Əsas məzmuna keç

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-37-ci HİSSƏ

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-36-ci-hisse/

26 may – Saat 1-də üçüncü girişin qarşısında olduq. Girişdəki polis işçisi dedi ki, ordenlərin təqdimatı öz iqamətgahında olacaq. Amma camaat hamısı bura yığışırdı. Firəngizlə görüşdük. Məmməd ayaqüstə dura bilmədiyinə görə maşında oturmalı oldu, polis baxmayaraq ki, cavan idi, öz stolunu təklif etmədi.

Rəssam Mikayıl Abdullayev içəri keçib salam verdi:

– Vallah, xanımlar çay və oturmağa yer olsa elə axşama qədər oturub dərdlərimizi bir – birimizə danışa bilərdik, – dedi.

Mikayıl Abdullayev oturmağa yer axtardı, daş səki soyuq idi, Firəngiz özündə olan qəzetin birini yerə sərdi, Mikayıl müəllim oturdu. Mən Mikayıl müəllimlə söhbətə başladım.

– Mikayıl müəllim, uzun müddət maddı imkanım olmadığına görə Məmmədin çəkdiyiniz portretini sizdən ala bilmədim. İndi nə vaxt portreti sizdən ala bilərəm?

– Gecikmisən, mənim qızım, Məmmədin portreti artıq Türkiyədədir, İhsan Doğramacı alıb aparıb, məndə qalmayıb.

Yaman pərt oldum, təəssüflənsəm də  olan olmuşdu. Çağırılanlar yoxlanıldıqdan sonra içəri buraxıldılar. Orada da xeyli gözlədik. Firəngizlə söhbətimizə Mirvari xanım da qoşuldu:

– Hələ Məmmədi o qədər də yaxından tanımırdım, yəni bir şair kimi tanıyırdım, yoldaş kimi yox. Biz bir dəfə Naxçıvandan qayıdırdıq. Xalidə Hasilova və mən bir kupedə idik. Məmməd də bizim kupeyə qonaq gəldi. Şeir məclisi başladı. Mənim şeirlərimdən sonra Məmməd öz şeirlərini oxudu.

Sonra Mirvari xanım üzünü Məmmədə çevirib söhbətə davam etdi, – Yadındamı, Məmməd, sən öz şeirlərini bizə elə həvəslə oxudun ki… Mən o vaxtdan sənə valeh olmuşam, sevindim ki, xalqımın gözəl  bir şairi yetişir.

Yenə də Mikayıl müəllimin səsi eşidildi:

– Elə bir stəkan çay olsa, belə sərin, yaşıl yerdə axşama qədər gözlərəm

Nəhayət, saat 4-də prezident gəldi. İlk təqdimat Xəlilin oldu, ordeni Firəngizə təqdim etdilər. Sonra Məmmədin adı çəkildi, Heydər Əliyev özü Məmmədə tərəf gəlib, Məmmədi addım atmağa qoymadı. Ordeni Məmmədin boynundan asdı. Qutunu mənə uzatdı, Məmmədin “Yol ayrıcında söhbət” kitabını və “Azərbaycan təbiəti” jurnalını prezidentə verib təşəkkürümüzü bildirdim. Təqdimat davam edirdi. Fikrət Qoca mənə tərəf çevrilib dedi:

– Gülxanım bacı, səni tanımadım, dövlətli olacaqsan.

Məmməd və mən Fikrəti Xalq şairi fəxri adına görə təbrik etdik.

Mikayıl Abdullayev belə bir çıxış etdi:

– Böyük İbn Sina bir tədbir həyata keçirir və deyir ki, bu tədbirdən camaat çox faydalanacaq. Tədbir beləydi,  İki inəyə eyni dərəcədə qulluq etməklə saxlayır. İnəklərdən biri kökəlir, o birisi isə arıqlayır. İbn Sina bunun səbəbini açıqlayır. İnəklərdən arıqlayanın pəncərəsinə qurd bağlanmışdı, yeyib doyduqdan sonra başını qaldırıb qurdu görür və yediyi heç olub gedirdi, arıqlayırdı. İndi arıq inək totalitar rejimdir, siz onu əlinizlə boğmusunuz.

