Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ƏTRAF MÜHİTİN QORUNMASI VƏ DAYANIQLI GƏLƏCƏYİN FORMALAŞDIRILMASI NECƏ OLMALIDIR?
(5 İyun – Ümumdünya Ətraf Mühit və Ekologiya Günüdür)
XXI əsrin qlobal çağırışlarından qlobal həllərə doğru olan müasir dövrü bəşəriyyətin inkişafının mürəkkəb mərhələlərindən biridir. Elmi-texniki tərəqqi, robotlaşdırma, süni intellekt, kvant, rəqəmsal iqtisadiyyat və s. kimi innovativ texnologiyalar böyük texnoloji imkanlar yaratsa da, parallel olaraq iqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, su ehtiyatlarının tükənməsi, torpaq deqradasiyası və digər ekoloji risklərin artması da qlobal təhlükəsizlik probleminə çevrilməkdədir. Artıq aydın görünür ki, ənənəvi iqtisadi inkişaf modelləri öz imkanlarının sərhədinə çatmışdır. Təbii resursların qeyri-məhdud hesab edildiyi, istehsalın və istehlakın ekoloji nəticələrinin kifayət qədər nəzərə alınmadığı inkişaf yanaşmaları yeni dövrün tələblərinə cavab vermir. Məhz buna görə də dünya iqtisadi fikrində və beynəlxalq inkişaf siyasətində “yaşıl transformasiya”, “rəqəmsal transformasiya”, “sirkulyar iqtisadiyyat”, “karbon neytrallığı”, “yaşıl innovasiyalar”, “ağıllı inkişaf” kimi anlayışlar strateji prioritetlərə çevrilmişdir.
Hər il iyunun 5-də qeyd edilən Ümumdünya Ətraf Mühit Günü yalnız təbiətin qorunmasına çağırış deyil. Bu gün həm də dövlətlərin inkişaf modelini yenidən düşünməsi, iqtisadi artım ilə ekoloji təhlükəsizlik arasında yeni balansın yaradılması zərurətini xatırladan mühüm beynəlxalq platformadır. Yeni inkişaf fəlsəfəsinə görə yaşıl və rəqəmsal transformasiyaların vəhdəti qaçılmazdır. Müasir mərhələdə yaşıl transformasiya ilə rəqəmsal transformasiyanı bir-birindən ayrı proseslər kimi qiymətləndirmək heç də düzgün olmazdı. Əslində onlar vahid inkişaf sisteminin qarşılıqlı əlaqədə fəaliyyət göstərən iki strateji komponentidir. Yaşıl transformasiya iqtisadiyyatın resursqoruyucu, enerji səmərəliliyi, aşağı karbon emissiyalı və ekoloji təhlükəsiz modelə keçidini nəzərdə tutur. Rəqəmsal transformasiya isə bu keçidin intellektual və texnoloji platformasını formalaşdırır. Başqa sözlə desək, rəqəmsal texnologiyalar olmadan yaşıl iqtisadiyyatın da effektiv idarə olunması mümkün deyil. Eyni zamanda ekoloji meyarlar nəzərə alınmadan həyata keçirilən rəqəmsallaşma da uzunmüddətli inkişafın dayanıqlılığını təmin edə bilməz. Bu baxımdan XXI əsrin inkişaf modeli həm yaşıl, həm də rəqəmsal olmaqla ikili transformasiya konsepsiyası üzərində qurulmaqdadır. Məhz buna görə də inkişaf etmiş ölkələrdə süni intellekt, böyük verilənlər analitikası, rəqəmsal əkizlər, blokçeyn texnologiyaları, əşyaların interneti, peyk monitorinq sistemləri və bulud infrastrukturları ekoloji idarəetmənin ayrılmaz elementlərinə çevrilmişdir.
Rəqəmsal ekologiya: yeni elmi istiqamətin formalaşması
Son illərdə dünya elmində yeni multidissiplinar istiqamət – rəqəmsal ekologiya formalaşmaqdadır. Rəqəmsal ekologiya ekoloji sistemlərin öyrənilməsi, monitorinqi, modelləşdirilməsi və idarə olunmasında informasiya texnologiyalarının tətbiqi problemlərini araşdırır. Bu istiqamətin əsas məqsədi ekoloji qərarların qəbulunda məlumatların dəqiqliyini artırmaq, təbii resurslardan istifadənin səmərəliliyini yüksəltmək və ekoloji riskləri minimumlaşdırmaqdır. Süni intellekt sistemləri meşə yanğınlarının proqnozlaşdırılmasında, su ehtiyatlarının idarə edilməsində, atmosfer çirklənməsinin monitorinqində və iqlim dəyişikliklərinin modelləşdirilməsində artıq geniş istifadə olunur. Böyük verilənlər texnologiyaları milyonlarla ekoloji göstəricinin emalına imkan verir. Peyk sistemləri torpaq örtüyündə, su hövzələrində və meşə fondlarında baş verən dəyişiklikləri real vaxt rejimində izləyir və təhlil edir. Rəqəmsal əkiz texnologiyaları isə şəhərlərin, sənaye müəssisələrinin və enerji sistemlərinin virtual modellərini yaratmaqla ekoloji riskləri əvvəlcədən qiymətləndirməyə imkan verir. Əslində rəqəmsal ekologiya gələcəyin ekoloji idarəetməsinin əsasını təşkil edir.

