.az domenində 30 ildən çox davam edən inhisarçılıq dövrü bitəcəkmi?..
***
İKTA ilə ICANN arasında internet idarəçiliyi, DNS, internet təhlükəsizliyi və potensialın artırılması sahələrində əməkdaşlığa dair Memorandum imzalanıb. İlk baxışdan bu, adi beynəlxalq əməkdaşlıq sənədi kimi görünə bilər. Amma diqqət yetirdikdə sənədin internet idarəçiliyi, çoxtərəfli iştirakçılıq, DNS siyasətləri və beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı mühüm mesajlar verdiyi görünür. Məsələ ondadır ki, Azərbaycanın milli domeni olan “.az” uzun illərdir beynəlxalq normalara uyğun olmayan bir model əsasında idarə olunur.
Bu fikri Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O, vurğulayıb ki, bu günə qədər milli domenin “milli inzibatçısının” kim olması heç bir hüquqi sənəddə aydın şəkildə göstərilməyib.
“Milli domen ölkənin kritik rəqəmsal infrastrukturlarından biri hesab olunsa da, onun idarəçiliyi ilə bağlı şəffaf və kollegial mexanizm formalaşdırılmayıb. İllərdir bu sahədə problemlər, suallar və narazılıqlar səsləndirilsə də, nə nazirlik, nə də sonradan yaradılan İKTA prosesə real təsir göstərə bilməyib. Ədalət naminə deyim ki .az domeninin dayanıqlığı təmin edilsə də, faktiki olaraq idarə olunması uzun müddət məhdud çevrənin nəzarətində qalıb.
30 illik təcrübəmə əsasən deyə bilərəm ki, dəfərlərlə .az domeninin qeydiyyatının beynəlxalq normalara uyğunlaşdırılmasına cəhdlər olub.
Uzun uzadı müzakirələr, yazışmalar, çıxışlar olub. Xatırlayıram ki bizim AİF və Multimedia Mərkəzi olaraq bu istiqamətdə ilk ictimai müzakirələrimiz iki mininci illərdə olmuşdu. O zaman 500 manat olan qiymətin endirilməsinə nail olmuşduq.
Aparılan ictimai müzakirələrimiz və ictimai təsirlərlə, hətta keçmiş nazirlərdən birinin əmri ilə, maraqlı tərəflərin iştirakı ilə müvafiq kolleqial qeydiyyat qurumu formalaşdırılmışdı. Lakin naməlum qüvvələr buna imkan vermədiyindən proseslər dondurulmuşdu.
2012-ci idə İCANN ekspertlərilə Bakıda bu istiqamətdə müzakirələrimiz də olmuşdu. Lakin bu cəhdlərin heç biri indiyədək bu prosesin legitimləşdirilməsinə gətirib çıxarmayıb. Müşahidələrimə əsasən qeyd edə bilərəm ki, bildiyim qədər indiyədək də bu struktur kritik perimetrə də daxil edilməyib. Hansı ki, normalda ən kritik subyektlərdən biridir.
İndi İKTA -nın ICANN ilə əməkdaşlığın əsas əhəmiyyəti də məhz burada ortaya çıxır. Çünki ICANN-in əsas yanaşması internet idarəçiliyində dövlət, biznes, texniki icma, akademik dairələr və vətəndaş cəmiyyətinin birgə iştirakına əsaslanan çoxtərəfli modeldir.
Bilmirəm, İKTA bunun öhdəsindən gələ biləcəkmi?
.az domenin “Baş qeydiyyatçısı” Faiq Fərmanov PA-da sektor müdiri olan partnyoru ilə birləşib hələlik ictiami müqavimətlərə tab gətirə bilib. İndi görünən odur ki, müvafiq tənzimləyici qurum da bu işə əl qoyub. Bu dəfə tab gətirəcəyinə şübhə edirəm.
Ümid etmək olar ki, İKTA-nın son dövrlərdə bu istiqamətdə fəallığı, beynəlxalq internet idarəçiliyi institutları ilə əməkdaşlığı və yeni yanaşmaları Azərbaycanda da .az domeninin idarə olunmasında daha şəffaf, beynəlxalq normalara uyğun və bütün maraqlı tərəflərin iştirak etdiyi modelin formalaşmasına şərait yaradacaq.
Milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən .az domen infrastrukturu kritik perimetrə daxil ediləcəkmi?
30 ilə yaxındır məhdud çevrənin nəzarətində olan milli domen idarəçiliyi, nəhayət beynəlxalq standartlara uyğun, şəffaf və inklüziv idarəetmə modelinə keçə biləcəkmi?”, – deyə ekspert qeyd edib.
JASMİN