8 May 2026 / 08:20

Hörmüzdə gərginlik: İran Amerika gəmilərini, ABŞ isə komanda mərkəzlərini vurdu-TƏCİLİ

Mayın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən İranın hücumlarının qarşısını alıb və özünümüdafiə məqsədilə cavab zərbələri endirib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) gəmiləri beynəlxalq dəniz dəhlizi ilə hərəkət edərkən İran qüvvələri tərəfindən çoxsaylı raketlər, pilotsuz uçuş aparatları (PUA) və kiçik qayıqlar vasitəsilə hədəfə alınıb.
Hücum nəticəsində ABŞ-yə məxsus hərbi texnikaya ziyan dəyməyib. “CENTCOM təhdidləri zərərsizləşdirərək, ABŞ qüvvələrinə edilən hücuma görə məsuliyyət daşıyan İranın hərbi obyektlərinə zərbələr endirib. Hədəfə alınan məkanlar arasında raket və dron buraxılış məntəqələri, komanda-idarəetmə mərkəzləri, həmçinin kəşfiyyat və müşahidə qovşaqları yer alıb”, – deyə açıqlamada qeyd olunub. CENTCOM münaqişənin genişlənməsini istəmədiyini, lakin ABŞ qüvvələrini müdafiə etmək üçün tam hazırlıq vəziyyətində olduğunu bəyan edib. Amerika Birləşmiş Ştatları tərəfindən İslam Respublikasının ərazisindəki hədəflərə endirilən zərbələrə baxmayaraq, Vaşinqton və Tehran arasındakı atəşkəs rejimi qüvvədə qalır.
Donald Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, İran qısa müddət ərzində Vaşinqtonla saziş bağlamasa, ABŞ silahlı qüvvələri daha sərt və amansız hücumlar həyata keçirəcək. İslam İnqilabı Keşikçiləri Korpusu İran qüvvələri tərəfindən hücuma məruz qalan ABŞ esmineslərinin ciddi zədələndiyini və Hörmüz boğazı ərazisini təcili şəkildə tərk etdiyini bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!