İnkişaf strategiyasında yaşıl-rəqəmsal prioritetlər
Ğlkənin sosial-iqtisadi inkişaf strategiyasında yaşıl və rəqəmsal transformasiyalar mühüm yer tutur. Son illərdə ölkədə həyata keçirilən rəqəmsallaşma proqramları, elektron hökumət layihələri, innovasiya ekosisteminin inkişafı və yaşıl enerji təşəbbüsləri bir-birini tamamlayan istiqamətlər kimi formalaşmışdır. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” strateji məqsəd kimi müəyyən edilmişdir. Bu məqsəd təkcə ekoloji olmayıb, eyni zamanda iqtisadiyyatın texnoloji modernləşdirilməsi, innovativ inkişafın sürətləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi proqramıdır. Milli prioritetlər çərçivəsində:
İşğaldan azad olunmuş ərazilərin yaşıl-rəqəmsal inkişaf modeli
İşğaldan azad olunmuş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri yalnız bərpa prosesi deyil, eyni zamanda yeni inkişaf modelinin qurulmasıdır. Bu regionlar yaşıl enerji zonası konsepsiyası əsasında formalaşdırılır. Burada günəş, külək və hidroenerji potensialından geniş istifadə nəzərdə tutulur. Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi nəticəsində rəqəmsal idarəetmə, enerji səmərəliliyi, ekoloji monitorinq və resursların optimallaşdırılması üzrə yeni mexanizmlər yaradılır. Qarabağ bölgəsi Azərbaycanın gələcək yaşıl-rəqəmsal inkişaf modelinin sınaq və tətbiq məkanına çevrilməkdədir.
İnsan kapitalı: yaşıl gələcəyin əsas resursu
Dünyada baş verən transformasiyalar göstərir ki, təbii sərvətlərdən daha vacib resurs insan kapitalıdır. Yaşıl iqtisadiyyatın və rəqəmsal cəmiyyətin qurulması üçün yeni nəsil bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan texnoloji-ekoloji savadlılığın artırılması strateji vəzifə kimi çıxış edir. Ona görə də universitetlərdə və tədqiqat mərkəzlərində:
Gələcəyin iqtisadiyyatında rəqabət üstünlüyü yalnız texnologiyalara sahib olmaqla deyil, həmin texnologiyaları yarada bilən və idarə edə bilən insan kapitalının formalaşdırılması ilə müəyyən olunacaqdır.
Formalaşmaqda olan yeni nəsil iqtisadiyyatın yaşıl-rəqəmsal siması göstərir ki, müasir dövrdə ekoloji problemlərin həlli artıq yalnız təbiətin mühafizəsi məsələsi deyildir. Bu, iqtisadi təhlükəsizlik, milli rəqabət qabiliyyəti, texnoloji suverenlik və sosial rifah məsələsidir.
Dünyanın inkişaf trayektoriyası göstərir ki, gələcəyin qalibləri yaşıl və rəqəmsal transformasiyaları uğurla inteqrasiya edən ölkələr olacaqdır.
Azərbaycan da bu qlobal transformasiyanın fəal iştirakçısı kimi rəqəmsal və bilik iqtisadiyyatının imkanlarını yaşıl inkişaf strategiyası ilə uzlaşdıraraq, innovasiya yönümlü, rəqabətqabiliyyətli və ekoloji dayanıqlı inkişaf modelini daha da gücləndirməkdədir. Ətraf mühitin qorunması artıq yalnız ekoloji məsuliyyət deyil, həm də iqtisadi zərurət və texnoloji sivilizasiya seçimidir.
5 İyun – Ümumdünya Ətraf Mühit Günü hamımıza bir daha xatırladır ki, insanın təbiətlə münasibətlərində yeni mərhələ başlanmışdır. Bu mərhələdə hamımıza RƏQƏMSAL TEXNOLOGIYALARLA DƏSTƏKLƏNƏN YAŞIL INKIŞAF, YAŞIL INKIŞAFLA ISTIQAMƏTLƏNDIRILƏN RƏQƏMSAL GƏLƏCƏK ARZULAYIRIQ!
ƏLÖVSƏT QARACA ƏLİYEV,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri,
İqtisad elmləri doktoru, professor