Bu rəqəmlər iqtisadiyyatın çox təhlükəli bir vəziyyətə yaxınlaşdığını göstərir: artım yoxdur, investisiyalar azalır, qiymətlər isə yüksəlməkdə davam edir.
Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Ermənistanda ÜDM 7,1 faiz artmış, sənaye istehsalı 12 faiz yüksəlmiş, tikinti sektorunda isə təxminən 25 faiz artım qeydə alınmışdır. Gürcüstanda da iqtisadi artım təxminən 7,3 faiz təşkil etmişdir. Beləliklə, Azərbaycan regionun ən zəif inkişaf edən iqtisadiyyatlarından birinə çevrilmişdir.
Bu nəticələrin səbəbləri nədir?
Birinci və əsas səbəb iqtisadiyyatda pul qıtlığıdır.
Son illərdə ölkənin maliyyə siyasəti daha çox pulun iqtisadiyyatdan çəkilməsi istiqamətində qurulmuşdur. Dövlət büdcəsində profisit sürətlə artır və artıq 3 milyard manata yaxınlaşır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları sürətlə artırılır. Xarici borclar, o cümlədən xarici dövlət borcu sürətlə azaldılır.azaldılır. Bütün bunlar ayrı-ayrılıqda müsbət görünə bilər. Hökümət də bunu bir yaxşı göstərici kimi reklam edir. Lakin bu iqtisadi aktivliyi kəskin azaldır və iqtisadi artımı sıfıra endirir. Luksemburq, dünyanın ən inkişaf etmiş kiçicik ölkə, 4 trilyon dollar xarici borc cəlb etmişdir, heç bunu da bir mənfi hal kimi qiymətləndirmir. Sinqapur 2 trilyon, İsveçrə – 1.5 trilyon. Bizim ÜDM-dən çox valyuta ehtiyyatlarımız isə ölkəyə 3%-lik artım proqnozunu yerinə yetirməyə kömək edə bilmir. Əgər Azərbaycan höküməti ən azı valyuta rezervləri qədər ölkəyə xarici borc cəlb edə bilsə, illik artım minimum 20%-dən başlayardı (dünya maliyyə bazarlarının şərtləri imkan verir ki, bu prosesi bir ilə edə bilsin) və əmin edirəm hökümətin reytinqi İsveçrə, Luksemburq, Sinqapur səviyyəsinə qalxardı (hazırda is reytinq indeksi sıfırın altındadır, yəni hələ müsbətə adlaya bilməyib)
İqtisadiyyat üçün ən vacib məsələ ehtiyatların böyüklüyü deyil, pulun daxili dövriyyəsidir. Pul dövriyyədən çıxarıldıqda investisiyalar azalır, biznes aktivliyi zəifləyir və iqtisadi artım dayanır.
İkinci mühüm səbəb dövlət sektorunun həddindən artıq genişlənməsidir. Pulun əsas prinsiplərindən biri: biznesin-vətəndaşın əlinə keçən pul övlətdə qalan (yəni. məmurda) qalan puldan 3-4 dəfə qiymətli və səmərəlidir. Biznes əlinə keçən hər manatdan 3-4 manat effekt yaradırsa, dövlət (məmur) bir manat da yarada bilmir. Bu iqtisadiyyatın qlobal qanunauyğunluğudur.
Müasir iqtisadiyyatlarda artımın əsas mənbəyi özəl sektor, innovasiya, sahibkarlıq və investisiyalardır. Azərbaycanda isə iqtisadi fəaliyyət getdikcə daha çox dövlət layihələrindən asılı vəziyyətə düşür. Nəticədə özəl sektor zəifləyir, rəqabət azalır və yeni investisiyalar üçün stimul yaranmır. Özəl sektorun inkişafı üçün isə hökümət vergilərlə əl yeri qoymur.
Üçüncü səbəb qeyri-neft sektoruna investisiyaların çökməsidir.
Qeyri-neft sektoruna investisiyaların 14,7 faiz azalması sadəcə cari ilin göstəricisi deyil. Bu, əslində 2027–2030-cu illərin iqtisadi artım potensialının azalması deməkdir. Çünki bugünkü investisiya sabahın istehsal gücünü formalaşdırır.
Daha bir təhlükəli məqam əsas kapitala investisiyaların vəziyyətidir.
Son illərdə Azərbaycanın əsas kapitala investisiyalarının ÜDM-də payı tarixdə ən aşağı səviyyələrdən birinə düşüb (rekord minimuma). Bu göstərici artıq bəzi yoxsul və inkişaf etməkdə olan ölkələrin – Əfqanıstan, Nigeriya, Anqola və Zambiya kimi dövlətlərin göstəricilərindən də aşağı səviyyəyə yaxınlaşır.
