Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mədəniyyət sahəsində çalışan hər bir jurnalist kino dilini, onun nəzəri əsaslarını yetərincə bilməlidir.
Tezadlar.az xəbər verir ki, bu fikirlər kinoşünas, mədəniyyət yazarı Sevda Sultanova Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə səsləndirib.
Kinoşünas müasir media mühitində kino jurnalistikasının vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb:
“Bəzən kino sahəsindən yazan jurnalistlərin mədəniyyət sahəsində elementar biliyi olmur. Kino tənqidçiliyi ilə kino jurnalistikası anlayışları da fərqlidir. Tənqid ilə peşəkar məşğul olmaq üçün kinonu həyat tərzinə çevirmək lazımdır. Bu daha analitik yanaşma tələb edir. Kino jurnalistikası isə daha çox informativ xarakter daşıyır”.
S.Sultanova ssenari yaradıcılığında yalnız yazı bacarığının kifayət etmədiyini vurğulayıb.
“Usta yazıçı olmaq hələ yaxşı ssenari yazmaq demək deyil. Yaxşı ssenarini ərsəyə gətirmək üçün vizual duyumun yerində olmalıdır, yəni yazdığını görə bilməlisən”, – yazar bildirib
Kinoşünas qeyd edib ki, güclü ssenari məktəbi kinonun inkişafına təkan verə biləcək açar amillərdən biridir:
“Ssenari təhsilinin inkişafı kinonun keyfiyyətli yüksəlişi üçün əsas şərtlərdən biridir. Milli kinonun problemləri yalnız film istehsalı ilə bağlı deyil, eyni zamanda ssenari düşüncəsinin zəifliyi və peşəkar məktəbin formalaşmaması ilə də əlaqəlidir. Ölkədə kinoşünaslıq və ssenari təhsilinin sistemli inkişafı gələcək kino layihələrinin uğuruna birbaşa təsir göstərə bilər. Əsaslı ssenari məktəbi olmadan kino sənayesinin inkişafından danışmaq mümkün deyil”.
Sevda Sultanova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (hazırda Prezident yanında İdarəçilik Akademiyası) Sosial idarəetmə və menecment fakültəsini bitirib.
Müxtəlif vaxtlarda “525-ci qəzet”də, Kulis.az və AzLogos saytlarında kino, televiziya və mədəniyyət sahəsinə aid publisistik və analitik yazıları ilə çıxış edib. “Fokus” analitik kino jurnalının və kinoyazar.az saytının daimi müəlliflərindən biridir. “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının müəllifidir.
2020-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoşünaslıq sahəsindəki fəaliyyətinə görə mükafata layiq görülüb. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının milli və xarici film baxışları layihəsinin moderatorudir.