Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Mart 2026 / 16:55

İQTİSADİ İNKİŞAFIN TƏMİNİNDƏ TEXNOLOJİ VƏ RƏQƏMSAL SUVERENLİK PROBLEMLƏRİ-TƏHLİL

XXI əsrdə iqtisadi inkişafın aparıcı determinantı maddi resurslardan daha çox texnologiya, məlumat və intellektual kapitaldır. Qlobal rəqabət mühiti rəqəmsal platformalar, süni intellekt sistemləri, böyük verilənlər və bulud infrastrukturları üzərində qurulduqca dövlətlərin iqtisadi müstəqilliyi ənənəvi sərhəd anlayışını aşaraq rəqəmsal müstəviyə də keçir.

Texnoloji asılılıq, proqram təminatının idxal yönümlü strukturu, kritik informasiya infrastrukturunun xarici platformalardan asılılığı milli iqtisadi təhlükəsizliyi zəiflədən amillər kimi çıxış edir. Bu kontekstdə texnoloji və rəqəmsal suverenlik anlayışları yalnız təhlükəsizlik kateqoriyası deyil, həm də iqtisadi inkişaf strategiyasının əsas komponentinə çevrilir. İqtisadi inkişafın təminində texnoloji və rəqəmsal suverenliyin sistemli əsaslarını müəyyənləşdirmək, onun kibernetik arxitekturasını və iqtisadi mexanizmlərini təhlil etmək olduqca actual məsələlərdən biridir.

İqtisadi suverenliyin təmin olunmasında rəqəmsal və elmi-texnoloji əsaslar

İqtisadi suverenlik dövlətin öz inkişaf trayektoriyasını xarici strukturlardan asılı olmadan müəyyən edə bilməsi qabiliyyətidir. Rəqəmsallaşma şəraitində bu qabiliyyət müvafiq əsaslar üzərində formalaşır. Belə ki, əsas Kibernetik yanaşma iqtisadi sistemi öz-özünü idarəedən, əks əlaqə mexanizmlərinə malik dinamik sistem kimi nəzərdən keçirir. Milli iqtisadiyyatın rəqəmsal idarəetməsi real vaxt rejimində məlumatların toplanması, emalı və qərar qəbuletmə mexanizmlərinin avtomatlaşdırılması ilə mümkündür. Belə çıxır ki, əgər idarəetmə blokları xarici platformaların nəzarətindədirsə, sistemin əks əlaqə kanalları da xarici təsirə açıq olur. Bu isə iqtisadi suverenliyin zəifləməsi deməkdir. Digər  Rəqəmsal əsas  dövlətin: 1) milli data mərkəzlərinə, 2) suveren bulud infrastrukturuna, 3) yerli milli proqram təminatına, 4) milli rəqəmsal identifikasiya sistemlərinə malik olması ilə müəyyən edilir. Rəqəmsal platformaların xarici mənbələrdən  asılılığı informasiya axınlarının nəzarətdən çıxmasına və strateji qərarların asılı vəziyyətə düşməsinə səbəb ola bilər. Elmi-texnoloji əsas kontekstində demək olar ki, Elmi-texnoloji suverenlik birbaşa milli innovasiya istehsal etmək qabiliyyətidir. Ümumiyyətcə Fundamental tədqiqatların zəifliyi, patent portfelinin məhdudluğu və texnologiya transferindən asılılıq texnoloji inkişafın dayanıqlığını azaldır. Bu baxımdan universitet-sənaye-dövlət üçlüyünün inteqrasiyası suveren texnoloji inkişafın institusional bazasını təşkil edir.

Rəqəmsal arxitektura və dövlətin kibersuverenliyi…

Rəqəmsal arxitektura dövlətin informasiya sistemlərinin struktur modelidir. Bu model aşağıdakı səviyyələrdən ibarətdir:

  1. İnfrastruktur səviyyəsi – şəbəkə, server, bulud və data mərkəzləri;
  2. Platforma səviyyəsi – dövlət informasiya sistemləri və inteqrasiya şlüzləri;
  3. Tətbiq səviyyəsi – e-xidmətlər, analitik sistemlər;
  4. İntellektual səviyyə – süni intellekt və qərar dəstəyi mexanizmləri.

