…Bu statusumu ciddi qəbul edin (yazdıqlarımı özümə də aid edirəm). Metropoliten rəhbəri məmur ordusunun sadə vətəndaşlara əsl münasibətini aşkar etdi. Bizi adam yerinə qoymurlar.
Zatən bunu bəzilərimiz onsuz da bilirdik. Adi yağışdan, qardan və hətta istidən şəhər iflic olursa, deməli, bura yaşanası yer deyil. Ölkədə pul azalsa da, məmurların iştahı azalmır, buna görə də infrastrukturun inkişafına vəsait az xərclənəcək, yəni daha çox oğurlanacaq.
Mən hələ paytaxtımızın ekoloji problemlərini demirəm. Təbii, Bakının yaxşı, səfalı yerləri də var, amma oralara “mərkəz”dən də əvvəl bizləri pulumuz olmadığı üçün buraxmırlar onsuz da.
Eviniz, mənziliniz, mülkünüz var burada? Bəs borcunuz var? Varsa, əvvəl-axır borca görə dəyər-dəyməzə verəcəksiz mülkünüzü. İndi baha satın heç olmasa. Hazırda borcunuz yoxdursa, mütləq olacaq, çünki maddi vəziyyətiniz get-gedə daha da pisləşəcək. Bakı onsuz da sizlik şəhər deyil. Bura zənginlərin şəhəri kimi ehtiva edilir.
Satmayacaqsız? Sizdən soruşan kimdir ki?! Şəhərdə artıq xeyli binaları tikinti şirkətləri şəhər başçısının qanunsuz sərəncamları əsasında söküblər və sökməyə də davam edirlər.
Məhkəmələr də bu haqsızlığa haqq qazandırır. Deyirəm axı: Bakı sizlik deyil!
Hara köçəsiz? Rayonlara. Birləşin və rayonlarda birgə kənd təsərrüfatları yaradın. Bilirəm ki, çətindir. Amma Bakıda yaşamaq bundan da çətin olacaq get-gedə. Uzaqbaşı zənginlərin hambalı olacaqsız burada. Ta o vaxta kimi ki, Xəzər dənizinin quruması burada zənginlərin də həyatını mümkünsüz edəcək və köçəcəklər… yox, sizin yanınıza rayonlara yox əlbəttə ki! Xaricə köçəcəklər. Orada hər şeyləri var…
Bakı isə ondan sonra dünyanın ən böyük muzey-şəhəri olar yəqin. Və bu muzey necə yaşamamaq üzrə dünyaya ibrət olar. Bom-boş yeraltı metro stansiyaları daxil…
Əkrəm HƏSƏNOV,
Vəkil