Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İlin ən uzun gecəsi… 21 dekabrı 1967-ci il. Bayramlı kəndinin üzərinə qış axşamının ağır qaranlığı çökmüşdü. Soyuq külək kəndin küçələri boyunca dolaşır, evlərin bacalarından qalxan tüstü səmaya qarışaraq gecənin səssizliyində yox olurdu. İnsanlar çoxdan evlərinə çəkilmişdi. Kənd yuxuya getmişdi.
Amma o gecə Məhərrəm kişinin evində yuxu yox idi. Orada həyəcan vardı, dua vardı. Həmin evdə yeni bir həyatın nəfəsi duyulurdu. Gecənin qaranlığı nə qədər dərin olsa da, bəzən bir körpənin dünyaya gəlişi bütün qaranlıqları işıqlandırmağa kifayət edir və nəhayət o, körpə səsi eşidildi. Xoşbəxt ana nur topu kimi bir oğul övladı dünyaya gətirmişdi. Adını Elşad qoydular…
Sanki ilin ən uzun gecəsi onun gəlişi ilə bir qədər qısaldı. Qaranlıq bir qədər geri çəkildi. Məhərrəm kişinin evində yanan çıraq həmin gecə həmişəkindən daha gur işıq saçırdı. Çünki o evə yeni bir nəfəs, yeni bir ümid, yeni bir sevinc gəlmişdi.
Ailənin dördüncü övladı olan Elşad valideynlərinin gözünün nuru idi. Xoşbəxt ana hər dəfə ona baxanda gələcəklə bağlı arzular qurur, Məhərrəm kişi isə oğlunun böyüyüb mərd, namuslu və vətəninə layiqli insan olmasını arzulayırdı.
Heç biri bilmirdi ki, həmin qış gecəsində dünyaya gələn bu körpənin taleyi gələcəkdə bütöv bir kəndin yaddaşına çevriləcək.
İllər keçdikcə Elşad sevgi dolu bir ailədə böyüyüb boya-başa çatdı.
Uşaqlıqdan sakit təbiəti, təvazökarlığı və böyüklərə hörməti ilə seçilirdi.
Kənd uşaqları ilə birlikdə məktəbə gedir, dərsdən sonra evə qayıdaraq ailəsinə kömək edirdi. Əkin-biçinlə məşğul olan insanların arasında böyüyən Elşad zəhmətin dəyərini erkən yaşlarından öyrənmişdi.
Bayramlı kənd tam orta məktəbində oxuduğu illərdə müəllimlərinin sevimli şagirdlərindən biri olmuşdu. O, çox səs-küylü deyildi. Tay-tuşları ilə oynadığı zaman heç vaxt qalmaqal qoparmazdı. Onu fərqləndirən dürüstlüyü idi.
Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməsi idi. Dostlarına sədaqəti idi.
Müəllimləri onun haqqında danışarkən ilk növbədə tərbiyəsini və sadəliyini xatırlayırdılar.
Elşad böyüdükcə valideynlərinin ona olan sevgisi də, ümidləri də artırdı. Məhərrəm kişi oğlunun hər uğuruna öz uğuru kimi sevinirdi.
Ata üçün bundan böyük xoşbəxtlik olmazdı. Xoşbəxt ana isə Elşada qarşı daha kövrək idi. Elşad harasa gedəndə onun yolunu gözləyər, evə dönəcəyi günləri hesablayardı. Oğlunun addım səslərini eşidəndə sanki bütün ev canlanardı.
— Ana, necəsən?
Bu sadə sual Xoşbəxt ana üçün dünyanın ən qiymətli sözləri idi.
Elşad 1N-li Bayramlı kənd tam orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Bakı şəhər Energetika Texnikumuna daxil oldu. Bu xəbər ailədə böyük sevinc yaratmışdı.
Məhərrəm kişi kənddə hər kəsə qürurla deyirdi:
— Oğlum tələbə olub.
Bakı Elşad üçün yeni həyat məktəbi oldu. Böyük şəhər ona yalnız peşə öyrətmədi, yeni həyat öyrətdi. Azərbaycanın fərqli coğrafi guşələrindən gələn insanlardan bölgələrin fərqli adət-ənənələrini və s. tanımağı öyrətdi. Məsuliyyət daşımağı öyrətdi. Gələcək uğrunda mübarizə aparmağı öyrətdi.
Birinci kursu başa vurduqdan sonra hərbi xidmətə çağırıldı. O, Sovet Ordu sıralarında əsgəri vəzifəsini yerinə yetirməyə başladı. Əsgərlik həyatı onun xarakterini daha da möhkəmləndirdi. Nizam-intizam, dözümlülük və məsuliyyət hissi onun həyatında yeni mərhələ yaratdı. Xidmətini başa vurduqdan sonra yenidən təhsilinə qayıtdı.
