…Bir dəfə efir məkanlarından birində sıramı gözləyərkən dəhlizdə yanımda dayanan, əlindəki ssenari kağızları ilə verilişi idarə edən biri ilə dialoqumuz oldu. Mən bu mühitdən, xüsusən də müğənnilərin o ləyaqətdən uzaq, əxlaq sərhədlərini aşan həyat tərzindən, danışıqlarından , geyimlərindən və davranışlarından gileyləndim.
Bəlkə də sadəlövhlüklə gözləyirdim ki, heç olmasa o da bu vəziyyətdən narazı olduğunu bildirəcək. O, mənə yuxarıdan aşağı baxıb, sanki heç nə anlamayan bir uşaqla danışırmış kimi dilləndi:
– “Əşşi sən də indi guya söz dedin da, Efir bəyəm əxlaq göstərmək yeridi? Efirdə kim əxlaqlıdı ki? Efir bəyəm əxlaq dərsi keçmək yeridi? Ora buraların açır əcəb edir. Səhnə o cür geyimi tələb edir. Sən şık görünməlisən, ətrafa işıq saçmalısan.Efir bəyəm yasxana zaddı ki, bəlkə şala bürünüb çıxsınlar?”
O an anladım ki, mənim bildiyim “əxlaq” kəlməsi artıq onların lüğətinə yaddır. Dəyərlər o qədər alt-üst olub, o qədər aşınıb ki, artıq əxlaqsızlıq, bayağılıq və mənəvi boşluq standarta çevrilib. Əgər sən bu cəmiyyətdə, bu efir məkanında həyalı davranırsansa, mənəvi dəyərlərdən yapışırsansa, sənə sıxıcı, boz, maraqsız biri kimi baxacaqlar. Onlar üçün əxlaq, həya, ciddiyyət darıxdırıcıdır, lazımsızdır – çünki bu mənəvi dəyərləri satıb reytinqə çevirə, üzərindən pul qazana bilmirlər.Vaxtilə qəbuledilməz, ayıb və kənarlaşdırılan davranışlar indi nəinki norma, hətta bəzi mühitlərdə qürur mənbəyinə çevrilib. Ekranları zəbt edən, şəxsiyyətsizliyi , həyasızlığı və ləçərliyi cəmiyyətə təlqin edən müğənnilər və aparıcılar sadəcə mənəviyyatı pozmaqla kifayətlənmirlər. Onlar bu deqradasiyanın və bayağılığın hesabına əldə etdikləri milyonluq evləri, lüks avtomobilləri və bahalı həyat tərzini arsızcasına nümayiş etdirirlər. Bu cür “şou-biznes elitasının” həyat tərzi yeni nəslə çox təhlükəli və dağıdıcı bir mesaj verir: “Zəngin və populyar olmaq üçün elmə, zəhmətə, ləyaqətə ehtiyac yoxdur; sadəcə dəyərləri tapdalayıb, soyunub bədəni satmaq kifayətdir. Nə elm? Nə Alim olmaq? Kimə lazımdır o mənasız şeylər?” . Hətta bir məşhur müğənni deyirdi ki,: ” Alimin də soyuducusunu açın mənimkini də. Görün kimin ki doludu?” Əxlaqsızlığın sadəcə mövcud olması deyil, onun “uğur formulu” kimi gənclərə sırınması ən böyük təhlükədir. Müasir dövrün ən böyük faciəsi cəmiyyətin inkişaf illüziyası altında dərin bir mənəvi uçuruma yuvarlanmasıdır.
Bu gün ekranlardan, sosial şəbəkələrdən və küçələrdən üzərimizə gələn mənzərə sadəcə bir mədəniyyətsizlik deyil; bu, sistemli bir deqradasiyanın, dəyərlər sisteminin tamamilə çökməsinin xronikasıdır. Bəli, belə cəmiyyətdə alim acından ölər də, dilənər də, lağ obyektinə çevrilər də.
Cəmiyyəti düşünmədən istehlak edən, bayağılıqdan zövq alan bir kütləyə çevirmək məhz bu cür efir siyasətinin birbaşa nəticəsidir. Bayağılığı həyat tərzinə çevirmiş, ritorikası ləçər və həyasız küçə davalarından ibarət olan, zahiri görünüşündə və davranışında hər cür əxlaqi sərhədi aşmağı “azad media-söz azadlığı” kimi sırıyan bu onurğasız, amorf kütlə artıq normanı diktə etməyə başlayıb. Belə bir mühitdə öz mənəvi və intellektual bütövlüyünü qoruyub saxlamaq, doğrudan da axına qarşı üzməkdir.
Dr.Benjamin Kərimov