14 İyun 2026 / 19:33

Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqlədi

Axır ki, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, hakim “Vətəndaş müqaviləsi” Partiyası 49,7456 % səslə liderlik edir.

Siyahıda “Güclü Ermənistan” 23,2710 % səslə ikinci, “Ermənistan Alyansı” isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. “Çiçəklənən Ermənistan” Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4 %-lik həddi keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.

Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası hökuməti təkbaşına formalaşdıracaq.

Nəticələrin açıqlanması fonunda əsas müxalifət qüvvələri Mərkəzi Seçki Komissiyasının binasının qarşısında etiraz aksiyası keçiriblər. “Çiçəklənən Ermənistan” partiyasının tərəfdarları iclas başlamazdan əvvəl komissiyanın qarşısında toplaşaraq səsvermə nəticələrinə yenidən baxılmasını tələb ediblər.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” və iş adamı Samvel Karapetyana bağlı “Güclü Ermənistan” müxalifət blokları da tərəfdarlarını etiraz aksiyasına qoşulmağa çağırıblar. Hər iki siyasi qüvvə daha əvvəl çoxsaylı səsvermə pozuntularını əsas gətirərək, seçkilərin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətində olduqlarını açıqlayıblar.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayılmasına əsasən “Vətəndaş müqaviləsi” Partiyası səslərin 49,83 %-ni toplayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!