19 Fevral 2026 / 17:38

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” sürreal oyun tamaşası təqdim edildi

Xalq yazıçısı, Akademik Kamal Abdullanın əsəri əsasında Füzuli Dövlət Dram Teatrının hazırladığı tamaşa seyrçilər tərəfindən rəğbətlə qarşılandı…

Azərbaycanın tanınmış ictimai xadimi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü və birinci dərəcəli dövlət müşaviri Kamal Abdullanın dünən, yəni fevralın 18-də Azərbaycan Dövlət Milli Dram Teatrının səhnəsində “Ruh” sürreal tamaşası təqdim edildi. Füzuli Dövlət Dram Teatrının Bakıda ilk nümayişi olan bu tamaşa izləyicilər tərəfindən anşlaqla qarşılandı.

Məlumat üçün bildirirəm ki, mən də «Təzadlar»ın əməkdaşı kimi tamaşaçılardan biri idim… Odur ki, tamaşa haqqında həm də daha ətraflı məlumat topladım. Həqiqətən də böyük ictimai əhəmiyyəti olan tamaşa anşlaqla qarşılandı. Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Elinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assisenti Gülgəz Soltanovadır. Tamaşada əsas rolları isə  Anar Buludov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elçin Məmmədov, Əli Hüseynov və Səbuhi Əhmədov canlandırırdılar.

k

Ümumiyyətlə, tamaşanın əsas qayəsi insanın özünüdərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, simvolik səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir. Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən isə gələcəyə keçir ki, bu da tamaşanı maraqlı edir.

Personajlar real insan kimliyindən daha çox simvolik mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi dünyasını, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrinin müxtəlif səviyyələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması, onların daxili təmizlənməsinə, özünü tanımasına  səbəb olur.

Tamaşada jurnalistlər, tamaşaçılarla yanaşı Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və digər tanınmış şəxslər də iştirak edirdilər.

Tamaşanın sonunda sevilən aktyorumuz Hacı İsmayılov çıxış edərək Füzulu Dövlət Dram Teatrının hazırladığı “RUH” tamaşasının milli teatrın səhnəsindəki nümayişini əlamətdar, mədəni hadisə kimi dəyərləndirdi və teatrın kollektivini, həmçinin müəllifi təbrik etdi. Səhnəyə çıxan Xalq yazıçısı Kamal Abdulla isə Füzuli Dövlət Dram Teatrının kollektivinə yaradılan belə gözəl şəraitə görə, Akademik Dövlət Milli Dram Teatrının rəhbərliyinə və gələn bütün tamaşaçılara təşəkkürünü bildirdi.

Rövşanə Nağıyeva

k
k
k
k
k
k
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!