Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2026 / 20:38

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 14-cü HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ“Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda) 

https://tezadlar.az/o-seirini-memmed-araza-teqdim-edende-niye-agladi-kecmisin-sirri-13-cu-hisse/

17-18 fevral – Əlirza özü ilə “Vaxt” qəzetini gətirdi. Birinci səhifəsində Məmmədin məqaləsi, Çingiz Əlioğlunun Məmmədə həsr etdiyi şeiri, İmamverdi Əbilovun Məmmədə aid məqaləsi.

Məmməd zarafatla: – Bütün qəzet mənə həsr olunub, – dedi.

“Müxalifət” qəzetində isə Mürşüd Məmmədovun “Niyə susursan, Bəxtiyar müəllim?!” məqaləsini Məmmədə oxudum və əlavə etdim:

–  Yəqin bunu sənə də aid edirlər, yoldaş Məmməd Araz.

– Mən canımla əlləşirəm, bunu hamı bilir. Danışmağa dilim də yoxdur ki, tribunalarda çıxış edim. Məgər susuram? “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdik ki?”, “Yol ayrıcında söhbət”, “Biz niyə bu günə düşdük ay dədə?” və sairə şeirlərim susmaqdırmı? Yazmışam “Əyilməkdir ağlamağın tərs üzü”; “Qadını ər doğmaz qorxaq millətin”; “Baş gödəndən aşağıda olan yerdə”… 

Çərkəz həkim yarasına baxıb:

– Üç gündən sonra sarğısını açmaq olar, – dedi.

Məmmədin vəziyyətinin ağırlaşdığını görüb Mikayıla gileyləndim. Mikayıl  cavab olaraq məndən də çox gileyləndi:

– İnsanlar çox vəfasızdır. Gərək mənim başım qanunlara qarışmasın, gərək mən lirik, epik şeirlər oxuyam, bəzilərini səhnələşdirəm, yaradıcılıqla məşğul olam. Vaxtım isə ayrı işlərə gedir, yaradıcılığımı çörəyə qurban verirəm, heç kim əlini cibinə salmır. Belədir pullular, Gülxanım, sən də hey deyinirsən.

22-28 fevral – Məmməd Arif Mansurova mükafata görə təşəkkürünü bildirdi və bayramını təbrik etdi.

Arif cavabında bildirdi ki, Məmməd Arazın qeydinə qalmaq bütün Azərbaycan xalqının borcudur.

Məmməd Aslan Əzizə xanım Cəfərzadə haqqında veriliş aparırdı. Söhbət bəzi sözlərin açılışından, yəni mənasından gedirdi. Onlardan biri də “başmaq seyrinə çıxmaq” birləşməsi idi. Əzizə xanım həmin birləşməni belə yozdu:

– Yaxşı hazırlıqlı formada böyük gəzintiyə çıxmaq, yüngül gəzinti də sayıla bilər.

Məmməd isə belə açıqladı:

– Əvvəlki vaxtlarda qadınlar büsbütün örtülü çadrada gəzərdilər. Kişilər də gəzən arvadların başmaqlarına baxıb zövq alardılar. Süleyman Rəhimovdan da neçə dəfələrlə belə eşitmişəm. Əzizə xanım düz demir.

Teleçıxışlara Məmmədin belə hirsləndiyini heç görməmişdim:

– Bu xalq nə qədər minnətdar olar? Qırılırlar – minnətdardılar, kökünü kəsirlər – minnətdardılar, qaçqındır –  minnətdardılar…

Ayrı kanala keçirtdim. Belorusiyanın prezidenti Lukaşenko çıxış edirdi. Jurnalist də yol ilə keçənləri dindirir, onlar da Rusiyaya birləşmək istədiklərini söyləyirdilər.    Məmməd dilləndi:

– Bunların hamısı yalandır. Hələ 60-70-ci illərdə belorusların 90% -nin rusları görməyə gözü yox idi.

Ağalar Bayramov “Atamın kitabı” poemasını səhnələşdirdiyindən və bir neçə səhnənin quruluşundan söhbət açdı:

– Məmməd əmi, Allah köməyin olsun, qoluna qüvvət versin, bu sözləri ancaq siz yaza bilərsiniz.