Mənə elə gəldi ki, yerinə düşməyən bir misaldır.

Məmmədin əsməsi başlandığı üçün icazə alıb evə qayıtdıq. İradə xəbər verdi ki, İbrahim Bozyel avariyaya düşüb ölüb. İki gündür, Sabir Rüstəmxanlıya zəng edib bildiriblər.

– Bizi Türkiyəyə tanıtdıran, Türkiyə ilə calaşdıran körpü idi İbrahim, hayıf ondan – kövrəldi  Məmməd.

27 iyun – Bir dəstə adam televizorda “yarışa girmişdilər”. Çıxış edənlərdən biri Azadlıq hərəkatında Xəlilin, İ. Şıxlının və Xudu Məmmədovun adını tutdu.

– Məmməd, sənin adını tutmadılar. Sənin xidmətini dana bilməzlər axı.

– Mən fiziki cəhətdən iştirak edə bilməsəm də şeirlərim iştirak edib. Sənə danışmışdım ki, Nemət və Əbülfəz mənə lider olmağı təklif etmişdi. İsmayıl Şıxlı da meydanın gur vaxtı mənə və Yusif Səmədoğluna hərəkata başçılıq etməyi təklif etmişdi. Mən fiziki gücümün çatmadığını, ancaq qələmimlə ona hazır olduğumu söylədim.

 – Bir də özün bilirsən ki, bizim xalq həmişə səhnədə görünənləri sayır, mən isə səhnədə görünmürəm.

3 iyul – İşdən həyəcanlı qayıtdı:

– İşdə olanda mənə bir qız zəng edib bildirdi ki, Məmməd müəllim, ayın 8-də sizə güllə atacaqlar, ehtiyatlı olun.

– Ona görə belə həyəcanlısan? Kimin səninlə nə işi var. Yəqin başdan xarabdı…

– Bu boyda zarafat olar. Bəlkə də sən deyəndi, başdan xarabdı. Davudu gördüm. “Vətən – desin” şeirini o da “Səhər” qəzetində verib. Sonra mənə məlumat verdi ki, bir yığıncaqda çıxış edib belə şeirlərin təbliğ olunmasının vacib olduğunu bildirib. Deyirdi ki, sən yazmısan “Ölənimizin əvəzinə qalanımız vətən – desin”.

– Axı qalanlarımız vətən demir. Ürəyi dolu idi Davudun.

Elmira adlı bir qız telefon açdı:

– Xəbəriniz olsun, mən “Ata ocağı” adlı veriliş hazırlayıram. Naxçıvana gedib, bacı və qardaşlarından intervyu götürmüşəm, özüm də o tərəflərdənəm, indi verilişi evdə çəkmək lazımdır ki, yekunlaşdırım.

Altıncı günə razılaşdıq. Eyvanda oturub dənizdə əks olunan axşam şəfəqlərinə baxırdıq:

– Naxçıvan gecələrini görmüsən, ulduzlar həm iri, həm də parlaq görünür. Birinci dəfə səni Naxçıvana, kəndə aparanda palçıqlı damları da görmüsən.  Yayın qızmarında gecələr damda yatardıq. Mən uşaqlara ulduz topalarını göstərər, parlaq ulduzları aralarında bölüşdürərdim. Hərdən uşaqlara hədə gəlib deyərdim:   Ulduz topalarına toxunmağa heç kimi qoymaram. Əbülfəz də yazıq-yazıq yalvarardı:

– Ə, qağa, mənə də bir ulduz ver də. Ərik ağacının budaqları damın üstünə sallanar, şirin bal kimi əriklər dama düşərdi. Əbülfəz ərikləri yığar, mən də əriklərin əvəzinə Əbülfəzə ulduz “bağışlayardım”.

– Məmməd, nə yaxşı, çoxdan ürəyində yığışıb qalmış xatirələri hərdən danışırsan?