Halbuki iqtisadi inkişafın əsas mənbəyi məhz əsas kapitala investisiyalardır: yeni işçi yerləri, zavodlar, avadanlıqlar, yollar, logistika mərkəzləri, rəqəmsal infrastruktur, yeni texnologiyalar və insan kapitalı. Çox maraqlıdır: 2.9% illik artım proqnozunu hazırlayan məmurlar nəyin hesabına alınacağını düşündülərmi? Görünür, proqnozlar 50 il bundan əvvəlin qayda və şərtləri ilə aparılmışdır.
Əgər bu sahələrə investisiya qoyulmur və ya azalırsa, gələcəkdə yüksək iqtisadi artım gözləmək mümkün deyil.
Digər maraqlı göstərici idxalın 32 faiz azalmasıdır.
Bəzi hallarda idxalın azalması müsbət qiymətləndirilə bilər. Lakin belə kəskin azalma çox vaxt iqtisadi fəallığın zəifləməsinin göstəricisidir. Çünki istehsal avadanlıqları, texnologiyalar və investisiya mallarının böyük hissəsi idxal olunur. İdxalın çökməsi investisiya proseslərinin zəifləməsi ilə üst-üstə düşür.
Bütün bunların nəticəsində Azərbaycan paradoksal vəziyyətə düşüb. Ölkənin maliyyə ehtiyatları rekord səviyyədədir. Xarici borc aşağıdır. Dövlət büdcəsi profisitlə icra olunur. Lakin iqtisadi artım yoxdur.
Əslində çıxış yolu da məhz burada gizlənir.
Azərbaycanın problemi resurs çatışmazlığı deyil. Problem mövcud resursların iqtisadi artıma yönəldilməməsidir.
Bu gün ölkənin əlində olan maliyyə imkanları ilə vəziyyəti hətta bir rüb ərzində dəyişmək mümkündür.
Bunun üçün ilk növbədə büdcə profisitinin hamısı, üstəgəl proqnozlaşdırılan böyük həcmdə büdcə kəsiri iqtisadi dövriyyəyə qaytarılmalıdır və ictimai işlərə yönəldilməlidir (1929-31-ci illərdə ABŞ-dakı kimi ictimai işləri). Bu ciddi surətdə iqtisadi aktivliyi artıracaq. Gecikmədən dərin vergi islahatları aparılmalıdır, bu günkü vergi siyasəti iqtisadi aktivliyə yer qoymur və bu getdikcə vergi məbləğlərini azaldacaq. Belə vergi siyasəti iqtisadiyyatı, aktivliyi və büdcəni çökdürür.
İkinci olaraq qeyri-neft sektorunda geniş investisiya proqramları həyata keçirilməlidir. Emal sənayesi, kənd təsərrüfatı, logistika, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat prioritet sahələrə çevrilməlidir.
Üçüncü olaraq pul siyasəti iqtisadi artımı dəstəkləməlidir. Kredit resurslarının əlçatanlığı artırılmalı, biznesin maliyyələşməsi genişləndirilməlidir.
Dördüncü istiqamət əsas kapitala investisiyaların kəskin artırılmasıdır. Əgər investisiyalar artmasa, gələcəkdə iqtisadi artımın bərpası mümkün olmayacaq. 70-ci illərdə Heydər Əliyev investisiyaların payını 50% -ə qaldırmışdır, ona görə illik artım 8-10%-dən aşağı düşmürdü.
Nəhayət, özəl sektorun inkişafı dövlət siyasətinin mərkəzinə çevrilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin hamısında uzunmüddətli artımın əsas mənbəyi məhz özəl təşəbbüs, innovasiya və sahibkarlıq olmuşdur.
Azərbaycan iqtisadiyyatı bu gün resurs çatışmazlığından deyil, inkişaf modelinin məhdudiyyətlərindən əziyyət çəkir. Əgər mövcud maliyyə imkanları investisiya və iqtisadi aktivliyə yönəldilərsə, ölkə qısa müddətdə yenidən yüksək artım trayektoriyasına qayıda bilər. Əks halda, iqtisadi artımın zəifləməsi və region ölkələrindən geri qalma tendensiyası davam edəcək.
Bu gün əsas sual budur: rekord maliyyə ehtiyatlarına malik olan Azərbaycan bu resursları gələcək inkişaf üçün istifadə edəcəkmi, yoxsa iqtisadiyyatın durğunlaşmasını müşahidə etməyə davam edəcəyik?
Saleh Məmmədov,
Professor,
iqtisad elmləri doktoru