28 Aprel 2026 / 10:24

“Maşını evin qarşısında saxladığınıza görə 600 manat cərimələnmisiniz”- YENİ CƏRİMƏ GƏLİR

Bilmirsən güləsən, yoxsa ağlayasan… Bizim parlamentdə mürgü vuran deputatlardan başqa nə gözləmək olar ki! Budur, həyət evlərinin qarşısındakı boş sahələrdə ağac- gül əkmək, yaxud şəxsi avtomobili saxlamaq qadağandır, hətta cəriməsi də var. Elə hüquqşünas- ekspert Əkrəm Həsənov bu barədə sosial mediada maraqlı açıqlama verib. Sitat: “…Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə, sahə onun mülkiyyətindədir, ya yox… Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.

Beləliklə, həyət evindəsizsə, yaxud həyət evində yaşayan qohumgilə qonaq getmisizsə, bilin ki, qəflətən bəıədiyyə müfəttişlərindən telefonunuza mesaj gələ bilər ki, 600 manat cərimə edildiniz. Yaxud, həyət evinin qarşısındakı zir- zibili təmizləyib, səliqəyə salaraq nə badə ağac, gül əkərsiniz. Etməyin, cərimə başımızın üstündədir…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!