Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Serbiya Prezidenti Aleksandar Vuçiç Monteneqrodan olan kriminal klanların onun qətlini planlaşdırmasının heç kimə sirr olmadığını söyləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Tivatda jurnalistlərə danışıb.
A. Vuçiç iyunun 5-də baş tutacaq Qərbi Balkan – Avropa İttifaqı (Aİ) Samitində iştirak məqsədilə Tivata səfəri çərçivəsində jurnalistlərin onun təhlükəsizliyi ilə bağlı sualına cavab olaraq onun öldürülməsinin planlaşdırıldığı barədə xəbərlərə və 2021-ci ildə şübhəlilərdən birinin buna görə pul təklif etməsinə dair iddialara münasibət bildirərək bunun Monteneqrodan olan klan rəhbərləri ilə bağlı olduğunu deyib:
“Bu, böyük bir sirr deyil. Bu “Sky” yazışmalarında da var idi, yəni onlar bu yazışmaları “Sky” tətbiqi vasitəsilə əldə edilən söhbətlərdən çıxarıblar, deməli bunu əvvəldən istəyiblər, söhbət buradakı klan rəhbərlərindən gedir. Burada böyük bir yenilik görmürəm”.
Onun sözlərinə görə, problem Belqrad və Podqoritsa arasındakı siyasi gərginliklərdə də mövcuddur:
“Podqoritsa və Belqrad arasında tez-tez lazımsız siyasi gərginliklər olduqda hər kəs deyir ki, günahkar qarşı tərəfdir. Hamımız daha rasional və daha diqqətli olmalı idik, daha çox məsuliyyət daşımalı idik, amma ittihamlar başlayanda bunun sonu olmur. Kriminalçılar isə öz işlərini görürlər – bu onların işidir, burada böyük fəlsəfə yoxdur”.
Vuçiç səfəri çərçivəsində Tivatda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə samitin əsas mövzuları, Aİ-nin genişlənmə metodologiyasında mümkün dəyişikliklər və avrointeqrasiya prosesinin sürətləndirilməsinin əhəmiyyəti barədə müzakirələr də aparıb.
Serbiya Prezident bəyan edib ki, Yunanıstanın Baş naziri ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və xüsusilə Şimali Makedoniya ərazisindən qaz boru kəmərinin tikintisi məsələsi müzakirə olunub.
“Mən indicə Kiriakos Mitsotakis ilə Serbiya və Yunanıstan arasında əməkdaşlığın inkişafı, məsələn, Şimali Makedoniya ərazisindən qaz boru kəmərinin planlaşdırılması kimi mühüm layihələri barədə danışdıq. Təbii ki, Serbiyanın Avropa yolu da müzakirə olunub və Yunanıstandan bu istiqamətdə əlavə dəstək gözləyirəm”.
O əlavə edib ki, sabah Niderland, Polşa, İrlandiya, Slovakiya və Çexiya baş nazirləri ilə görüşlər keçirəcək:
“Əlbəttə ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ Şurasının sədri Antonio Koşta, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə ayrıca görüşüm olacaq”.