29 Mart 2026 / 22:46

Bu cahana sığmayan Rasim Balayev əbədiyyətə qovuşdu…

Canlı əfsanənin gedişi ilə bir dövr başa çatdı…

Canlı əfsanə, uşaqlıq qəhrəmanımız, sanki ölməz bildiyimiz bir insan… Mən deyərdim ki, o, sadəcə aktyor yox, bütöv bir şəxsiyyət idi. Azərbaycan kinosunun canlı əfsanələrindən biri – Rasim Balayev.

Onun həyat və yaradıcılığına qısa nəzər salsaq, Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. O, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi tarixi və qəhrəmanlıq filmlərində yaratdığı yaddaqalan obrazlarla milli kinomuzun yaddaşına silinməz iz qoyub. Aktyorun filmografiyasında “Ulduzlar sönmür”, “Qatır Məmməd”, “İstintaq”, “Yarasa”, “Zirzəmi”, “Etiraf” və digər onlarla ekran əsəri xüsusi yer tutur.

Rasim Balayev – Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022–2026) və uzun illər bu qurumun katibi (1990–2013) olmuşdur.

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən sənətkar yaradıcılıq fəaliyyətinə “Ulduzlar sönmür” filmindəki ilk rolu ilə başlayıb. Daha sonra çəkildiyi filmlərdə yaratdığı obrazlarla Azərbaycan kinosunun ən parlaq simalarından birinə çevrilib. O, həm “Azərbaycanfilm” kinostudiyasında, həm də digər studiyalarda çalışaraq müxtəlif janrlı ekran əsərlərində uğurla çıxış edib.                                 Və bu korifey sənətkar haqqında qısa da olsa bir neçə söz yazmağı özümə borc bildim.

Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, 29 mart 2026-cı ildə İstanbulda vəfat edib. Bəli, uşaqlıq qəhrəmanlarımızdan biri də beləliklə haqq dünyasına qovuşdu.

Azərbaycan kino tarixinin ən parlaq səhifələrində onun adı xüsusi yer tutur. Filmlərimizin böyük bir qismi vətənpərvərlik ruhu, döyüşkənlik, mənəvi güc və milli kimlik üzərində qurulubsa, bu ruhu tamaşaçıya ötürən simalardan biri məhz o idi. Onun yaratdığı obrazlar sadəcə rollar deyildi, o bir məktəb, bir örnək idi.

Rasim Balayevin simasında bir kişilik, cəngavərlik və qürur vardı. Bu, təkcə onun oynadığı obrazlardan yox, həm də daxili dünyasından gəlirdi. Səhnədə də, həyatda da eyni bütöv, eyni ləyaqətli insan idi. O, həqiqətən də korifey idi. Azərbaycan kinosunda öz imzasını qoymuş, iz buraxmış sənətkarlardan biri. Onun iştirakı ilə çəkilən filmlər bu gün də sevilir, izlənir və gələcək nəsillərə ötürülür. Xüsusilə “Nəsimi”, “Koroğlu”, “Babək” kimi filmlər onun sənət möhürünü daşıyır. Bu obrazlar vasitəsilə o, tariximizi, milli ruhumuzu, qəhrəmanlıq salnaməmizi yaşatdı.

Amma Rasim Balayevi fərqli edən təkcə aktyorluğu deyildi. Onun özünü aparmaq tərzi, danışıq mədəniyyəti, daxili intizamı – bütün bunlar onu sadəcə sənətkar yox, eyni zamanda əxlaqlı və nümunəvi insan kimi tanıdırdı. O, ekranda necə idisə, həyatda da elə idi – səmimi, mədəni, ölçülü-biçili.

Bu gün eşitdiyim bu acı xəbər sözün həqiqi mənasında məni dərindən sarsıtdı. Bəli açığı, belə bir insanın dünyadan köçəcəyini heç düşünməzdim. Bəzən bəzi adamlar olur ki, sanki zaman onlara toxunmur – Rasim Balayev də elə insanlardan idi.

Amma belə şəxsiyyətlər əslində ölmür.
Onlar yaratdıqları sənətdə, qoyduqları izdə, yaddaşlarda yaşayır.

Rasim Balayev – Azərbaycan kinosunun silinməz imzası olaraq qalacaq.

Elşad FƏRMANOĞLU

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!