Əsas məzmuna keç

Gürcüstan polisindən “Beşiktaş” – “Hapoel” matçında baş verən qarşıdurma ilə bağlı açıqlama var

Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol oyunu öncəsi və zamanı baş verən qarşıdurma ilə bağlı rəsmi açıqlama yayıb. Tezadlar.az xəbər verir ki, nazirliyin məlumatına görə, “Beşiktaş” azarkeşlərinin bir qismi aqressiv davranışlar nümayiş etdirərək ictimai asayişi pozub, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurmaya girib. DİN-in bildirdiyinə görə, insident noyabrın 26-da baş verib. Azarkeşlərin Avropa Meydanından “Batumi Arena” stadionuna doğru yürüşü zamanı nalayiq şüarlar səsləndirildiyi, müxtəlif əşyaların atıldığı və polis əməkdaşlarına müqavimət göstərildiyi qeyd olunub. Nazirlik həmçinin bildirib ki, qarşıdurma stadionun ərazisində də davam edib.

Azarkeşlərin stadionun oturacaqlarına və digər infrastrukturuna zərər vurduğu, sökülən oturacaqları polis əməkdaşlarına ataraq onların həyat və sağlamlığı üçün təhlükə yaradıb. Açıqlamada qeyd edilib ki, vəziyyətin nəzarətə götürülməsi və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə polis müvafiq tədbirlər həyata keçirib və xüsusi vasitələrdən istifadə edib. DİN-in məlumatına əsasən, hadisələr nəticəsində 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hüquqazidd əməllərdə iştirak etməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb. Nazirlik bəzi xarici media vasitələrində polisin güc tətbiq etməsinin Fələstinə dəstək bayraqları və bannerlərinin nümayiş etdirilməsi ilə əlaqələndirilməsini təkzib edib.

Bildirilib ki, qarşıdurma həmin bayraq və bannerlər nümayiş etdirilməzdən əvvəl, azarkeşlərin stadiona doğru yürüşü zamanı başlayıb. DİN vurğulayıb ki, Gürcüstan ərazisində vətəndaşlığından və milliyyətindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir. Polis əməkdaşlarına hücum, zorakılıq və ictimai asayişin kobud şəkildə pozulmasına qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında qarşılaşma İstanbul əvəzinə Batumidə keçirilib. UEFA-nın açıqlamasına görə, təhlükəsizlik səbəbindən oyunun İstanbulda keçirilməsi mümkün olmayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…