– Nə isə, kövrəldim. Ata ocağından cismən ayrılsam da, mənən ayrılmamışam.  Bu hisslər sənə də aiddir. Fikir vermişəm, yaz-yay aylarında da, quşbaşı qar yağanda da xəyalın doğulduğun yerdə olur.

Yazmışam:   Bu nə ayrılıqdır ata yurduna.

                     Əlvida deyirəm ocaq başında…

Və ya –            Çırpısı tətikdə, odunu dəmdə…

Anam, nənəm, qonşularımız ocağı çatanda bu mənzərəni görmüşəm. Atamın, babamın ocaq başında çubuq çəkə-çəkə “xəyal dünyasına qərq olduqlarını” müşahidə etmişəm.

Ata yurdundan bir ocaq yeri istədim, verən olmadı. Amma istəmişəm, çox istəmişəm.

                     Babandan qalıbdır bu ocaq bizə,

                     Bir ocaq sönəndə bir tifaq itir.

                     Bir ocaq söngüsü qeyrətimizə,

                     Bir düşmən nəslinin qəhqəhəsidir…

Ata yurdunu hər dəfə tərk edəndə  göz yaşımı ürəyimə axıtmışam ki, başqaları görməsin.

                     Bircə boz daşına yazılsa adım,

                     Bəlkə bu yerlərə bir də qayıtdım – demişəm.

Öz kövrəkliyimlə, ürək yumşaqlığımla çox şey itirmişəm. Adamlara özüm kimi baxmışam; kiməsə yol göstərmişəm, kiminsə əlindən tutub yaşa demişəm. Ən inandığımın əlində xəyanət qılıncının olduğunu çox gec bilmişəm.

–  Toğlu qayadan lap çox danışırsan.

– Otardığımız axsaq qoyun-quzunu qayanın kölgəsinə yığıb göldə ördək qovar, soyuq dağ gecəsində keyimiş ilanları baş-başa bağlayıb qurbağa qoşduğumuz arabaya çatar, sonra da gölməçələrə buraxardıq. Hava istiləşəndə isə quş yuvası axtara-axtara  Toğlu qayanın başına çıxardıq. Dumansız-bürküsüz havada oradan Türkiyənin, İranın dağlarını aydın görərdik. Günəşin altında parıldayan Araza 50-60 km məsafədən “daş atmağımız” bütün əyləncələrdən üstün idi. Həm də doğulduğun torpaq can dərmanıdır deyirlər…

15 iyul – Səhər sanatoriyanın işçiləri məni təbrik etdilər ki, “Səhər” verilişində Məmmədin 65 yaşının tamam olduğunu deyiblər, bir balaca veriliş də göstərdilər. Təəccübləndim:

– Görünür, aparıcıların başı xarab olub, Məmmədin doğum günü oktyabrın 14-dür.

Məmmədi dəniz sahilində çəkmək istəyənlər axşam saat 8-ə işləmiş gəldilər. Sanatoriyanın bağında müxtəlif kadrlar götürdülər, elmi işçi Zümrüd xanımdan da müsahibə aldılar. Ardını dəniz kənarında davam etdirdilər. Günəşin batması yaxşı alınmadı. Qərara aldılar ki, bir də çəkilişə gəlsinlər. Xudmani bir məclis quruldu. Elmiranın bacısı Aynur, rəfiqəsi Natella, oğlu Toğrul, operator Müşfiq, rejissor Elxan, sürücü Qeys və biz. Elxan Tofiq Bayramdan bir lətifə danışdı:

– Deyəsən, Masallı tərəf idi. Çayın daşmasından kəndə ziyan dəymişdi. Nümayəndəliklə birgə Tofiq də getmişdi. Tofiqdən kömək istəyən kənd camaatına onun cavabı belə olur:

– Mən nə kömək edə bilərəm, əlimdə ixtiyar yox, pulum yox. Çaydan axan araq deyil ki, bütün yazıçıları töküm buraya içib qurtarsınlar.

