə bir qədər məlumat verməyinizi xahiş edirik.

– 1988 – ci ilin yanvarında keçmiş Dağlıq Qarabağda iğtişaşlar başladı. O dövrdə mən bir neçə dəfə Ermənistanda ezamiyyətdə oldum. Oradan qayıdandan sonra Azərbaycan KP MK – nə dəvət olundum və MK Bürosunun 10 oktyabr 1988 – ci il tarixli qərarı ilə məcburi köçkünlərlə iş aparmaq üçün 10 gün müddətinə nazir kimi Ağdam şəhərində yerləşən qərargaha göndərildim. O vaxt Qarabağdan olan ilk qaçqınlar Ağdam qərargahına müraciət edirdilər. Orada fəaliyyət müddətim bitdikdən sonra məni əvəz etmək üçün başqa nazir gəlmədiyinə görə MK birinci katibi Ə.Vəzirovla telefon əlaqəsi yaradarkən mənə bildirdi ki, hələlik qərargahda qal fəaliyyətini davam etdir. Mən 1990 – cı ilin yanvarınadək orada qalmalı oldum. Bundan sonra vilayətdə fəaliyyətə başlayan “Respublika Təşkilat Komitəsi”nin sədri Viktor Polyaniçko vilayətdə yaşayan Azərbaycanlı əhaliyə dəstək verib onların hüquqlarının bərpasını tələb etdiyimə görə məni millətçi adlandıraraq qərargahı tərk etməyimə nail oldu. Buna baxmayaraq mən ətraf sərhəd rayonlarından vilayətə daxil olaraq yerli əhaliyə kömək göstərməyə davam edirdim. Lakin artıq Vilayətin taleyi Polyaniçkonun əlində cəmləşmişdi, o da Azərbaycanlı əhalinin vilayəti tərk etməsini sürətləndirərək Arkadi Volskinin başladığı bu prosesi tezliklə başa çatdırdı.

 – 1992 – ci ilin aprelində Azərbaycan Respublikası Ali Sovetinin Sədri, Respublika Prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuşdunuz. Həmin dövrü necə xatırlayırsız?

– 1992-ci ilin aprelin 7- də respublikaya müvəqqəti rəhbərlik edən Ali Sovetinin Sədri Yaqub Məmmədov “Azərbaycanın müharibə gedən rayonlarında Prezident idarə üsulu tətbiq etmək” haqqında Fərman imzalamışdı. Həmin vaxt Şuşa şəhəri istisna olmaqla Dağlıq Qarabağın bütün ərazisi işğal olunmuşdu. Ermənilər “Bala Kirs” adlanan yüksəklikdən Şuşa yolunu atəş altında saxlayırdılar. Şəhərin mühasirəsi getdikcə daralırdı. Şəhər qan içində çabalayırdı. Artıq 5 – ci il idi ki, mən Dağlıq Qarabağda fəaliyyətimi davam etdirirdim. Azərbaycanlı əhali orada tam müdafiəsiz vəziyyətdə idi. Camaatı o vəziyyətdə köməksiz qoyub oranı tərk etmək qeyri – mümkün idi.

“Yaqub Məmmədovu inandırmağa çalışdım ki, oraya səlahiyyətli nümayəndə göndərmək əvəzinə vilayəti birdəfəlik hərbi yolla, güc vasitəsilə azad etmək daha məqsədəuyğun olardı…”

