Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İçimdəki “mən”in bayramı…
(esse)
Heç sevmirəm telefonda vaxt keçirməyi. Amma bu bayramda ona – telefona icazə verdim… İcazə verdim ki, mesaj bolluğundan həzz alsın. İnsanların, necə deyərlər, artıq illərdir yararlandıqları üsullardan birinin – müasir sosiallaşma dəbinin keyfini çıxarsın. Telefon da sağ olsun, məni peşman etmədi. Mesaj kitabçasının lap “dibində qalmış” köhnə tanış-bilişin belə, üzə çıxmasına, bir-birimizlə həmrəy olmamıza imkan yaratdı. Bunun üçün telefonuma hətta minnətdar oldum, lap “əllərindən öpdüm”.
…Amma hər kəsin içinin dərin qatlarında gizlənən, bəlkə də, görünməyə qorxan bir varlığın yoxluğa boylanaraq özünü bəlirləməsi də varmış sən demə. Külli-aləm içində varlığını yalnız sürdürən birisi… Bax, həmin o “birisi”nə heç telefonun da “əli çatmır”. Bütün uzaq məsafələri qət edən, hər cür uca zirvələri “fəth edən” mesaj nümunələri belə, o saxlanc yerinə çata bilmir öz rəngarəngliyiylə. O yer – bu dünyadakı ən gizli, ən məhrəm yerdir. Bəlkə, elə o dünyadakı gizli yerlərin də biridir hətta. O yerə gedib düşən heç bir vəchlə qayıdıb çıxmır… Bax, həmin o yer – insanın heç kəslə bölüşə bilmədiyi, onu kimsənin heç zaman duymadığını anlayaraq qəlb “qab”ındakıları boşaltdığı yerdir. Bəzən hətta özün də bilmirsən ki, oraya nələri yığmısan, orada nələri gizlətmisən… Bəlkə də, ora bir xəzinədir, içərisi ən qiymətli, ən dəyərli sərvətinlə dolu olan bir xəzinə… İnsanın yalnızca, təkbaşına topladığı, zamanla yığdığı və hətta bundan yetərincə faydalana bilmədiyi xəzinə. Ehh, bu da bayramın birisi və ya növbətisi…
Bayramın mübarək, içimdəki “mən”…
Zeynəb ƏLİQIZI