Əgər bu arxitektura vahid standartlara əsaslanmırsa və qarşılıqlı üzvi əlaqə təmin edilmirsə, kibersuverenlik də zəif olur. Suveren rəqəmsal arxitektura aşağıdakı prinsiplərə söykənməlidir: 1) milli məlumatın ölkə daxilində saxlanması; 2) açıq kodlu və ya milli nəzarətdə olan proqram təminatı; 3) kritik infrastrukturun lokal idarə edilməsi; 4) çoxsəviyyəli kiber müdafiə və s.

Ölkənin  Rəqəmsal, data və bulud suverenliyinin təmin olunması çox vacib şərtdir.
Rəqəmsal suverenlik dövlətin rəqəmsal ekosistem üzərində normativ, texnoloji və institusional nəzarət imkanlarını ifadə edir. Data müasir iqtisadiyyatın strateji resursudur. Data suverenliyi: 1) məlumatın yurisdiksiyaya tabe olması; 2) emal qaydalarının milli qanunvericiliklə tənzimlənməsi; 3) strateji verilənlərin ölkə xaricinə nəzarətsiz ötürülməsinin məhdudlaşdırılması deməkdir. Bulud infrastrukturunun xarici korporasiyaların nəzarətində olması milli təhlükəsizlik riskləri yaradır. Milli və ya hibrid bulud modelinin formalaşdırılması Bulud suverenliyinin əsas şərtidir.
Şəbəkə-kommunikasiya infrastrukturunun suverenliyi aspektində qeyd olunmalıdır ki, Telekommunikasiya şəbəkələri sanki iqtisadiyyatın sinir sistemidir.  Bu mənada avadanlığın və proqram təminatının idxaldan asılılığı potensial kibertəhlükə mənbəyidir.
Şəbəkə suverenliyi üçün: 1)milli magistral internet şəbəkəsinin gücləndirilməsi; 2) regional data qovşaqlarının yaradılması; 3) 5G/6G texnologiyalarında milli iştirakın təmin olunması; 4) kriptoqrafik standartların lokallaşdırılması vacibdir.

İqtisadi sistemin  kiberimmunitetinin yüksəldilməsi
Kiberimmunitet – ümumiyyətcə dövlətin, o cümlədən iqtisadiyyatın kiberhücumları əvvəlcədən aşkar etmək, qarşısını almaq və bərpa etmək qabiliyyətidir. Bu mexanizm davamlı monitorinq; süni intellekt əsaslı anomaliya aşkarlanması; milli CERT mərkəzləri;
fövqəladə vəziyyət planları; insan kapitalının hazırlanması kimi  elementlərdən ibarətdir.

Texnoloji suverenliyə qlobal təhlükələr…
Qlobal texnoloji nəhənglərin bazar dominantlığı, sanksiya mexanizmləri, texnologiya embarqosu və intellektual mülkiyyət məhdudiyyətləri texnoloji suverenlik üçün əsas risklərdir. Rəqəmsal kolonializm fenomeni informasiya platformaları vasitəsilə iqtisadi asılılıq yaradır. Milli bazarın platforma iqtisadiyyatında xarici nəzarətə keçməsi gəlir axınının ölkə xaricinə yönəlməsinə səbəb olur.

