Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyətə başlayacağı yeganə istiqamət olacaq”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili “İmedi” telekanalının efirində deyib. Mariam Kvrivişvili Azərbaycandakı həmkarlarına təşəkkür edərək qeyd edib ki, altı illik fasilədən sonra sərnişin dəmir yolu əlaqəsinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır: “Ölkəmizə xüsusi jest göstərən azərbaycanlı həmkarlarımıza minnətdarlığımı bildirirəm. Altı ildən sonra ilk dəfə olaraq sərnişin qatarı fəaliyyətə başlayır və Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyət göstərəcəyi yeganə istisna olacaq”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, mövcud şəraitdə Gürcüstan üçün turist axınının artırılması xüsusi əhəmiyyət kəsb edir. Nazir vurğulayıb ki, Azərbaycan uzun illərdir Gürcüstanın mühüm tərəfdaşlarından biridir və hazırda iki ölkənin paytaxtları əsasən hava nəqliyyatı ilə əlaqələndirilir. Kvrivişvilinin sözlərinə görə, dəmir yolu əlaqəsinin bərpası yay turizm mövsümündən etibarən insanlar arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi münasibətlərin dərinləşməsinə və turist sayının artmasına mühüm töhfə verəcək. Kvrivişvili bildirib ki, Azərbaycanla imzalanan tarixi saziş paketinin əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri mühüm rol oynayıb. Onun sözlərinə görə, razılaşmaların əldə olunmasından əvvəl aylarla davam edən intensiv danışıqlar aparılıb. Nazir qeyd edib ki, imzalanan sazişlər əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir: “Enerji sahəsində əldə olunan razılaşmalar qaz təchizatı, qaz idxalı və tranziti, elektrik enerjisinin idxalı və tranziti, həmçinin fəaliyyəti dayandırılmış Bakı-Supsa boru kəmərinin yenidən işə salınmasını nəzərdə tutur”.
M. Kvrivişvili bildirib ki, Gürcüstan üçün qaz təminatının davamlılığı, əlverişli kommersiya şərtləri və enerji mənbələrinin diversifikasiyası əsas prioritetlərdəndir. Nazir əlavə edib ki, bu ilin sonunda müddəti başa çatmalı olan sosial qaz müqaviləsinin uzadılması ilə bağlı Azərbaycanla razılıq əldə olunub.
Mariam Kvrivişvilinin sözlərinə görə, Azərbaycanla imzalanan müqavilələr Gürcüstanın regionda tranzit ölkə kimi rolunu daha da gücləndirəcək.