…Milli Məclisdə bir sıra deputatlar var ki, onlar siyasəti yarıtmadıqları kimi, özlərini ədəbiyyatda, publisistikada da sınayaraq yenə yarıtmayıblar. Məsələn, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Arzu Nağıyev kimi.
Bəlkə də, Arzu Nağıyev Milli Məclisin Anar Rzayevi olmaq istəyir, kim bilir?
Arzu Nağıyev bir çox quruma üzvdür. Ümumiyyətlə, o elə bilir ki, dəxli oldu-olmadı harada bir qurum varsa, mütləq ora üzv olmaq lazımdır.
Adama elə gəlir, Arzu müəllim boş vaxtlarında boş kreslolar axtarır.
Əlbəttə, Arzu Nağıyev deputat kimi hər kəsə, xüsusilə seçicilərinə bəllidir. Məsələn, internetdə xırda bir axtarış kifayət edir ki, onun haqqında belə xəbərlər çıxsın:
“Arzu Nağıyev seçicilərlə görüşdü”, “Arzu Nağıyev Tovuzda, Gədəbəydə seçiciləri dinlədi”, “Arzu Nağıyev seçicilərlə fikir mübadiləsi apardı” və s.
Ancaq dərin axtarış belə aparılsa, onun haqqında “Arzu Nağıyev filan seçicinin problemini aradan qaldırdı, filan kəndin filan problemi həll olundu” kimi xəbərlərə, demək olar, rast gəlmək olmur.
Görünür, Arzu Nağıyevin belə bir dərdi, narahatlığı yoxdur.
Məsələn, əvəzində o, Paşinyan, Makron, icazə veriləndə Putin və bir sıra şəxslər haqqında sərt fikirlər bildirir, amansız şəkildə milli-mənəvi dəyərlərimizin keşiyində durur. Hətta Arzu müəllim hərdən elə qəzəblənir ki, həmin an Makronu ona versən Paşiyana qatar.
Əlbəttə, Arzu Nağıyev bütün bunlara həm də məcburdur. Problemləri həll edə bilməyən deputat nəsə danışmalıdır, ya yox? Varlığını başqa nə cür sübut etsin?
Deputat xalqın səsidirsə, Arzu müəllim “без звука”-dadır
Bundan başqa, Arzu Nağıyev necə deputatdırsa, o cür də mətnlər yazır.
Gərək ki, Arzu Nağıyev hansısa hadisələr haqqında verdiyi informativ məlumatları bədii mətn adı altında sıramasın.
Məsələn, Arzu Nağıyev mütəmadi olaraq təhlükəsizlikdən, regiondakı rolumuzdan, çiçəklənmədən, inkişafdan danışsa da, araşdırılsa, bu gün onun deputat seçildiyi rayonlarda, kəndlərdə ən xırda problemlər belə həll oluna bilmir.
Ümumiyyətlə, məsələn, suyun əziyyətlə əldə edildiyi bir yerdən deputat seçilən adam inkişafdan danışması həm gülməlidir, həm də ağlamalı.
Arzu Nağıyevin “Qara kabus” adlı bir kitabı da var. Kitab narkomaniyadan bəhs edir. Ancaq məncə, narkomanlar bu kitabı oxumamalıdır. Müəllim elə bilir ki, kimlərsə onun bu kitabını oxuyacaq və bir daha patıya, iynəyə yaxın getməyəcək. Ancaq məlumdur ki, o, bu kimi məsələlərdən özünə rəsmi bioqrafiya düzəldir.
Təkcə bu kitabla kifayətlənmir, onun “1001 günün siyasəti” adlı kitabı da var. Bəli, həmin kitab “1001 gecə nağılları” ilə assosasiya olunur. Əslində, yazdıqları da məhz nağıl təəssüratı bağışlayır.
Beləcə, Arzu müəllim özü də bilmədən daha çox siyasi olan şərhlərinə nağıl statusu verib.
Orxan SAFFARİ