Bu müddətdə gördüyümüz bütün tədbilər onların doğma yurdlarını tərk etməmələrinə yönəldilmişdi. Cəbhə bölgələrində yaranmış son dərəcə ağır vəziyyətə baxmayaraq hələ də vahid komandanlıqdan söhbət belə gedə bilməzdi. AXC – nin ayrı-ayrı silahlı birləşmələri, hətta bu qurumun ayrı-ayrı liderlərinin öz dəstələri, yerli rəhbərlərə və nüfuzlu şəxslərə tabe olan özünümüdafiə batalyonları, Müdafiə Nazirliyinin pərakəndə silahlıları hər biri öz siyasi məqsədlərinə xidmət edirdi. Belə bir vəziyyətdə Prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olundum. Mən Yaqub Məmmədova izah etdim ki, ermənilər onlara himayədarlıq edən Arkadi Volskinin və Viktor Polyaniçkonun əllərində olan böyük səlahiyyətlər hesabına vilayətə tam yiyələnmişlər. Artıq nəzarətdən çıxmış bir əraziyə səlahiyyətli nümayəndə göndərilməsinin hansı hüquqi nəticələri ola bilərdi? Həmin dövrdə respublikanın hələ MDB – ə daxil olmaması da Ermənistanın hərbi imkanlarını artırmışdı.  Yaqub Məmmədovu inandırmağa çalışdım ki, oraya səlahiyyətli nümayəndə göndərmək əvəzinə vilayəti birdəfəlik hərbi yolla, güc vasitəsilə azad etmək daha məqsədəuyğun olardı. O mənimlə razılaşmadı. Belə olduqda ondan xahiş etdim ki, əgər məni vilayətə səlahiyyətli nümayəndə göndərmək fikrində qətidirsə o zaman mənə mülki səlahiyyətdən vacib hərbi səlahiyyət də verilməlidir. Yaqub Məmmədov mənim bu təklifimlə razılaşdı və ona görə də bu məqsədlə mənim təyinatımla bağlı imzaladığı Fərmanın 4 – cü bəndinə qeyd olundu ki, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına Ə.Orucovun Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil edilməsi təklif olunsun. Həmin fərmandan sonra Milli Şuranın bir neçə iclası keçirilsə də, Qarabağ məsələsinə toxunulsa da mənə hərbi səlahiyyət verilməsi məsələsi gündəliyə çıxarılmadı. Mən səlahiyyətli nümayəndə vəzifəsinin icrasına başladığım gündən bir həftə ərzində müharibə gedən bütün bölgələrdə olub onların müdafiə qabiliyyətlərilə tanış oldum. Bundan sonra, aprelin 19 – da Y.Məmmədovla telefon əlaqəsi yaradıb ona cəbhə xəttində vəziyyətin son dərəcə ağır olmasını məruzə etdim və təkliflərimi verdim, ondan mənə hərbi səlahiyyət verilməsinin tezləşdirilməsini bir daha xahiş etdim. O mənə bildirdi ki, bu məsələyə yaxın vaxtda baxılacaq.

 “Son nəticədə mənə məqsədyönlü surətdə hərbi səlahiyyət verilmədi, bunun səbəbini soruşduqda isə Y.Məmmədov dedi ki, sənə hərbi səlahiyyət verilməsinə Rəhim Qazıyev imkan vermir…”

Əlavə olaraq mənə bildirdi ki, oradakı vəziyyəti nəzərə alıb qısa müddət ərzində Ağdam şəhərində hərbi əməliyyatlara yerində rəhbərlik etmək üçün hərbi qərargah yaradılmasına dair Müdafiə naziri Rəhim Qazıyevə göstəriş veriləcək.

Son nəticədə mənə məqsədyönlü surətdə hərbi səlahiyyət verilmədi, bunun səbəbini soruşduqda isə Y.Məmmədov dedi ki, sənə hərbi səlahiyyət verilməsinə R.Qazıyev imkan vermir. Ancaq buna baxmayaraq bəzi briqada komandirləri mənim sözümü eşidib uğurlu hərbi əməliyyatlar keçirdilər. Bir neçə döyüş əməliyyatlarında özüm də sıravi bir əsgər kimi iştirak etmişəm. Bu haqda mən 1990 – cı illərin sonu – 2000 – ci illərin əvvəllərində Qarabağlı jurnalistlər Şöhrət Səlimbəyli, Nizami Zamanov və Rauf Əliyevin müəllifliyi ilə çapdan çıxmış və qeyd olunan faktları özündə əks etdirən bir neçə kitabda, o cümlədən özümün də müəllifi olduğum “Mübarizəmiz Qarabağdadır” adlı kitabda geniş surətdə qeyd etmişəm. Dağlıq Qarabağda hadisələr başlayan ilk gündən mətbuatda, televiziyada, radioda çıxışlar edib həqiqətləri xalqa çatdırmışam. Müharibənin ilk günlərindən məsələnin beynəlxalq təşkilatlar vasitəsilə sülh danışıqları yolu il deyil, yalnız hərbi yolla həll olunmasının zəruri olduğu fikrini irəli sürmüşəm. Ayrı – ayrı yazılarımda da bu faktlar öz əksini tapıb.