Ağalarla gələn Hacı Əli gileyləndi ki, keçmiş deputatlardan birisi A. Bakıxanovu tənqid edib, deyir ki, o, ruslara xidmət edib, öz xalqına bir iş görməyib, Bakıxanovu tariximizdən silmək lazımdır. Ona dedim ki, ay qardaş, rus sənə desə idi ki,  50 vaqon ayırıb göndər, ağzın nə idi ki, göndərməyəsən. O da elə. Ruslar hakim idi, o, da hamı kimi ruslara xidmət edirdi. Ta, tarixdən silmək nə üçün?

Ağalar:

– Rəsul Rzanı da ədəbiyyatımızdan silək ki, “Lenin” poemasını yazıb.

Mən:

– Qasımbəy Zakiri keçməyək ki, rus əsgərlərini yedirib-içirib.

Hacı bunu da bildirdi ki, “Qüds” fondu yaratmışıq. Bakıxanovun qəbrini tapıb, orada abidə qaldırmaq və məbəd tikmək istəyirik.

1-2  mart – Axşam Hüseynin “xəbərlərini” telefonla dinlədik:

– Ölümlə əlaqədar 12 nəfəri dindirmək üçün Lənkərana getmişdim. Əvvəlki Lənkərandan əsər-əlamət qalmayıb. Bütün ağacları qırıb yandırıblar. Soruşan, eləmə deyən yoxdur. Nə qaz var, nə də işıq, hər ikisini İran verməli idi, lakin vermir. Bir para adamlar Əlikram Hümmətovu özlərinin Babəki adlandırırlar. Üsyan əhval-ruhiyyəsi var. Vəziyyət çox ağırdır. Yalnız Heydər Əliyev qarşısını ala bilər. Balığı kefləri istədiyi kimi gürcülərə satırlar və s. və i.

Məmməd kədərlə cavab verdi:

– Yazıq halımıza…

– Arif Mansurovla jurnalın yubiley nömrəsini müzakirə edəcəksiniz, bir də ki, “Məmməd Araz” fondu yaratmaq istəyirlər, – bunları Vəli Xramçaylı xəbər verdi.

– Bunun bizə nə xeyri?

Məmməd acıqlandı:

– Mənə görə yaradırlar. Görürlər ki, xəstə adamam, qeydimə qalan yoxdur, Arif çox ciddi adamdır.

Arif, müavinləri Vilayət və Telmanla birlikdə televiziyadan çəkiliş də gəlmişdi.

Çəkiliş qurtardıqdan sonra komitənin gündəlik ehtiyacları belə ödəməyə pulu olmadığını vurğuladılar. Arif müəllimin ürəyi dolu idi:

– Göygöl qoruğunda ağacları vəhşicəsinə qırıb satırlar. Meşələr, meşə heyvanları talan olur. Qoruq gözətçilərinə aylarla maaş verilmirsə, onlardan nə tələb etmək olar? Ay Məmməd Araz, bunları yaz da, bəlkə onda ürəyimiz sakit olar.

– Yazırıq da, deyirik də… Nə olsun?  “Azərbaycan təbiəti” jurnalında bu məsələlərə geniş yer veririk, təbiətlə “zarafat” etməyin deyirik.

Bilmirəm, Nizami dövründə dilimizdə təbiət sözü vardı, yoxsa-yox?! Təbiət özü bütün zənginliklərilə yəqin ki, vardı. Yoxsa Nizami nəinki orta əsr, hətta XIX əsr təbii mənzərəsindən əsər-əlaməti qalmayan Bərdənin gözəlliyini neçə yüz əvvəl belə hərarətlə tərənnüm etməzdi.

Azərbaycan torpağının elə guşələri var ki, adam onları təkrar-təkrar görməkdən doymur. Hər dəfə görəndə sanki onlar yeni mənzərələrini, təzə rənglərini büruzə verir.

                                “Dərə” şerindən iki misra deyirəm;

                       “Bir uçrum dibində ceyran izləri

                        Son güman yerinə qısılı qalıb”.

Məmməd söhbətinə davam edir: Təbiət çox etibarlı dostdur. Ona yaxşılıq elə, əvəzini beş qat qaytaracaq. Eyni zamanda, təbiət intiqamçı, çox qəzəbli düşməndir. Ona qarşı yönələn hər-hansı hücumun qabağında istənilən  əyaləti, diyarı, hətta bütün planeti məhv edə bilər.