Kibersuverenliyin ümumarxitektur prinsipləri  sistemlilik; çoxsəviyyəlilik; adaptivlik; milli standartlaşdırma kimi  prinsiplərə əsaslanmalıdır. Burada  Hüquqi baza, Texnoloji infrastruktur, İnstitusional mexanizmlər, İnsan kapitalı, İnnovasiya ekosistemi və s. funksional komponentlər rolunda çıxış edir. Bu aspektdə  Kiberdayanıqlılıq konsepsiyasının  rolu böyükdür. Kiberdayanıqlılıq yalnız müdafiə deyil, həm də sürətli bərpaolunma qabiliyyətidir. Belə ki, dayanıqlı system hücum zamanı funksionallığı qismən saxlayır; alternativ kanallara malik olur və
ehtiyat data mərkəzlərinə əsaslanır.
Bundan başqa Milli proqram sənayesi və bazarının formalaşmasına ciddi diqqət yetirilməlidir. Proqram təminatının idxaldan asılılığı kibersuverenliyin zəif nöqtəsidir. Milli proqram mühəndisliyi üçün: yerli proqramçı bazasının genişləndirilməsi;
açıq mənbəli platformaların inkişafı; dövlət sifarişləri vasitəsilə yerli İT sektorunun stimullaşdırılması; texnoparkların və startap ekosisteminin gücləndirilməsi çox vacibdir.

Süni intellekt əsaslı kibertəhlükəsizlik mexanizmlərinin işlənilməsi də çox önəmlidir. Süni intellekt sistemləri: davranış analizi; hücum ssenarilərinin proqnozlaşdırılması; avtomatlaşdırılmış müdafiə; kiber risklərin analizi funksiyalarını yerinə yetirə bilər. Milli süni intellekt platformalarının formalaşdırılması xarici alqoritmik asılılığın azaldılmasına xidmət edir.

Dövlətin kibersuverenliyində intellektual potensialın rolu böyükdür. İnsan kapitalı texnoloji suverenliyin əsas resursudur. Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış kadrlar; süni intellekt mütəxəssisləri; rəqəmsal iqtisadiyyat analitikləri;  milli elmi məktəblər suverenliyin intellektual dayağını təşkil edir. Texnoloji suverenliyin  əsas iqtisadi problemlərinə aiddir: yüksək kapital tələbi; texnologiya istehsalının uzunmüddətli olması; qlobal bazarda rəqabət məhdudiyyətləri; innovasiya risklərinin yüksəkliyi; daxili bazarın məhdudluğu və s. Texnoloji suverenlik böyük investisiya və strateji planlaşdırma tələb edir. Lakin uzunmüddətli perspektivdə əlavə dəyərin ölkə daxilində qalmasını təmin edir. Rəqəmsal iqtisadiyyatın texnoloji suverenliyinin əsas problemləri isə bunlardır: Platforma asılılığı, Mikroelektronika və çip istehsalında xarici asılılıq, Bulud xidmətlərinin konsentrasiyası, İntellektual mülkiyyət hüquqlarının məhdudluğu, Kadr axını və s. Bu problemlərin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığı, regional texnoloji kooperasiya və innovasiya fondlarının yaradılması zəruridir.

Beləliklə qısa təhlillər belə  Nəticəyə gəlməyə imkan verir ki, Texnoloji iqtisadi inkişafın davamlılığı texnoloji və rəqəmsal suverenliyin səviyyəsindən birbaşa asılıdır. Kibersuverenlik yalnız təhlükəsizlik məsələsi deyil, milli iqtisadiyyatın strateji dayanıqlılıq mexanizmidir. Rəqəmsal arxitekturanın vahid konsepsiya əsasında qurulması, milli proqram mühəndisliyinin inkişafı, süni intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi və intellektual potensialın gücləndirilməsi texnoloji suverenliyin əsas təminatlarıdır. Beləliklə, texnoloji suverenlik iqtisadi suverenliyin yeni mərhələsi kimi çıxış edir və rəqəmsal transformasiya strategiyalarının mərkəzi komponentinə çevrilir.

ƏLÖVSƏT QARACA ƏLİYEV,

 “Texnoloji İnkişaf Akademiyası” Elm-Təhsil-İqtisadiyyat  

İctimai Mərkəzinin  rəhbəri,  

professor

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!