Azərbaycanda uşaqpulu verilib- verilməməsi məsələsi çox müzakirə olundu, tənqidi çıxışlar da var, uşaqpulunun verilməsinə qarşı çıxışlar da oldu… Bəs xarici ölkələrdə bu məsələ necədir? Məsələn, Almaniyada uşaqpulu verilirmi, yaxud hansı yaşadək verilir? Araşdırmaçı jurnalist Cavanşir Həsənli tezadlar.az- ın sorğuladığı bu sualına özünün sosial media platformasında belə cavab verir: “Uşaqlar gününə sözardı: Əslində, mənim övladlarım artıq uşaq deyillər, 21 və 23 yaşlarında gənc tələbələrdir. Amma hələ də uşaqpulu alırlar. Baxmayaraq ki, tələbə olmaqla yanaşı, həm də işləyirlər (işçi tələbə – werkstudent), sabit maaş alırlar. Almaniyada uşaqpulu (kindergeld) üçün əsas yaş həddi 18 yaşdır. Yəni, bu yaşa qədər heç bir məhdudiyyət olmadan hər bir uşağa şamil olunur. Məbləğ hər uşağa görə 259 avrodur. 18 yaşdan sonra isə müəyyən hallarda ödəniş davam edə bilər: Əgər uşaq (əslində gənc) məktəbdə oxuyursa, peşə təhsili (Ausbildung) alırsa, universitetdə oxuyursa, könüllü sosial xidmət (FSJ, Bundesfreiwilligendienst və s.) edirsə, Ausbildung və ya universitet yeri axtarırsa 25 yaşa qədər uşaqpulu alır. Hətta bu yaşa qədər valideyn olan *uşaq* da həmin şərtlər daxilində uşaqpulu alır. Amma bunların heç biri yoxdursa, bununla belə, 21 yaşa qədər gənc işləmirsə və rəsmi şəkildə iş axtaran (arbeitssuchend) kimi qeydiyyatdadırsa, yenə uşaqpulu alır.
Əgər uşağın 25 yaşından əvvəl yaranmış əlilliyi varsa və o özünü maddi cəhətdən təmin edə bilmirsə, heç bir yaş məhdudiyyəti olmadan uşaqpulu alır. Almaniyada əvvəllər (2007-ci ilə qədər) bəzi hallarda Kindergeld 27 yaşa qədər ödənilirdi.
Daha bir nüans, valideynlərin aylıq gəlirinin 2000 avro və ya 200.000 avro olmasının uşaqpuluna heç bir aidiyyəti, təsiri və məhdudiyyəti yoxdur, uşaqpulu tabudur, toxunulmazdlr”.
Sitatın sonu!
A.Məmmədli