28 Yanvar 2026 / 10:33

DƏHŞƏT: 26 MƏHKƏMƏ QƏRARI SABUNÇU PROKURORLUĞUNDA NECƏ ÖRT-BASDIR EDİLİR???

Sahibkar Ağasəf İsmayılovun surətini “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi şikayət və müraciətini həyəcansız oxumaq mümkün deyil. O, çıxılmaz vəziyyətdədir və Prezident İlham Əliyevdən kömək istəyir.

 Söhbət 26 məhkəmə qərarında zərərçəkmiş kimi hüquqları təsbit olunmuş iş adamının barəsində hüquq mühafizə orqanlarında yol verilmiş süründürməçilikdən gedir. İnanılmaz faktlarla üz-üzəyik: necə ola bilər ki, 26 məhkəmə qərarı icra edilmir? Yaxud, məhkəmənin prokurorluq orqanlarına göndərdiyi çoxsaylı xüsusi qərarları niyə havadan asılı qalır və cinayət işi başlanılmır???

Aşağıda A.İsmayılovun surətini “Təzadlar”a göndərdiyi şikayət məktubunu təqdim edir və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu indidən bəyan edirik:

Hörmətli cənab Prezident!

Şəxsi mülkiyyətlə bağlı hüquqi və ictimai əhəmiyyət kəsb edən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Əmlakımın məlum şəxs tərəfindən oğurlanması ilə bağlı material icraatında olan polisin və mənimsəmə faktı ilə bağlı cinayət işi icraatında olan prokurorluğun müstəntiqləri, uzun müddət ərzində zəruri prosessual hərəkətlərini yerinə yetirmədikləri üçün məhkəmə nəzarəti qaydasında etmiş olduğum şikayətlər üzrə, birinci instansiya və apellyasiya məhkəmələrinin hazırda qüvvədə olan ümumilikdə 26 (iyirmi altı) qərarlarına baxmayaraq, həmin məhkəmə aktları da istintaqçılar tərəfindən davamalı olaraq icra edilmir. Göstərdiyim məhkəmə qərarlarında polisin və prokurorluğun müstəntiqlərinin icraatlarında olan işlər üzrə hərəkətsizlilikləri qanunsuz hesab edilməklə bərabər, hansı zəruri istintaq hərəkətlərinin də müstəntiqlər tərəfindən gələcəkdə yerinə yetirilməsi hakimlər tərəfindən xüsusilə qeyd olunmaqla nəzərlərinə çatdırılmışdır. Qərarların icra edilməsinə nəzarət isə, ibtidai istintaqa nəzarət etməli olan prokurora tapşırılmışdır. Bu məhkəmə qərarları illərdir ki, həmn istintaqçılar tərəfindən davamlı olaraq icra edilmir. Məhkəmə qərarında göstərilməsinə baxmayaraq, şikayətimlə bağlı polisin müstəntiqi, hətta ilkin izahatımı da almaqdan yayınır. Bu və digər qanuna zidd faktlar göstərdiyim 26 məhkəmə qərarlarının hər birində birmənalı şəkildə əks olunub. Bu müraciəti etməkdə məqsədim, həmin qərarları icra etməli olan 26 vəzifəli şəxslərin adları-soyadları da göstərilmiş bu 26 məhkəmə qərarlarının icra edilməsi üsulunu-yolunu öyrənməyə nail olmaqdır. Ona görə ki, fiziki və hüquqi şəxlər barəsində qüvvədə olan məhkəmə aktları üzrə verilmiş icra sənədlərini məhkəmələr aidiyyəti İcra və Probasiya şöbələrinə göndərir və onlar tərəfindən Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq, borclu barəsində icra hərəkətləri yerinə yetirilir. İndiki halda isə, müraciətlərim üzrə verilmiş məhkəmə qərarlarının hər biri icra edilməsi üçün prosessual hərəkətləri yerinə yetirmədiklərinə görə, barələrində məhkəməyə şikayət edilmiş müstəntiqlərin özlərinə göndərilmişdir ki, bununla da fatiki olaraq çevrə bağlanmışdır. Nəticədə isə, mənim – sahibkarlıqla məşğul olan bir ölkə vətəndaşının Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulması davam etdirilir. Ona görə ki, dövlət adından verilmiş məhkəmə aktları dövlət qulluqçaları tərəfindən inadkarlıqla yerinə yetirilmir.