Təhsilini başa vurduqdan sonra Bakıda böyük qardaşı Elxan Orucovun yanında “Məişət texnik təmiri” üzrə işləməyə başladı. Qardaşı Elxan bütün çətinliklərdə ona dəstək olmağa çalışırdı. Birlikdə işləyir, birlikdə planlar qurur, gələcək haqqında söhbətlər edirdilər.
Elşad da hər bir gənc kimi həyatını qurmaq istəyirdi. Valideynlərinə dayaq olmaq istəyirdi.
Xoşbəxt ana tez-tez onun toyundan danışardı. Məhərrəm kişi zarafatla deyərdi:
— Ay Elşad, artıq daha biz də sənin toyuna hazırlıq işləri aparmaq istəyirik.
Elşad valideyinlərinə həmişə təbəssümlə cavab verərdi. Bu təbəssüm valideynlərinin ürəyinə rahatlıq gətirərdi.
O zaman Azərbaycanın taleyi ağır günlər yaşayırdı. Qarabağdan gələn xəbərlər hər evin qapısını döyürdü. İşğal olunan torpaqlar, yandırılan kəndlər, didərgin düşən insanlar, şəhid xəbərləri, ana fəryadları…Bütün bunlar Elşadı dərindən sarsıdırdı. Televizor ekranından gördüyü hər görüntü onun qəlbində cavabsız suallar yaradırdı. Bir tərəfdə ailəsi vardı. Bir tərəfdə arzuları. Digər tərəfdə isə kömək gözləyən ana Vətən. Artıq o, son qərarını vermişdi.
1993-cü ilin yanvarında Elşad tərəddüd etmədən könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşuldu. O, bu qərarı verəndə nə şöhrət düşünürdü, nə də mükafat. Sadəcə özünü Vətən qarşısında borclu hiss edirdi. Bir gün ailəsinin qarşısında dayanıb sakit səslə dedi:
— Mən cəbhəyə gedəcəyəm.
Otaqda dərin sükut yarandı. Xoşbəxt ananın gözləri yaşardı. Ana ürəyi ayrılığı hiss etmişdi. Məhərrəm kişi isə oğlunun gözlərinə baxdı. Orada qorxu yox idi.
Orada tərəddüd yox idi. Orada yalnız qətiyyət vardı. Ata başa düşdü ki, artıq oğlunun seçdiyi yol dəyişməyəcək. Çünki bəzi yollar olur ki, insan o yola çıxanda geri dönməyi düşünmür. Elşadın seçdiyi yol da belə yol idi.
Qarabağın qarlı dağları, şaxtalı səngərləri artıq onun yeni ünvanı olmuşdu.
Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edirdi. Onun döyüş yolu uzun sürmədi. Amma bəzən qəhrəmanlıq uzun zaman tələb etmir. Bəzən insanın taleyi bir neçə gün içində bütöv bir ömrün mənasını daşıyır.
Elşad da məhz belə talelərdən birini yaşayırdı. Səngərdə keçirdiyi hər gün onun Vətən sevgisinin sübutuna çevrilirdi. Döyüş yoldaşları onu sakitliyi, mərdliyi və etibarlılığı ilə xatırlayırdılar. O, artıq yalnız Məhərrəm kişinin oğlu deyildi.
O, Azərbaycanın əsgəri idi. Vətənin keşiyində dayanan qeyrətli igidlərdən biri idi.
1993-cü il 28 yanvar tarixi… Qarabağ səmasında yenə silah səsləri eşidilirdi.
Yenə ölüm ilə həyat üz-üzə dayanmışdı. Həmin gün Elşad Orucov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Cəmi iyirmi beş yaşında…Həyatının ən gözəl çağında. Valideynlərinin və onu sevən hər kəsin arzuları yarımçıq qaldı. Amma onun Vətən qarşısındakı borcu yarımçıq qalmadı. Çünki şəhidlik ölüm deyil. Şəhidlik insan ömrünün çata biləcəyi ən uca zirvədir. Onlar Allahın dərgahında əbədi həyat qazananlar sırasında yer alırlar.
Şəhid xəbəri Bayramlı kəndinə çatanda kənd sanki bir anlıq susdu.