Təbii hadisələr sərhəd bilmir. Sənin haqqın yoxdur – hələ öz sərhəddində təkcə özünü yox, qonşunu da narahat edə biləcək bu və ya digər quruculuq işləri aparasan. Məsələn: bu tay Astarada o tay Astaranın razılığı olmadan meşə qırasan, təbiətə zərərli tullantı atasan və.s  Bu yaxınlarda çıxış edən  alimin bir sözü xoşuma gəldi:  “Yaddan çıxarmayın ki, biz təbiətlə şahmat oynayırıq”

Ağ fiqurlar həmişə təbiətin əlindədir. Bu illərdə Qərb yarım kürrəsində, xüsusilə  Latın Amerikası ölkələrində baş verən təbii fəlakətləri teleekranlarda hamımız görmüşük.

Kim zəmanət verə bilər ki, bu fəlakət sabah qəzəbini Bakıya, Gəncəyə – Azərbaycana yönəltməyəcək və ya qonşu ölkələri bir də qar basmayacaq…

Fəlakətlərin “müəllifi” insandırsa, “təbiət” hansı məqamdasa onun boğazından yapışacaq və elədiyi bəd əməllər üçün “cavab ver” deyəcək – təbiət elə belə özü üçün yaşamır. Bəlkə də insanları yaşatmaq üçün yaşayır.    

Vilayət söhbətə qarışdı:

– Bu saatkı Milli Məclisin deputatlarından birini vaxtilə rüşvətxorluğuna, alverinə görə işdən qovmuşdum, indi Milli Məclisdə oturub.

3 mart – Məmmədi görməyə gələn İsa Həbibbəyli dilləndi:

– Mən gözləyirdim ki, Məmməd müəllim Təbrizdən qayıdandan sonra gözəl şeirlər yazacaq. Gözlədiyimizin əksinə oldu, heç nə yaranmadı. Niyə?

– Təbrizi özüm istədiyim kimi görmədim, görə bilmədim, məni tutan bir mövzu olmadı. Ona görə də heç nə yaza bilmədim… Bəzən böyük bir faciənin şahidi olursan, amma ilham uyuşmur, qələm yaman inadcıl olur. Tapdığın gözəl bir mözunu bəzən əbədi, bəzən də uzun müddət dəfn etməli olursan. Gözlərin qarşısında zəlzələ qopub dağ uçursa da, qələm cana gəlmir, seyirçidir. Bəzən isə adi bir quşa dəyən güllə ürəyindən keçir, gözəl bir əsər yaranır. Bax belə, əzizlərim…

İsa söhbətinə davam etdi:

– Yaxınlarda yazıçıların qurultayıdır. Hamı ittifaqın üstünə düşəcək. Yəqin yenə də Anar seçiləcək. Müşavirə çox maraqlı olacaq. Bəziləri yerli yersiz Anarı tənqid edirlər. Haqsızdırlar, ona görə ki, bəzilərindən qat-qat çox azərbaycan xalqına Anar xidmət edib. Anarın xidmətləri çoxdur

Məmməd onun sözlərini təsdiq etdi:

– Anar istedaddır, tutalım sədr olmadı,  nə itirəcək ki?..

6 mart – Məmməd, indidən deyirəm, Novruz bayramında anamın, atamın qəbrlərini ziyarətə gedəcəyəm, xəbərin olsun.

– Anam rəhmətə gedəndən sonra təkcə bircə dəfə onun qəbri üstünə getmişəm, atamın da həmçinin.

– Bilmirəm, Məmməd Araz… ancaq və ancaq şeir üçün yarandığına görə nə ata-anaya oğul, nə də bizə himayədar olmusan. Nə yaxşı ki, allah heç olmasa bu istedadı sənə verib.

Sözlərimə güldü Məmməd:

– Şeirdən də elə bir şey qazanmadım axı…

Axşam dost-tanışlarla “Atamın kitabı” monotamaşasına getdik. Məclis başlandı. Tamaşa davam etdikcə səhnələrlə bərabər Məmməd cavanlaşdı, hadisələr bir-birini əvəz etdi, məni kövrəltdi. Ağalar Bayramov ovsunu zalı tutmuşdu, zal da kövrəlmişdi…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!