14 Aprel 2026 / 09:46

İstiqlal marşının müəllifi- ZEYNƏB ƏLİQIZI TÜRKİYƏDƏN “TƏZADLAR”A YAZIR

Türk ədəbiyyatının və düşüncə tarixinin ən önəmli simalarından olan Məhmət Akif Ərsoy şair, müəllim, ictimai fikir adamı kimi tanınır. Böyük ədib xüsusilə Türkiyənin milli himni olan məşhur İstiqlal Marşının müəllifi kimi tarixə düşmüşdür.

Bu tarixi şəxs haqqında məlumat olaraq bildirək ki, Məhmət Akif Ərsoy1873-cü ilin dekabrında İstanbulun Sarıgözəl məhəlləsində doğulub. O, uşaqlığının çox hissəsini nənəsinin Sarıgözəldəki evində keçirib. O, yalnız bir şair deyil, bir millətin qəlbində döyünən səs, çətin zamanların içindən yüksələn vicdan çağırışı, eyni zamanda həyatını sözün gücü ilə həqiqəti deməyə həsr etmiş nadir şəxsiyyətlərdən biri idi. Onun qələmi sadəcə misralar yazmırdı o, bir xalqın ağrısını, ümidini və dirənişini ifadə edirdi. Xüsusilə İstiqlal Marşı ilə bir millətin ayağa qalxan ruhunu, əsarətə boyun əyməyən iradəsini əbədiləşdirdi. Bu şeir sanki yalnız yazılmadı, yaşandı, hiss edildi və nəsildən-nəslə ötürüldü. Həmin şeir 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxundu və Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” ifadəsi ilə qəbul edildi. Şeir daha sonra ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilərək yayıldı. Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zəki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələndı.

Türkiyənin milli himni olan İstiqlal Marşı üçün Məhmət Akifə 500 lirə mükafat ayrıldı, lakin şair həmin məbləğdən imtina edərək onu yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışla.

O, şöhrət arxasınca qaçmayan, sadə həyat tərzi keçirən, amma böyük düşüncələrə sahib olan, həyatı boyunca həqiqət və əxlaqla yaşayan tarixi şəxsiyyətdir. Sadə həyat tərzi, prinsipial mövqeyi və yüksək mənəvi dəyərləri ilə seçilən Akif Ərsoy yalnız ədəbiyyatçı deyil, həm də öz dövrünün vicdanını təmsil edən bir şəxsiyyət kimi qəbul olunur. Onun çox güclü dini və mənəvi dünyası da vardı. Məhmət Akif sadəcə şair deyildi, həm də vicdan adamı, idealist, dərin düşüncəli bir şəxsiyyət idi. O, Quran təfsiri ilə məşğul idi, əxlaq və iman mövzularını çox dərindən işləyirdi. Onun həyat tərzi – sənət, əxlaq və mübarizə üçlüyüdür. Belə ki, şairin şeirləri sırf romantik deyil, ruhani və vicdani dərinlik daşıyırdı.

Məhmət Akifin ev muzeyində…

Məhmət Akif Ərsoyun Ankaradakı ev muzeyində olarkən insan sanki onun ruhunu hiss edir. Bu muzey Ərsoyun Türkiyə İstiqlaliyyət müharibəsi illərində Ankarada yaşadığı və İstiqlal Marşı başda olmaqla, bir çox şeirini yazdığı evidir.Bu ev ona Tacəddin Dərgahında verilib. Tacəddin Dərgahı Ankarada yerləşən tarixi bir dərgah (yəni sufimənəvi mərkəz) idi. O bu evdə yaşamışdır. Lakin evonun şəxsi mülkü deyildi, ona burada müvəqqəti qalmaq üçün verilmişdi. O da həmin evdə yaşadı və burada İstiqlal Marşını yazdı. Onun burada yaşamasının səbəbi vardı – o dövrdə (Qurtuluş Savaşı zamanı) Ankara yeni mərkəz idi Akif Ərsoy İstanbulu tərk edib Ankaraya gəlmişdi və ona yaşayacağı bir ev lazım idi. Dərgahdakı bu ev də məhz ona uyğun, sakit və mənəvi mühitli bir yerdi. Elə buradaca qeyd edək ki, “Dərgah” sözünün özü sadəcə bina deyil, eyni zamanda ruhani, sakit, təfəkkür üçün uyğun məkan deməkdir və bu da şairin xarakterinə çox uyğun idi.

Bina 1949-cu ildə rəsmi olaraq muzeyə çevrilib. Lakin sonralar uzun müddət baxımsız qalıb. 1982–1984-cü illərdə bərpa olunub və yenidən açılıb.

Ev ikimərtəbəlidir və içərisindəki eksponatlar olduqca maraqlı və canlıdır. Evin divarları hündürdür, həyəti bağçalıdır. Elə bu bina da bağçanın içərisində yerləşir, qədim, taxta bir Ankara evidir. Üst mərtəbəyə aparan taxta sürahili nərdivan boyunca Ərsoya məxsus olan fotoşəkillər düzülüb. Üst mərtəbə toplantı otağı və istirahət yeri vardır. Muzeydə Məhmət Akifin qol saatı, eynəyi, təsbehi, tüfəngi və s. saxlanılır. Bunlar sadəcə bir əşya deyil, şəxsin gündəlik həyatını əks etdirən izlərdir. Muzey – vizual bioqrafiyadır. Divarlarda onun fotoları ilə yanaşı, şeir parçaları və bioqrafik məlumatlar da yer alır.

Binaya daxil olarkən, həzin, hüzurlu bir səs səni müşayiət edir. İlk olaraq adamda elə bir təəssürat yaranır ki, sanki səni ev sahibinin özü qarşılayır. Onun şeirlərini səsləndirən bu səsin məhz kimə məxsus olduğunu bilməsən də, bu tarixi məkanda ev sahibinin ruhunu dərinliklə hiss edirsən. Evə daxil olarkən birdən-birə o aləmə dönürsən. Buradakı bu qeyri-adi “dönüş” isə yalnız əşyaların ötürdüyü informasiya deyil, ruhi bir ötürücünün hiss edilməsidir. Çünki həmin möhtəşəm Marş məhz durduğun bu məkanda yazılıb. Otaqların olduqca sadə olması, o dövrün atmosferinin də qorunması rahat bir ab-hava fonu yaradır ki, bu da şəxsin həyat tərzinə çox uyğundur.

Məhmət Akifin ən böyük əsəri olan “Səfahat” isə onun daxili dünyasının güzgüsüdür. Burada o, cəmiyyətin yaralarını açır, insanın mənəvi boşluqlarını göstərir və eyni zamanda bu boşluqdan bir çıxış yolu axtarır. Onun misralarında həm kədər, həm ümid, həm də dərin inam hiss olunur – sanki hər söz oxucunun ruhuna toxunmaq üçün seçilmişdir...

İllər, əsrlər Məhmət Akif Ərsoy kimi böyük şəxsiyyətləri bizlərdən ayıra, qopara bilmir, əksinə, onun təki şəxsiyyətlərə ruhi bağlılığı olanları daha çox cəlb edir…

Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!