Hər evdə eyni kədər vardı. Hər ürəkdə eyni ağrı vardı. Çünki Elşad təkcə bir ailənin övladı deyildi. Kəndin sevimli oğullarından biri idi. O, I Qarabağ müharibəsində Bayramlı kəndinin ilk şəhidi olmuşdu. Bu ad artıq kəndin tarixinin bir hissəsinə çevrilmişdi.
Məhərrəm kişinin gözlərində sonsuz kədər vardı. Amma həmin kədərin içində böyük qürur da yaşayırdı. Xoşbəxt ananın göz yaşları sel kimi axırdı. Lakin o, bilirdi ki, oğlu Vətən uğrunda şəhid olub. Ana üçün bundan ağır dərd yoxdur. Amma bundan böyük qürur da yoxdur.
28 yanvar 1993- cü il tarixində izdihamlı insan axınının iştirakı ilə, dərin hüzün və kədərlə Orucov Elşad Məhərrəm oğlu doğulduğu torpağa Tovuz rayon Bayramlı kənd “Göytəpə” qəbristanlığında dəfn olundu.
İllər keçdi, fəsillər dəyişdi, yeni nəsillər böyüdü. Amma Elşad Orucovun adı unudulmadı əksinə, zaman keçdikcə daha da ucaldı və əbədiləşdi. Xatirəsini yaşatmaq üçün təhsil aldığı Bayramlı kənd 1N-li tam orta məktəbinə onun adı verildi.
Bu gün həmin məktəb şəhid Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi kimi fəaliyyət göstərir.
Qeyd edim ki, mən də həmin məktəbdə təhsil almışam. Hər səhər məktəbin giriş qapısından içəri girəndə şəhidimizin baralyevdəki xatirə şəklinə baxanda istər istəməz onun müqəddəs ruhuna böyük hörmət və ehtiramla salam və salavat verməyi hər bir şagird kimi özümə mənəvi borc hesab edərdim. Gələcəkdə hər hansı uğur və nəaliyyətlər əldə etdikdə ilk təhsil aldığım məktəbin adı qeyd olunduğu zaman içimdə özümdən asılı olmayaraq bir iftixar və qürur hissi yaranır. Çünki şəhidimizin adı çəkildiyi zaman onun müqəddəs ruhunun sevindiyini hiss edirəm.
Nə qədər illər keçirsə keçsin, hər səhər məktəbin həyətində dalğalanan üçrəngli bayraq onun müqəddəs ruhunu salamlayacaq. Hər dərs zəngi onun adını yaşadacaq.
Hər bir şagird həmin məktəbin qapısından keçərkən özü də hiss etmədən bir qəhrəmanın izləri ilə addımlayır. Çünki qəhrəmanların ömrü bitə bilər.
Amma onların adı heç vaxt bitmir.
1967-ci ilin ən uzun gecəsində dünyaya gələn bir igid oğul 1993-cü ilin 28 yanvar tarixində şəhidlik zirvəsinə ucaldı. Onun ömrü uzun olmadı. Lakin mənalı oldu. Onun həyatı illərlə deyil, Allahın bəxş etdiyi ilahi nurun dəyəriylə ölçüldü.
Bayramlı kəndinin ilk şəhidi, vətənin igid oğlu Elşad Orucov uca Allahın hökmü ilə insanlığın ən uca zirvəsini fəth etdi. Onun başlayan ömürü 1993-cü ilin 28 yanvar tarixində bitmədi. Əksinə… Məhz o gün əbədiləşdi.
Bu gün Elşad Orucovun adı yalnız bir ailənin xatirəsində yaşamır. O, Bayramlı kəndinin yaddaşında yaşayır. Oxuduğu məktəbin adında yaşayır. Onu tanıyan insanların qəlbində yaşayır və ən əsası, uğrunda can verdiyi Azərbaycanın tarixində yaşayır. Elşad Orucovun simasında cəmi şəhidlərimizin müqəddəs euhuna dərin hörmət və ehtiramımı bildirirəm. Ruhun şad olsun şəhidim!
Zülmətin bağrını yarıb keçən nur,
Yolunda hər gələn sayqıyla durur,
Ey adı əbədi iftixar, qürur,
Şəhidim ruhuna salamlar olsun.
Analar pay verib, neçə min qurban,
Vətən, Vətən olur veriləndə can.
Dillər zikr edəndə can Azerbaycan,
Şəhidim ruhuna salamlar olsun.
Allah sevdiyini ucaldar əlbət,
Mənbeyi-fəzli nur O, sonsuz hikmət,
Şövq ilə lütf edib, kövsəri-cənnət,
Şəhidim ruhuna salamlar olsun.
Dərin hörmət və ehtiramla:
Zəkiyyə Musaqızı,
AJB-nin və AYB-nin üzvü