2 Aprel 2026 / 17:03

Meduza mozaikası-TÜRKİYƏDƏN XƏBƏR VAR

…Burdurun qədim Kibyra şəhərində qış aylarında bağlanan Meduza mozaikası və Odeion stoasının döşəmə quruluşu ziyarətçilər üçün yenidən açılıb. Dairəvi planlı monumental fəvvarənin də əsas mənbəyindən gətirilən suyun yenidən axmağa başladığı açıqlanıb. Türkiyə mətbuatı bildirir ki, Burdurun Gölhisar bölgəsindəki üç təpə üzərində yerləşən qədim Kibyra şəhərində 2006-cı ildə başlayan qazıntılar, 2010-cu ildən bəri Burdur Məhmət Akif Ersoy Universitetinin Arxeologiya kafedrasının müəllimi, professor Dr. Şükrü Özüdoğrunun rəhbərliyi ilə davam etdirilir. 2016-cı ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Kibyradakı qazıntılar yalnız Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrs və Muzeylər Baş İdarəsi tərəfindən deyil, eyni zamanda Burdur Valiliyi, Məhmət Akif Ersoy Universiteti, Gölhisar dövlət idarəsi və Gölhisar bələdiyyəsi tərəfindən də dəstəklənir.

Qazıntı işlərinə rəhbərlik edən professor Dr. Şükrü Özüdoğru sosial media hesabında bildirib ki, qış aylarında hava şəraiti ilə əlaqədar qorumaq məqsədilə bağlanan Kibyra Meduza Mozaikası açılıb və 2026-cı il noyabr ayının sonuna qədər ziyarət edilə bilər. Dairəvi planlı monumental bulaq tikilisindən (Tholos Nymphaion) gətirilən su da yenidən axmağa başlayıb.

Eramızın I əsrinin əvvəllərinə aid olan Meduza, mifologiyada gözlərinə baxanları daşa çevirdiyinə inanılan “ilan tüklü, iti dişli dişi canavar” kimi tanınır. Bu təsvir “Opus Sectile” texnikası ilə rəngli mərmərlərdən inşa edilib və mozaikanın dünyada bənzəri yoxdur.

2000 illik fəvvarədən yenə su axır

Professor Dr. Şükrü Özüdoğru və rəhbərlik etdiyi qrup tərəfindən dairəvi planlı fəvvarə konstruksiyasının restavrasiyası, konik damının bir hissəsi istisna olmaqla, cəmi 168 orijinal parçadan istifadə edilərək tamamlanıb. Beləliklə, Kibyra dairəvi planlı fəvvarə konstruksiyası 13 əsrdən sonra bərpa edilərək yenidən suya qovuşub. Restavrasiya zamanı 168-i orijinal olan 192 parça yenidən yığılıb. Qış aylarında ziyarətçilər üçün bağlı olan fəvvarə yazda yenidən açılıb və 2000 il əvvəl olduğu kimi, orijinal mənbədən su axır.

Tərcümə və təqdim edən: Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!