Natella xanım da səhər verilişlərini aparanlara zəng edib etriaz etdiyini bildirdi:

– Siz, Məmməd Arazın ad gününü səhv verməklə xalqımızı təhqir edirsiniz. Necə olur ki, belə bir dahi şairin ad günü yadınızda qalmır, hətta Nizami Xudiyevin yeni köməkçisinə də zəng edib ürəyimi boşaltdım. Məmməd müəllimin bir misrası yoxdur ki, elə-belə yazılsın, bütün misralar açılmalı, xırdalanmalıdır. Natella xanım xeyli danışdı.

Axşam tək qalanda söhbətə başladıq:

– Əli Vəliyevdən yenə də nəsə yadına sala bilərsənmi?

– Əli Vəliyev həmişə Lenini günəşə oxşadanlara acıqlanırdı, – Lenin günəş ola bilməz, Lenin yoxdur, ölüb, günəş isə var, sönmür, ölmür, deyirdi.

Deyirdim, Əli müəllim, deyəsən, kommunizmdən bir şey çıxmadı axı. Ötkəm səslə cavab verərdi: – “Çıxacaq”. Axır vaxtlar mənimlə razılaşardı,  deyəsən, çıxmadı, – deyərdi.

Əli müəllim “Azərbaycan” jurnalının redaktoru olanda yeni il nömrəsinə yeni illə əlaqədar şeirlər təqdim olunurdu. İsgəndər Coşqun da yeni ilə aid bir şeirini Əli müəllimə təqdim etdi. O, şeiri oxudu və İsgəndərdən soruşdu:

– İsgəndər, “Gecə saat 12-nin yarısıdı, yarısıdı 12-nin”… Yaxşı “Gecə saat 12-nin yarısıdı” misrasını başa düşdük, bəs “Yarısıdı 12-nin” nə deməkdir?

İsgəndərdən izahat istədi, o da mənasını başa sala bilmədi. Əli müəllim zəif şeirləri çap eləmirdi. Şairlər yazıqlar da qonorar misraya görə hesablandığı üçün bir misranı iki və ya üç yerə bölməli olurdu. Bir var parçalanma təbii alınsın, bir də var ki, məcburi parçalayasan. Onda misranın mənası itir.

29 iyul – Neçə gündür ki, sanatoriyanın həyətində oturub quşların ağacların üstündə necə vuruşmalarına maraqla baxırıq. Üstünlük qarğalardadır. Axşam olan kimi qarğalar ağacların çox hissəsini “nəzarət altında” saxlayırlar. Qarğaları böyük millətlərə, xırda quşları isə əsarət altında olan xırda xalqlara və dövlətlərə bənzədirik.

4 avqust – Axşam Zezva Medulaşvilinin çıxışına qulaq asdıq. Söhbətində “Koroğlu” dastanını tərcümə etdiyini və ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə çoxdan maraqlandığını söylədi, bir neçə yazıçının, o cümlədən Məmmədin də kitabını gürcü dilinə çevirdiyini bildirdi. Və əlavə etdi ki, Məmməd Araz mənim ən çox sevdiyim şairdir.

– Nə yaxşı Zezva məni yaddan çıxarmayıb, adımı çəkdi. Yadımda ikən sənə deyim, Zezva o vaxtlar “Koroğlunun gürcü səfəri” qolunun tərcüməsi üzərində işləyirdi. Bizə belə bir əhvalat danışdı ki, Koroğlu Gürcüstana səfər edəndə Kaxetiyadan xoşu gəlibmiş, deyibmiş ki, Kaxetiyada evim olaydı, məskənim olaydı.

– Yəni, dastanın elə bir qolu var?

– Bilmirəm, onu tədqiqatçılar bilər, ancaq Zezva deyirdi ki, var və tərcümə edib.

10-14 avqust – İsa sənə nə deyirdi – soruşdum.

– İsa yənə də at yeriməz, it getməz yerlərdə çapır. Mənim sözlərimə yazılmış mahnıları Yaqub Zurufçunun bütün dünyada oxuyacağını söyləyir.

