24 Aprel 2026 / 12:48

Naxçıvanda seçicilər ayağa qalxdı- SİYAVUŞ NOVRUZOVA QARŞI

Milli Məclisin deputatı Siyavuş Novruzovun seçiciləri ilə təşkil etdiyi onlayn görüş Naxçıvanda etirazla qarşılandığı haqda məlumat yayılıb. Deputatın onlayn görüş keçirməsindən narazı qalan sakinlərin görüşdə iştirakdan imtina etdiyi iddia olunur. Bu səbəbdən onlayn keçirilən qəbulda az sayda sakin iştirak edib. Tezadlar.az xəbər verir ki, bu barədə  məlumatı “Gündəlik Naxçıvan” səhifəsi yayıb. Yazıda görüşə qatılmadan imtina edən yerli sakinlərin şikayətləri də qeyd edilib. Onlar bildiriblər ki, bu cür görüş problemləri müzakirə etmək yox, görüntü yaratmaq üçündür. Seçicilərdən Nazim Mahmudov deputatın fəaliyyətsizliyindən şikayət edib: “Bu, qəbul deyil, açıq-aşkar seçiciyə hörmətsizlikdir, imitasiya və manipulyasiyadır. Özünə əziyyət verib seçicinin ayağına gəlmək istəmir… Bizim problemlərimiz illərlə yığılıb qalıb… Amma bu deputatdan bir dəfə də real dəstək görməmişik”.

Digər sakin Asif Ağayev isə deyir ki, deputatı yalnız seçki vaxtı görə bilirlər: “Biz bu adamı yalnız seçki vaxtı görə bilmişik. Ondan sonra nə özü var, nə də səsi çıxır. İllərlə yazdığımız müraciətlər cavabsız qalıb. İndi isə çıxıb deyir ki, guya onlayn qəbul keçirir. Hansı qəbul? Kim iştirak edib? Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır. Əgər doğrudan da seçicilərlə işləyirdisə, niyə illərlə bir dəfə də olsun açıq görüş keçirmədi? Köməkçisini belə görə bilmirik…. Bizə belə deputat lazım da deyil”.

Qeyd: Siyavuş Novruzov 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputat seçilib… Amma Siyavuş Novruzov bu seçici qalmaqalına hələki susub cavab vermir. 

Xatırlatma: digər dairələrdən də passiv və susqun deputatlar yetərincədir… 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!