…Tarixdə blokadalar olubmu? Olubsa, necə nəticələnib? Onu tətbiq edənlərin aqibəti necə olub?
Təkrarlanan tarixi hadisələri dərindən bilmək müəyyən nəticələr çıxarmağa və ibrət dərsləri almağa imkan verir. Amma yalnız tarixə istinad edərək bütün məsələləri həll etmək mümkün deyildir. Tarix elə tarixdir, olduğu kimidir, onu dəyişdirmək mümkün deyildir.
XIX və XX əsrlərdə tətbiq edilmiş iki məşhur blokada hadisəsi və nəticələri haqqında çox qısa yazmaq istəyirəm.
Birincisi, Fransanın əsas rəqibi olan İngiltərənin dəniz qüdrətini sarsıtmaq və onu ada dövlətinə çevirmək məqsədi ilə I Napoleonun 1806-1814-cü illərdə tətbiq etdiyi dəniz blokadasıdır. İngiltərəyə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edən I Napoleon ingilislərin xarici aləmlə rabitəsini kəsməyə, ticarət və poçt əlaqələrini dayandırmağa çalışırdı. Hətta Fransa ərazisində tutulan İngiltərə təbəələri hərbi əsirlər elan olunur və əmlakları da müsadirə edilirdi. I Napoleon blokadaya bir neçə Avropa dövlətini qoşduğuna görə, bu, “kontinental blokada” adlanırdı. Lakin blokada İngiltərə ilə ənənəvi ticarət əlaqələri olan Avropa dövlətlərinə ziyan vurduğundan onlar öz maraqlarını əsas götürərək Fransadan uzaqlaşdılar. İngiltərə və digər dövlətlər Fransa əleyhinə bir neçə koalisiya yaratdılar. Blokada fransız iqtisadiyyatına da ağır zərbə vurdu. I Napoleon məqsədinə nail ola bilmədi, İngiltərə qüdrətli dəniz dövləti mövqeyini qoruyub saxladı. Apardığı müharibələr Fransa üçün məğlubiyyətlə nəticələndi. I Napoleon həbs edilərək Elba adasına sürgün edildi. 1814-cü ildə Fransada Burbonlar sülaləsinin hakimiyyəti bərpa edildikdən sonra “kontinental blokadaya” son qoyuldu. Elba adasından xəlvəti qaçaraq ikinci dəfə hakimiyyətə qayıtmaq istəyən I Napoleonu müttəfiqlər həbs edərək Böyük Britaniyanın Atlantik okeanının cənubundakı torpağı olan Müqəddəs Yelena adasına sürgünə göndərdilər. Orada 1821-ci ildə öldü.
İkincisi, Amerika Birləşmiş Ştatlarının ən gənc prezidenti Con Kennedinin 1962-ci ildə Kubanı dəniz blokadasına alması, yaranmış Kuba raket böhranı və ya Karib böhranıdır. 1959-cu il Kuba inqilabından sonra qurulmuş Fidel Kastro rejimindən Vaşinqtona qarşı istifadə edən SSRİ rəhbərliyi bu ölkənin ərazisində 60-cı illərin əvvəllərində orta mənzilli ballistik raketlərini yerləşdirdi. Raketlər Birləşmiş Ştatlara qarşı tuşlanmışdı. Amerikanlar məsələni dəfələrlə qaldırsalar da, sovet rəhbərliyi Kuba ərazisində raketlərinin olmadığını bildirirdi. 1959-1961-ci illərdə Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində işləmiş, 1961-ci ildən etibarən isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Vladimir Semiçastnı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşova demişdi ki, raketlər elə gizlədilib ki, amerikalılar onların yerlərini müəyyənləşdirə bilməzlər. Lakin C. Kennedinin əmri ilə Birləşmiş Ştatların U-2 təyyarələri bir neçə dəfə Kuba səmasında sürətlə uçaraq həmin raketlərin şəkillərini çəkdilər. Raketlər palma ağaclarının altında “gizlədilmişdi”! Palma ağaclarının altını sovet xarici kəşfiyyatı ən etibarlı yer hesab etmişdi!
BMT Təhülkəsizlik Şurasının iclasında məsələ müzakirə edilərkən ABŞ-nin təşkilatdakı daimi nümayəndəsi Edlay Stivenson SSRİ-nin daimi nümayəndəsi Valerian Zorindən sovet raketlərinin Kubada olub-olmamasına dair sual verdi. Cavabında V. Zorin Amerika məhkəməsi qarşısında dayanmadığını dedi. E. Stivenson bildirdi ki, siz indi ABŞ deyil, dünya xalqlarının və ölkələrinin məhkəməsi qarşısındasınız. O, SSRİ-ni dünya ictimaiyyətini aldatmaqda ittiham edərək U-2-lərdən çəkilən fotoşəkilləri nümayiş etdirdi. Bu, SSRİ-nin diplomatik-siyasi məğlubiyyəti və bütün dünyada rüsvay olması idi.