Cənab Prezident! Sizdən kömək istəyirəm və xahiş edirəm, səlahiyyətli qurumlara göstəriş verilsin ki, mülki şikayətimlə bağlı verilmiş iyirmi altı  məhkəmə qərarlarının icra taleyi müəyyənləşdirilsin. Axı necə ola bilər ki, bu sayda məhkəmə qərarlarının icrası havadan asılı qalsın və adi bir müstəntiqin və prokurorun şəxsi iradəsinə tabe etdirilsin!

Onu da qeyd edim ki, göstərdiyim məhkəmə qərarlarını tələb olunan təqdirdə təqdim etməyə hazıram”.

***

Xatırladırıq ki, şikayətçi A.İsmayılov redaksiyamıza müvafiq sənəd və maddi sübutları özündə əks etdirən məhkəmələrin və prokurorluğun qərarlarını da göndərib. Bunları ümumiləşdirib, aidiyyəti qurumlara aydın olsun deyə, hələlik şikayətin əsas məzmunu barədə bunları təqdim edirik:

“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov Sabunçu rayon Prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı hüquqlarının pozulması barədə bunları şərh edir:

Bildirirəm ki, 2021-ci ilin mart ayından Sabunçu rayon prokurorluğunun icraatında olan 210050957 saylı cinayət işi, təsisçisi olduğum “Magna Trans” MMC-nin maddi-məsul şəxslərinin bir qrup şəxslərlə sövdələşərək, etibar edilmiş MMC-nin əmlakını sənədləri saxtalaşdırma yolu ilə mənimsəmələri barədə, mənim 30 yanvar 2021-ci il tarixdə DİN-ə etmiş olduğum şikayət ərizəmlə bağlı, əvvəlcə Bakı ŞBPİ-nin Təhqiqat Şöbəsində, sonradan isə Sabunçu RPİ-nin İŞ-də aparılmış araşdırmalar nəticəsində toplanmış materiallara əsasən, 04 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə başlanmış, sonradan isə 179.3.2. maddəsinə tövsif edilmiş 210050957 saylı cinayət işi, 29 mart 2021-ci il tarixdə davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna verilmişdir.

Qeyd edirəm ki, hələ polisdə araşdırılma dövründə, yəni 2021-ci ilin aprel-may aylarında “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla heç nədən çəkinmədən – yenidən sənədləri saxtalaşdırma yolu ilə MMC-nin istifadəsində olan 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da, Ramil Xəlilovun eyni zamandadirektor olduğu “Transcontrol” MMC-nin istifadəsinə ötürmüşlər.

Beləliklə “Magna Trans” MMC-nin 79 ədəd sərnişindaşıma avtobusları, 4 sayda şəhərdaxili marşrutları və MMC-nin fəaliyyətindən əldə edilmiş külli miqdar məbləğdə pul vəsaiti digər həmtəsisçilər – Bürhan Həmidovla Namiq Hacıyevin başçılıq etdikləri dəstə tərəfindən tamamilə talanıb mənimsənildikdən sonra, yəni 25 may 2021-ci il tarixdə (təhqiatda araşdırılma dövründə), 25 may 2021-ci il tarixdə direktor Mirzahid Ağayev və onun müavini olmaqla bərabər “Transcontrol” MMC-nin də direktoru olan Ramil Xəlilovun saxta məktubları əsasında BNA tərəfindən MMC-nin fəaliyyətinə xitam verilmişdir. “Transkontrol” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin iştirakçıları Bürhan Həmidovun doğma oğlu, Namiq Hacıyevin doğma bacısı oğludur.

