Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən sosial platformalarda hesab açılması qadağan olunur.
16-18 yaş qrupu üçün isə valideyn razılığı və valideyn nəzarəti nəzərdə tutulur.
Əlbəttə, uşaqların təhlükəsizliyi vacibdir, müəyyən yaş qrupları üçün platformalara girişin məhdudlaşdırılması müzakirə predmeti olmalı deyil.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O, vurğulayıb ki, müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil.
“Bu platformalar üzərindən milyonlarla uşaq və gənc proqramlaşdırma öyrənir, süni intellekt alətlərindən istifadə edir, xarici universitetlərə hazırlaşır, beynəlxalq olimpiadalara qoşulur, peşəkar icmalara daxil olur və gələcək karyerasını formalaşdırır.
Bu gün ölkələrin rəqabət qabiliyyəti də böyük ölçüdə gənclərin qlobal bilik və resurslara çıxış imkanlarından asılıdır.
Bu mövzu ilə bağlı valideynlərə iki sualım var.
Birinci vəziyyət:
Təsəvvür edin ki, 15 yaşlı övladınız aktivdir, proqramlaşdırma öyrənir, olimpiadaya hazırlaşır, əlavə bilik və bacarıqlar öyrənməyə çalışır və ya xarici universitetə qəbul olmaq istəyir. Bununla bağlı da, əlbəttə sosial platformalarda hansısa peşəkar icmalarda aktiv iştirak edir.
O sizə deyir:
“YouTube, Telegram, Facebook, Linkedin və ya digər platformalarda mənim üçün vacib olan dərslər, təlimlər və faydalı resurslar var. Bunlardan istifadə etməyim gələcəyim üçün, qlobal həmyaşıdlarımla rəqabət üçün vacibdir.”
Belə halda siz ona icazə verərdinizmi?
Hansı ki, əgər qanun qəbul olunsa, artıq bu qadağan olunacaq.
İkinci vəziyyət.
Təsəvvür edin ki, övladınız artıq 17 yaşındadır. Tələbədir. Müstəqil ağıllı qərarlar verir, ağıllı seçimlər edir. Süni intellektdən istifadə edir, proqramlaşdırma ilə məşğul olur, beynəlxalq layihələrdə iştirak edir, startap qurur, xarici universitetlərə hazırlaşır, bir sözlə, karyerası uğrunda vuruşur.
Yeni qanunun məntiqinə görə onun sosial platformalardan istifadəsi valideyn razılığı və nəzarəti altında olmalıdır.
Bu halda özünüzü necə hiss edərdiniz?
17 yaşlı övladınızın faydalı resurslara, peşəkar icmalara və təhsil platformalarına çıxışı üçün hər an, hətta xaricdə olsa belə sizin razılığınıza ehtiyac duyması sizi qane edərmi?
Sizcə 17 yaşlı gəncin hansı rəqəmsal resurslardan istifadə edəcəyinə valideyn qərar verməlidir, yoxsa bu yaş qrupu üçün daha fərqli yanaşma düşünülməlidir?”, – deyə o qeyd edib.
JASMİN