Amerikan gəmiləri SSRİ-dən göndərilən gəmilərin Kubaya girişinin qarşısının kəsmək üçün Karib dənizində uc-uca, burun-buruna dayanaraq Kubanı blokadaya aldılar. Üçüncü Dünya müharibəsi, nüvə təhlükəsi yarandı.
Blokadada olan Kubaya yardım adı ilə göndərilən, üstü ərzaq, altı silahlarla dolu yüklənmiş sovet gəmiləri Karib dənizindəki amerikan gəmilərinə çatıb dayandılar. SSRİ Kubanın blokadasını yara bilmədi. C. Kennedi N. Xruşşova yerini göstərdi. Bu, Sovet İttifaqının alçaldılması, Karib dənizində hərbi baxımdan ölümü, N. Xruşşovun isə siyasi karyerasının sonu demək idi.
Bəs məsələ necə həll edildi? Məxfi danışıqların nəticəsində SSRİ rəhbərliyi Birləşmiş Ştatların başlıca tələbini yerinə yetirdi: raketlərini Kuba ərazisindən çıxardı. Vaşinqton da Kubanın blokadasına son qoydu.
ABŞ SSRİ-nin istədiyi iki məsələni yerinə yetirdi: birincisi, bir neçə il əvvəl Türkiyə ərazisində İzmirdə yerləşdirdiyi “Yupiter” raketlərini çıxardı; ikincisi, C. Kennedi ABŞ-nin Kubaya müdaxilə etməyəcəyinə və rejimi dəyişdirməyəcəyinə dair Dövlət Sözü verdi. Bu, bir şəxsin hakimiyyətdə olduqca qüvvədə olan şəxsi sözü deyildi! Dövlət Sözü idi!
Bəs dünyanı nüvə müharibəsi təhlükəsi astanasına gətirən C.Kennedinin və N. Xruşşovun aqibətləri necə oldu? Onların hər ikisi sanki talelərini özləri yazmışdılar.
Amerikada hərbçilər, siyasətçilər, jurnalistlər və b. C. Kennedini ABŞ dövlətinin nüfuzuna xələl gətirməkdə, amerikan xalqının heysiyyatına toxunmaqda təqsirləndirirdilər. Nəticədə C. Kennedi Texasda Dallasda 1963-cü il noyabrın 22-də öldürüldü. Bu, sonralar üstü açılan müəmmalarla dolu bir qətl idi.
N. Xruşşovun taleyi də acınacaqlı oldu. Səfərdən qayıdarkən Moskvada hava limanında onu rəsmi protokola əsasən Sov. İKP MK Siyasi Bürosunun bütün üzvləri qarşılamalı olduqları halda yalnız MK katibi Mixail Suslov qarşıladı. Bu, C. Kennedidən fərqli fiziki olaraq sağ qalan N. Xruşşovun siyasi karyerasının uğürsuz sonu demək idi. M. Suslov ona hər şeyi “başa saldı”. 1964-cü il oktyabrın 14-də keçirilən Sov. İKP MK Plenumunda N. Xruşşov Sov İKP MK-nın Birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi. Bu, sovet dövlətinin o vaxta qədərki tarixində ilk dəfə olaraq rəhbərin vəzifəsindən dinc yolla uzaqlaşdırılması, çevriliş idi. N. Xruşşovun yerinə Leonid Brejnev seçildi.
Yaxın tarixin acı təcrübəsindən nəticə çıxaran SSRİ və ABŞ bir neçə il sonra münasibətlərində gərginliyin zəiflədilməsi prosesinə başladılar. Artıq mübarizə qarşıdurma, hədə və təhdidlərlə deyil, tamamilə başqa metodlarla, məsələn, konvergensiya, daxildən zəiflətməklə aparılırdı.
***
Tarixən belə olub: yaranmış mürəkkəb şəraitdən çıxmağa, problemləri həll etməyə çalışanları ağıllı, həmin mürəkkəb, çətin şəraitin, problemlemlərin yaranmasına imkan verməyənləri isə müdrik dövlət xadimləri hesab ediblər. Müdrik dövlət xadimləri isə ölkələrin ərazisinin böyüklüyü ilə ölçülmür…
Musa Qasımlı,
Millət vəkili