Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uzun müddətdir Ramiz Mehdiyevin adamı kimi mediada adı hallanan Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı 10 ildən çoxdur ki, AzTV-nin “Mədəniyyət” kanalında aşıq sənəti və aşıqlarla bağlı veriliş aparırdı. Son illərdə “Saz-söz məclisi” adı ilə həftədə bir dəfə efirə gedən, insafən tamaşaçı auditoriyası olan veriliş 2025-ci ilin sentyabr ayından efirə getmir. Niyə? Axı Məhərrəm müəllim üçün bu veriliş son dərəcə vacib idi. Ona görə yox ki, aşıq sənətinin təbliği üçün belə can yandırırdı. Ona görə ki, aşıqları bu veriliş sayəsində ətrafında saxlaya bilirdi. Verilişə çıxmaq üçün aşıqlar ona minnət edir, lazım gələndə “saqqalının altından” keçirdilər. Bu veriliş vasitəsilə həm də görüntü yaradırdı ki, Aşıqlar Birliyi vacib işlə məşğuldur. Baxmayaraq ki, verilişin Aşıqlar Birliyinə aidiyyəti yox idi, AzTV-nin layihəsi idi, amma M.Qasımlı onu Aşıqlar Birliyinin layihəsi kimi təqdim edirdi. Bu gün aşıqları və sənətsevərləri çox maraqlandırır ki, bu veriliş birdən-birə niyə bağlandı? Burada əvvəlcə onu deyək ki, verilişin bağlanması ilə bağlı danışanda Məhərrəm Qasımlı son zamanlar deyir ki, AzTV guya çəkiliş üçün pul istəyir, studiya vermir, çəkiliş üçün şərait yaratmır. Ancaq məsələ əslində, heç də onun dediyi kimi deyilmiş. AzTV-dən adının çəkilməsini istəməyən şəxs bu haqda qəribə faktlar söylədi. Sən demə, bu veriliş düz iki il əvvəl bağlanmalı imiş. Çünki AzTV rəhbərliyinə tez-tez siqnallar gəlirmiş ki, M.Qasımlı verilişə çağırdığı aşıqları müəyyən maraq naminə seçirmiş. Bunun son zirvəsi isə 2023-cü ilin sonlarında olub. Belə ki, həmin vaxt əslən Gürcüstandan olan Şair Nəbi Borçalının 150 illik yubiley tədbirinin çəkilişi və televiziyada yayımlanması üçün yubilyarın qohumlarından 3000 (üç min) manat istəyib, guya həmin pulu AzTV rəhbərliyinə çatdırmalıdır ki, tədbirin videoçəkilişi efirə verilsən. Bundan xəbər tutan borçalılar özləri AzTV rəhbərliyinə müraciət ediblər ki, niyə Borçalılara belə ögey münasibət göstərirsiniz.

Məsələni araşdıran AzTV sədri R.Məmmədov o zaman haqlı olaraq M.Qasımlını tənbeh edib və “Saz-söz məclisi” verilişini aparmasını qadağan edib. Yağlı tikəni əlindən buraxmaq istəməyən M.Qasımlı sədri inanadırmağa çalışıb ki, pul söhbəti yalandır. Hətta başqa-başqa vəzifəli adamlara zəng etdirib ki, verilişin aparıcılığı onun əlindən alınmasın. Rövşən müəllim də onu alimliyinə bağışlayaraq yenə şans verib. Ancaq M.Qasımlı öz bəlli niyyətindən əl çəkə bilməyib, verilişi köhnə qaydsalarla aparmaqda davam edib. Nəhayət, 2025-ci ilin sentyabrında M.Qasımlıya qırmızı işıq yandırılıb, “dur” deyilib. M.Qasımlı bu dəfə də timsah gözyaşları töksə də, ayrı-ayrı adamları dövrəyə qoşsa da, istəyinə nail ola bilməyib. AzTV-nin nüfuzunu qorumağa çalışan R.Məmmədovun aşıqların verilişə başqa niyyətlə çıxarılması söz-söhbətinə son qoymaq üçün bu dəfə qəti olaraq M.Qasımlını efirdən uzaqlaşdımaqla bağlı qərar qəbul edib. Üstəlik, sədrin bu qərarı qəbul etməsində M.Qasımlının Ramiz Mehdiyevin adamı olması, məhz onun sayəsində Aşıqlar Birliyinin sədri kreslosuna yiyələnməsi barədə yayılan əsaslı informasiyalar da mühüm rol oynayıb.
Ə.Əhmədov,
Sənətşünas
REDAKSİYADAN: məsələ ilə bağlı M.Qasımlının mövqeyini öyrənmək üçün onun əsas iş yeri deyilən və A.Sultanova küçəsində (Medianın İnkişafı Agentliyinin qonşuluğu) yerlənşən Aşıqlar Birliyinə baş çəkdik. Lakin bir neçə dəfədir onun burada olmadığını bildirdilər. M.Şqasımlının da mövqeyini öyrənməyə çalışırıq…
“Təzadlar”