– Sən “at yeriməz, it getməz” dedin. Bu nə deməkdir?

– El sözüdür. Elə yerlər var ki, oraya at da ayaq basa bilməz. Elin bu sözünə “at işləməz yerlər də” deyirlər,  yəni çətin ki, deyilənlər başa gəlsin mənasındadır.

Elmira publisistika kitabından özünə lazım olan yerləri köçürəndən sonra iki məqalə, dörd qəzet götürüb getmək istədikdə Məmməd onu saxladı:

– Elmira, çalış ki, veriliş gözəl bir poeziya gecəsi olsun.

17 avqust – Dünən axşam Nəriman Məmmədin Şəmkirə vurduğu (Nərimanın yaradıcılıq gecəsinə aid) teleqrama görə təşəkkürünü bildirdi və “Prometey” jurnalını göndərdiyini söylədi. Jurnalı bizə gətirən gənc şeirlər haqqında fikrini belə bildirdi:

– Əmi, yaman şeirlərdir, xüsusən, “İt qaya kölgəsində” şeiri yaman canıma yatdı.

Mustay Kərimə aid məqaləsini Məmmədin yadına salıram.

– Ora gedəndə Mustay məni çox səmimi qarşıladı. Onun dostları da yaxşı və sadə adamlar idi. Nəzər Nəcmi də Mustay kimi qüvvətli şairdir.  “Mən bütöv bir aləməm” şeiri tarixdə öz yerini tutmasına bəs edər.

Mustay söhbət edirdi ki, Moskvada onun üç cildi çap olunmaq üçün hazır idi, lakin o, bu cildləri ixtisar edib, bir cildlik şeirlər saxlayıb. Bunu ona görə etdim ki, üç cild olduğu kimi çap olunsaydı oxucu auditoriyasını itirə bilərdim,  deyirdi. Çox sadə, səmimi, təvazökar adam idi.

– Elə məqaləni çap etdikcə hiss edirəm ki, sən onun şəxsiyyətinə yaman vurulmusan.

– Nə deyim, xəstəlik aman vermədi, səni orta Asiya respublikalarına aparıb həm gəzdirəcək, həm də ədəbiyyat adamları ilə tanış edəcəkdim.

Məmmədin portretini ala bilmədiyim üçün yaman pərt olmuşdum ki, İhsan Doğramacı portreti Türkiyəyə aparıb.

-Fərqi yoxdur, əvvəl-axır dolanıb yenə də Azərbaycana qayıdacaq, çünki bu xalqın malıdır, – ürək-dirək verirdi Məmməd.

22 avqust – Yaqub Zurufçu, Elsevər Ağayev və İsa müəllim Məmmədin görüşünə gəlmişdilər. Elsevər Məmməddən mahnı üçün söz yazmağı xahiş etdi. O da öz növbəsində söz verdi. Mən söhbətə qarışmalı oldum

– Vallah, siz arxayın olmayın ki, o mahnının sözlərini yazacaq. Şahidiyəm ki, bütün bəstəkarlara söz verir, ancaq yerinə yetirmir. Ona görə də mahnıları barmaqla sayılır. “Mənsiz” adlı gözəl bir qoşması var, ona mahnı bəstələyə bilərsiniz. Razılaşdılar. Sonra Yaqub Zurufçuya müraciət etdim:

– Yaqub, əgər danışdığınız sözləri həyata keçirmək istəyirsinizsə Məmmədin axırıncı “Yol ayrıcında söhbət” kitabını latın və ya ərəb əlifbasında çap etdirib oradakı yerlilərimizin arasında yayın. Mən sizə xeyli kitab verərəm. Kitab öz işini görəcək, heç bir təbliğat lazım gəlməyəcək və onlar da bilsinlər ki, necə vətəndaş şairləri var. Buradakı hər bir şeir bir orduya bərabərdir.

Yaqub söz verdi, yəni söz…

“Oxuyan Təbriz” şeirini götürüb getdilər…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…