Beləliklə, Naxçıvan Beynəlxalq Hava Limanının vəzifəli şəxslərinə qarşı cinayət işi açıldığı, bilet satışından məsul olan 4 əməkdaşın isə saxlanıldığı bildirilir.
Tezadlar.az “Gündəlik Naxçıvan”ın hava limanında çalışan mənbəyə istinadən verdiyi məlumata görə, buna səbəb saxlanılan şəxslərin Azərbaycanda tanınmış bir şəxsin yaxın qohumuna Naxçıvan–Bakı reysi üçün 60 manatlıq bileti 200 manata satması olub. Mənbənin “Gündəlik Naxçıvan”a dediyinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin apardığı yoxlamalar zamanı hava limanında bilet satışı ilə bağlı 2 milyon manatdan çox korrupsiya aşkarlanıb, bundan sonra hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Bilet satışından məsul olan saxlanılan şəxslərin artıq sərbəst buraxıldığı, lakin Naxçıvandan çıxış qadağası tətbiq olunduğu bildirilir. Məsələ ilə bağlı hələki rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Naxçıvan Beynəlxalq Hava Limanı 2024-cü ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyinə verilib.
Əlavə məlumat veriləcək.