14 May 2026 / 12:49

Özəl məhkəmə ekspertizası institutunun tətbiqi ilə bağlı vəkillər arasında sorğu keçirildi-NƏTİCƏ

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”ya uyğun olaraq, özəl məhkəmə ekspertizası institutunun tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən vəkillər arasında birgə onlayn sosioloji sorğu keçirilib. Nazirlikdən tezadlar.az-a verilən məlumata görə, sorğunun əsas məqsədi bu sahədə mümkün risklərin qiymətləndirilməsi, mövcud təşkilati və metodiki çatışmazlıqların müəyyən edilməsi, həmçinin praktikada daha çox ehtiyac duyulan ekspertiza sahələrinin dəqiqləşdirilməsi olub. Sorğuda iştirak edən vəkillərin 82,1%-i mülki, 51,4%-i cinayət, 46,4%-i isə inzibati və kommersiya mübahisələri sferasında daha çox fəaliyyət göstərən vəkillərdir. Statistikaya əsasən, respondentlərin 83,2%-i fiziki şəxslərin, 49,7%-i hüquqi şəxslərin (şirkətlərin), 6,1%-i dövlət orqanlarının hüquqlarını müdafiə edir, 17,9%-i isə dövlət hesabına hüquqi yardım göstərir.

İş stajına görə respondentlərin 24,6%-i 5 ilədək, 17,9%-i 6-10 il, 21,2%-i isə 11 ildən çox təcrübəyə malikdirlər. Sorğunun nəticələrinə əsasən vəkillərin 40,3%-i il ərzində orta hesabla 15-50 aralığında məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət verir ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində ekspertiza institutunun mühüm əhəmiyyətini bir daha təsdiq edir.

Sorğu çərçivəsində respondentlər məhkəmə ekspertizası fəaliyyətinin mövcud vəziyyətini qiymətləndirib, həmçinin özəl ekspertiza institutunun tətbiqinin mümkün nəticələri və perspektivləri ilə bağlı mövqelərini ifadə ediblər. Sorğunun nəticələri göstərir ki, vəkillər özəl məhkəmə ekspertizası institutunun tətbiqinin bir sıra müsbət təsirlərə səbəb ola biləcəyini ehtimal edirlər. Belə ki, 45,8% respondent ekspertizanın icra müddətlərinin qısalacağını, 49,2% ekspert rəylərinin keyfiyyətinin yüksələcəyini, 58,7% bu sahədə rəqabət mühitinin formalaşacağını, 48% ekspert rəylərinə etimadın artacağını mümkün hesab edir. Bununla yanaşı, respondentlər özəl məhkəmə ekspertizası institutunun tətbiqi nəticəsində mümkün ola biləcək müəyyən riskləri də qeyd ediblər. Belə ki, 34,1%-i tərəflər arasında prosessual bərabərsizliyin yarana biləcəyini, 32,4%-i maraqların toqquşmasını orta ehtimal kimi dəyərləndirib.

Sorğunun mühüm hissələrindən biri məhkəmə ekspertizası sahəsində ehtiyac duyulan istiqamətlərin müəyyən edilməsi olub. Sorğunun nəticələrinə əsasən aşağıdakı ekspertiza sahələri yüksək və çox yüksək ehtiyac duyulan istiqamətlərdir:

  • yol-nəqliyyat hadisələri üzrə ekspertiza (70,9%)
  • məhkəmə tikinti-texniki ekspertizası (69,3%)
  • məhkəmə-mühasibat ekspertizası (62,6%)
  • məhkəmə-əmtəəşünaslıq ekspertizası (59,2%)
  • məhkəmə-psixoloji ekspertizası (57%)
  • audio və videoyazıların məhkəmə ekspertizası (56,4%)
  • məhkəmə kompüter-texniki ekspertiza (54,2%)

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessualİnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər.

Bundan əlavə, açıq sual formatında respondentlər siyahıda yer almayan, lakin zəruri hesab etdikləri sahələri də qeyd ediblər. Bu istiqamətdə aşağıdakı ehtiyaclar xüsusilə vurğulanıb:

  • məhkəmə-psixiatrik ekspertiza xidmətlərinin inkişafı;
  • məhkəmə-ballistik, trasoloji və narkoloji ekspertizalar;
  • məhkəmə-tibb ekspertizası sahəsində özəl məhkəmə ekspertizası institutunun formalaşdırılması.

Sorğunun nəticələri məhkəmə ekspertizası sahəsində islahatların həyata keçirilməsi, özəl məhkəmə eksperti institutunun fəaliyyətə başlaması və məhkəmə ekspertizasının müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əldə olunan nəticələr normativ-hüquqi bazanın təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsaslı zəmin yaradır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!