«Respublikanın o vaxtkı Prezidenti Əbülfəz Elçibəy iyunun 25-də məni Bakıya qəbuluna çağırdı. Onunla söhbət zamanı hiss etdim ki, Ağdamda görülən işlər barədə tam məlumatlıdır və…»

– Buna baxmayaraq səlahiyyətli nümayəndə vəzifəsində çox qısa müddət çalışdınız. Buna səbəb nə idi?

– 1992 – ci ilin may – iyun aylarında Ağdam hərbi briqadasının komandiri Elxan Orucovla birgə yüksək hazırlıqlı peşəkar hərbçilərin də cəlb olunması ilə Əsgəran istiqamətində başlanacaq hücum – hərbi əməliyyat keçirib torpaqlarımızın azad olunmasına hazırlıq işləri apardıq. Hərbi səlahiyyətim olmadığına görə əməliyyatın keçirilməsində rəsmən iştirak edə bilməsəm də cəlb olunmuş kəşfiyyatçılar və hərbçilər hamılıqla Elxan Orucovun komandir olduğu hərbi hissədə yerləşdirilib onun tabeliyinə verilmişdi. Bu əməliyyata qədər artıq Əsgəran rayonu istiqamətində hərbçilərimiz tərəfindən uğurlu əməliyyatlar keçirilərək 7 kəndimiz düşməndən azad olundu. O zaman AXC iqtidarı da Ağdama öz nümayəndələrini göndərib yerində məsələ ilə maraqlanıb bunun şahidi olmuşdu. Xanabad kəndi istiqamətində planlaşdırılmış və xeyli torpaqların azad olunmasına yol açacaq əsas əməliyyat isə qəsdən pozuldu. Respublikanın o vaxtkı Prezidenti Əbülfəz Elçibəy iyunun 25-də məni Bakıya qəbuluna çağırdı. Onunla söhbət zamanı hiss etdim ki, Ağdamda görülən işlər barədə tam məlumatlıdır.

qarabaq-aticma

“Lakin 1992 – ci il iyulun 2 – də, cəmi 2 ay 20 gündən sonra mən Respublika Prezidentinin Fərmanı ilə həmin vəzifədən azad olundum, əvəzimə isə Surət Hüseynov təyin olundu…”

Onda mən Elçibəyə mənə hərbi səlahiyyətin verilməsi barədə bir daha öz təklifimi bildirdim, o da dedi ki, Türkiyəyə rəsmi səfərə gedir və qayıdandan sonra bu məsələnin müsbət həllinə çalışacaq. Mənə müvəqqəti olaraq Bakıda qalıb onu gözləməyimi məsləhət gördü. Mən Elçibəyə müharibə bölgəsində vəziyyətin son dərəcə gərgin olduğunu bildirib israrla Ağdama qayıdacağımı söylədim. O da mənimlə razılaşıb dedi ki, Türkiyədən qayıdandan sonra məni təkrar Bakıya dəvət edəcək. Lakin 1992 – ci il iyulun 2 – də, cəmi 2 ay 20 gündən sonra mən Respublika Prezidentinin Fərmanı ilə həmin vəzifədən azad olundum, əvəzimə isə Surət Hüseynov təyin olundu. Ona əlavə olaraq hərbi səlahiyyətlər verildi – korpus komandiri təyin edildi. Məndən bir gün əvvəl – iyul ayının 1-də briqada komandiri Elxan Orucov da mənim təklifimlə əməliyyat keçirmək istədiyinə görə vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə Abdullayev soyadlı birini təyin etdilər, o da peşəkar kadrların əməliyyatdan, ümumiyyətlə isə Ağdamdan uzaqlaşdırılması üçün əlindən gələni etdi.