Cinayət işi Sabunçu RPİ İstintaq şöbəsində istintaq edilərkən, müstəntiq Elməddin Köçəriyev istintaq hərəkətləri nəticəsində, müəyyən etmişdir ki, “Magna Trans” MMC-nin balansında olmuş 79 ədəd sərnişindaşıyan avtobuslarıdan:

– 21 ədədi sənədləri saxtalaşdırma yolu ilə satılıb,

– 24 ədədi metollolom şəklində aşkar olunması barədə müstəntiq Elməddin Köçəriyev hal şahidlərinin və mütəxəssisin iştirakları ilə akt tərtib edib cinayət işinə əlavə etmişdir,

– 34 ədəd avtobusun nə özləri, nə sənədləri, nə dövlət nömrə nişanları istintaq tərəfindən indiyə kimi müəyyən edilmmişdir.

Elə bu səbəbə görə, 2021-ci ildən indiyə kimi digər faktlarla bərabər göstərdiyim 34 ədəd sərnişindaşıma avtobuslarının istintaqla müəyyən olunması barədə, çoxsaylı yazılı vəsatətlərlə cinayət işinin istintaqını aparan prokurorluğun müstəntiqlərinə, sonradan isə Sabunçu  rayon prokuroru İbrahim Lənbəranskiyə və aidiyyəti üzrə rəhbər prokurorlara ərizə və şikayətlərlə müraciətlər etmiş olsam da, heç bir tədbir müsbət nəticə əldə olunmadı. 34 ədəd avtobusun oğurlanması ilə bağlı, mən Bakı ŞBPİ-nə ərizə ilə müraciət etdim.

Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsindənünvanıma daxil olmuş 047-184401-3222 saylı, 01.12.2022-ci il tarixli məktubda göstərilmişdir ki, sitat: “…34 ədəd müxtəlif markalı sərnişin avtobuslarının digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlu və digərləri tərəfindən qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. …göstərilənlərə əsasən,müraciətiniz qeyd olunanlara  əsasən, cinayət işinə əlavə edilib araşdırılması üçün Sbunçu rayon prokurorluğuna göndərilmişdir. Nəticəsi barədə prokurorluq orqanı tərəfindən sizə məlumat veriləcəkdir.”

Bu günə kimi, 34 ədəd “yoxa çıxmış” avtobuslara dair prokurorluğun istintaqında heç bir araşdırılma aparılmamışdır.

Bundan başqa, “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevlə müavini  Ramil Xəlilovun MMC-nin balansımda olmuş, yəni onlara etibar edilmiş 21 ədəd avtobusu sənədləri saxtalaşdırma yolu ilə alqı-satqı edərək əldə edilmiş pul vəsaitini hesabatdan gizlədərək mənimsəmələrinə dair çoxsaylı vəsatətlərim də istintaq tərəfindən araşdırlmadan qalmaqdadır.

Bütün bunlardan belə nəticəyə gəlinir ki, ümumiyyətlə bu 55 ədəd avtobusa dair 210050957 saylı cinayət işində heç bir sənəd yoxdur. Ona görə ki, 2021-ci ildən ta indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev həmin cinayət işi üzrə:

– “zəruri istintaq hərəkətlərinin aparılması barədə”sübutlu və əsaslı vəsatətlərimin rədd edilməsi barədə əsassız və qanunsuz olaraq 8 qərar,

– “cinayət işi üzrə icraatın dayandırılması” barədə əsassız və qanunsuz 1 qərar,

– mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında”  – əsassız və qanunsuz 4 qərar,

–“Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” – əsassız və qanunsuz 3 qərar,

– “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” – əsassız və qanunsuz 2 qərar, həmçinin prokuror İbrahim Lənbəranski tərəfindən əsassız  bir apellyasiya protesti vermiş olsalar da, bir çox faktların, o cmlədən göstərdiyim 55ədəd avtobusun aqibəti barədə həmin sənədlərdə heç bir hüquqi qiymət verməmişlər.

