Detektiv filmlər hər zaman gözlənilməz süjetləri və gərgin səhnələri ilə tamaşaçıları ekran qarşısına bağlayır. Xüsusilə silsilə qətllərdən bəhs edən ekran əsərləri hadisələrin sonunu əvvəlcədən təxmin etməyi çətinləşdirir.
Tezadlar.az xarici mediaya istinadən cinayətkarların axtarışı və ədalətin bərpasından bəhs edən 8 maraqlı detektiv filmi təqdim edir.
Cennifer 8 (1992-ci il)
Los-Ancelesdən Kaliforniyanın sakit şəhərlərindən birinə köçən detektiv yeni həyata başlamaq istəyir. Lakin zibillikdə qadına məxsus kəsilmiş əlin tapılması onun planlarını alt-üst edir.
Araşdırma zamanı məlum olur ki, cinayət bir neçə görmə məhdudiyyətli qadının öldürülməsi ilə əlaqəlidir. Detektiv növbəti qurbanın həyatını xilas etmək üçün təhlükəli qatili axtarmağa başlayır.
“Qətl xatirələri” (2003-cü il)
Real hadisələrdən ilhamlanan Cənubi Koreya filmi 1980-ci illərdə baş verən silsilə qətllərdən bəhs edir. Yağışlı gecələrdə qadınların öldürülməsi polisi çətin vəziyyətə salır.
Hadisələri araşdıran iki müstəntiq tamamilə fərqli üsullarla işləyir. Şübhəlilərin sayı artsa da, qatili müəyyənləşdirmək getdikcə çətinləşir. Film gərgin atmosferi və gözlənilməz məqamları ilə seçilir.
“Qarşı istintaq” (2007-ci il)
Fransız kriminal trillerində polis əməkdaşının doqquz yaşlı qızı qətlə yetirilir. Cinayətdə şübhəli bilinən şəxs həbs olunur və 30 il azadlıqdan məhrum edilir. Lakin bir il sonra məhkumdan gələn məktub hər şeyi dəyişir.
O, günahsız olduğunu bildirir və əsl qatilin hələ də azadlıqda olduğunu iddia edir. Bundan sonra qızın atası həqiqəti yenidən araşdırmağa başlayır.
“Bir dəfə Marseldə” (2008-ci il)
Marseldə ardıcıl qətllər törədən cinayətkar şəhəri qorxu içində saxlayır. Təcrübəli polis komissarı Lui Şnayder onun izinə düşür. Lakin ailəsini faciəvi qəzada itirən müstəntiq alkoqol asılılığı və keçmişin ağır xatirələri ilə mübarizə aparır.
Rəhbərlik onu işdən uzaqlaşdırsa da, Şnayder qatili tapmaqdan imtina etmir.
“Təqibçi” (2008-ci il)
Cənubi Koreya istehsalı olan bu kriminal film real cinayətlərdən ilhamlanıb. Keçmiş polis əməkdaşı yanında işləyən qadınların bir-bir yoxa çıxdığını görür. Əvvəlcə onların rəqib tərəfindən aparıldığını düşünür.
Lakin telefon nömrələrini araşdıranda bütün qadınların eyni müştəri ilə görüşdüyünü aşkar edir. Bundan sonra amansız cinayətkarın izinə düşən keçmiş polisi təhlükəli mübarizə gözləyir.
“Fabrik” (2012-ci il)
İllərlə qadınları oğurlayan silsilə cinayətkarı axtaran detektiv heç bir nəticə əldə edə bilmir. Qatil arxasında demək olar ki, iz qoymur. Lakin bir gün müstəntiqin öz qızı da yoxa çıxır.
Bundan sonra hadisələr tamam başqa istiqamətdə inkişaf edir. Qızını sağ tapmaq istəyən ata bütün qaydaları pozaraq cinayətkarın axtarışına başlayır.
“Mən şeytanı gördüm” (2010-cu il)
Gizli xidmət əməkdaşının nişanlısı silsilə qatil tərəfindən vəhşicəsinə öldürülür. Sevdiyi qadının ölümündən sonra intiqam almağa qərar verən kişi cinayətkarı tapır. Lakin onu dərhal öldürmək əvəzinə, daha amansız plan qurur.
Qatili dəfələrlə yaxalayıb yenidən sərbəst buraxan qəhrəman təhlükəli oyuna başlayır. Zaman keçdikcə intiqam hissi onu da dəyişdirir.
“Donmuş torpaq” (2013-cü il)
Real hadisələrə əsaslanan film Alyaskada baş verən silsilə qətllərdən bəhs edir. Uzun illər ərzində qadınlar müəmmalı şəkildə yoxa çıxır. Cinayətkar qurbanlarını şəxsi təyyarəsi ilə ucqar ərazilərə apararaq öldürür.
Onun əlindən qaçmağı bacaran gənc qız polisə müraciət edir. Lakin əsas şübhəlinin cəmiyyətdə hörmətli ailə başçısı kimi tanınması istintaqı çətinləşdirir.
Bu filmlər yalnız cinayətlərin açılmasından deyil, həm də qorxu, intiqam, vicdan və ədalət axtarışından bəhs edir. Gərgin süjetli detektivləri sevənlər üçün maraqlı seçim ola bilər.