 – Əlisaab müəllim, təbii ki, bunlar tariximizin ağrılı, acılı səhifələridir və bu səhifələrin silinməsi mümkün deyildir. Sizin həyatınızda da bu səhifələr öz izini qoyub. Amma hər halda Sizin fəaliyyətinizdə xoş məqamlar, sevindirici notlar da az deyil. Bunların da bir hissəsi Sizin Azərbaycan Parlamentində millət vəkili kimi fəaliyyətiniz dövrünə təsadüf edir. Zəhmət olmasa bu dövr barədə oxucularımızı bir qədər məlumatlandırardınız.

– Mən 1985 – ci ildə Cəbrayıl rayonunun Quycaq, 1990 – cı ildə isə Goranboy rayonunun Dəliməmmədli Seçki dairələrindən millət vəkili seçilmişəm. Deputat olduğum müddət ərzində seçicilərimin bir sıra problemlərinin müsbət həllində yardımçı olmuşam. Bir neçə kənddə sosial problemlərin diqqətdə saxlanmasına, o cümlədən yolların çəkilməsinə, artezian quyularının qazılmasına nail olmuşam. O vaxtlar pambıq işinə görə Goranboydan məhkum olunmuş bir çox insanların Respublika Ali Sovetinin qərarı ilə əfv olunması və ya Ali məhkəmənin qərarı ilə azad olunması öz müsbət həllini tapıb. Dövlət əmlakının xüsusilə külli miqdarda mənimsənilməsi faktları üzrə rayonda aparılan cinayət işlərində adları keçən insanlar haqqında cinayət işlərinə ibtidai istintaq orqanlarında xitam verilməsi və onların həbsdən azad olunmaları haqqında müraciətlərim müsbət qarşılanıb. Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin vəziyyətini nəzərə alaraq o vaxtlar Azərbaycan SSR Cinayət məcəlləsinin 162 – ci maddəsilə “Özbaşına torpaq zəbtetmə” üstündə çoxlu sayda insanları cinayət məsuliyyətinə cəlb edən maddənin CM – dən xaric olunub ləğv edilməsinə dair Ali Sovetə ünvanladığım təqdimat öz həllini tapıb. Bundan sonra Dağlıq Qarabağda qısa müddət ərzində çoxlu sayda şəxsi evlər tikildi, orda yaşayan əhalinin sayı sürətlə artmağa başladı. O vaxtlar Əsgəran rayonunun Meşəli kəndində olan evlərin sayı qısa müddət ərzində 40 – dan 180 evə qədər çoxaldı. O cümlədən vilayətin başqa kəndlərində də çoxlu sayda yaşayış evləri inşa olundu. Parlament fəaliyyətim dövründə həmçinin bir çox qanun layihələrinin hazırlanıb qəbul olunmasında da fəal iştirakım və təşəbbüsüm olmuşdur.

– Əlisaab müəllim, şükürlər olsun ki, bu gün Azərbaycan torpaqları artıq işğaldan tamamilə azad olunub, ölkəmizin bütün ərazisində Azərbaycan dövlətinin suveren hüquqları bərpa edilib. Şübhəsiz ki, Qarabağ hadisələri başlayan zaman fəaliyyətinin müəyyən dövrü ərzində birbaşa hadisələrin mərkəzində olmuş bir şəxs kimi ərazi bütövlüyümüzün bərpasına ən çox sevinənlərdən biri də sizsiniz. Bu barədə təəssüratlarınızı bölüşməyinizi xahiş edirik.