Elə bu səbəbə də vermiş oluğum şikayətləri birinci və apellyasiya məhkəmələri əsaslı və qanuni hesab edərək müstəntiqlərin qərarlarının ləğv edilməsi və prokurorun apellyasiya protestinin təmin edilməməsi barədə ümumi 12 sayda məhkəmə qərarı vermişlər.

Sonuncu dəfə, Sabunçu rayon Məhkəməsinin 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarında göstərilmişdir ki, sitat:

“…Məhkəmə cinayət işinin materiallarını öyrənərkən istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmalı olduğu halda araşdırılmaması qənaətinə gəlmişdir:

– 21 ədəd avtobusların satışından əldə olunmuş vəsaitin hara xərclənməsi, nəyə görə müəssisənin bank hesabına köçürülməməsi;

– 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin 29.03.2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilsə də, həmin məlumatın yoxlanılması istiqamətində hər hansı addım atılmaması;

– Şahid qismində dindirilmiş Məmmədov Elman Nəriman oğlu 2011-ci ildən hər gün 7000-10000 manat aralığında, 2015-ci ildən ay ərzində 150 min manat civarında pulu qarajdan götürüb Həmidov Bürhan Əhməd oğluna aparıb təhvil verməsi ilə bağlı ifadə verməsinə baxmayaraq qeyd edilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti aparılmamışdır.

– İş materiallarından görünür ki, məhz “Magna Trans’’ MMC və “Transkontrol” MMC-nin müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyinin sərəncamı ilə “Magna Trans” MMC-əayrılmış 113, 208, 209, 213 nömrəli marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti dayandırılaraq “Transkontrol” MMC-yə həvalə olunmuşdur. “Transkontrol” MMC-nin təsisçilərindən birinin Bürhan Həmidovun oğlu Rövşən Həmidov, digər təsisçisinin isə “Magna Trans’’ MMC-nin direktor müavini Ramil Xəlilovun olması nəzərə alınaraq qeyd edilən müəssisələrin belə bir müraciətlə çıxış etmələrinin zəruriliyi istintaq orqanı tərəfindən araşdırılmamışdır.

– Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin6(008)-19/2024 saylı, 13.02.2024-cü il tarixli qərarında göstərilən digər xüsusatlarla bağlı əlavə araşdırma aparılmaması;

Göstərilən bu hallar müstəntiqin iş üzrə zəruri, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cinayət işi üzrə icraata xitam verilməsinə dəlalət edən hallardır.

…Müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31 may 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri–əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.”

Fürsətdən istifadə edib Baş Prokuror Kamran Əliyevin bir daha diqqətinə çatdırıram ki, əmlakımın talanıb mənimsənilməsi barədə istintaq edilən 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı, 2021-ci ildən indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri tərəfindən verilmiş qərarların ləğv edilməsi barədə 12 sayda birinci və apellyasiya məhkəmələrinin qərarları hazırda da icra edilmədən qalmaqdadır. Göstərdiklərimi nəzərə alaraq, məhkəmə qərarlarında göstərilən istintaq hərəkətlərinin, o cümlədən indiyə kimi aqibəti bilinməyən 34 ədəd və sənədləri saxtalaşdırma yolu ilə satılıb dəyərləri mənimsənilmiş 21 ədəd “Magna Trans” MMC-nin avtobuslarına dair məhkəmə qərarlarında qoyulmuş tələblərin təmin edilməsini Baş Prokurordan xahiş edirəm.

Hörmətlə,

Ağasəf İsmayılov,

210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs”.

-Bəs məhkəmə qərarlarında qoyulmuş tələblərin Sabunçu rayon Prokurorluğunda təmin edilməsinə kimdir və nədir mane olan???

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!