– Tamamilə doğru buyurursuz, bu gün hər bir Azərbaycanlının ürəyini qürur hissi ilə dolduran, bizə qalibiyyətin sonsuz sevincini yaşadan bu möhtəşəm hadisə təbii ki, məni də ürəkdən sevindirir. Çox şadam ki, yurdumuzun gözəl bir parçası olan Qarabağımızın düşmən tapdağından azad olunması uğrunda vaxtilə gərgin səylər göstərmiş şəxslərdən biri kimi bu əziz günləri görmək, yaşamaq mənə də nəsib oldu. Bu gün azad edilmiş torpaqlarda davam edən geniş bərpa və quruculuq işləri, uzun müddət öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın respublika hökumətinin uğurla həyata keçirdiyi Böyük qayıdış planı üzrə yenidən öz ata – baba ocağına üz tutması əlbəttə möhtəşəm bir hadisədir.

ilham-cebhe-1

44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər bizi qarşıda hələ çox uğurlara qovuşduracaq. Bu zəfərin əldə olunnmasında öz canlarını belə əsirgəmədən düşmən üzərinə şığıyan, Vətənə, xalqa sədaqət nümunəsinə çevrilməyi bacaran qəhrəman şəhid övladlarımızın əziz xatirəsinə dərin ehtiramımı bildirirəm, qazilərimizə Allah – dan can sağlığı arzulayıram.

– Bir qədər də ailə həyatınız barədə zəhmət olmasa…

– Mən çox xoşbəxt ailə başçısıyam. 4 övladım var. Hər biri də öz ailəsinə sıx bağlı olan, uğurlarına birgə sevinib qayğılarını və problemlərini birlikdə çəkən xoşbəxt ailə sahibidirlər. 9 nəvəm və iki nəticəm var. Mən onların hər biri ilə qürur duyuram, bir baba kimi də daim xoşbəxt və firavan həyat yaşamaları üçün, savadlı, təhsilli, Vətəninə faydalı övladlar kimi yetişmələri üçün əlimdən gələni əsirgəmirəm. Özüm də 30 ildən artıqdır ibadət əhliyəm. Özümü gümrah hiss edirəm, Allah – dan çox razıyam.

 – Müasir gəncliyə tövsiyyələriniz.

– Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümididir. Bizim ölkəmizin elmi, ictimai – siyasi, mədəni həyatında da gənclərin yaxından iştirakı, onların Vətənə, torpağa bağlı vətənpərvər övladlar kimi yetişmələri üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub. Bu mənada mən bu günkü Azərbaycan gəncliyini yüksək qiymətləndirirəm. Tövsiyyəm də ondan ibarətdir ki, onlar həyatda uğurun sirrinin həm də mükəmməl təhsildən, gərgin zəhmət və əməkdən keçdiyini unutmasınlar, öz məqsədləri uğrunda heç bir çətinliyin önündə əyilməsinlər, kimliyindən və hansı peşəyə sahib olmağından asılı olmayaraq daim öz işlərinə səylə yanaşsınlar. Onlara heç bir fayda gətirməyən gərəksiz vərdişlərdən və əməllərdən uzaq olsunlar, yaşadıqları ömrün hər dəqiqəsini qiymətləndirməyi bacarsınlar.

 – Oxucularımıza sözünüz.

– Qəzetinizin əməkdaşlarına uğurlar, tükənməz enerji, oxucularınıza da hər zaman xoşbəxt günlər, bütün arzu və istəklərimizin tez bir zamanda gerçəkləşməsini, hər birinizin ailəsinə, ocağına firavanlıq arzu edirəm. Yolunuz uğurlu, işinizi avand, nailiyyətləriniz bol və davamlı olsun. Həyatda heç bir sıxıntınız olmasın.

 – Əlisaab müəllim, bir daha doğum gününüzü ürəkdən təbrik edirik, Sizə uzun ömür, can sağlığı arzu edirik. Yaşadığınız ömrü bundan sonra da xeyirli və sağlam yaşayasız. Sizi hər zaman belə şad, gümrah görək. O gün olsun 100 illiyinizə qovuşasınız.

-Təşəkkür edirəm.

Həmsöhbət oldu:  Vüqar Abdullayev

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!