Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

210050957 saylı cinayət işi üzrə zərərçəkmiş, sahibkar Ağasəf İsmayılov Sabunçu rayon Prokurorluğunda baş verən inanılmaz qanunsuzluqlar barədə yenidən Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Xatırladırıq ki, belə davam edərsə, bu cinayət işi üzrə baş verənlər Ginnesin Rekordlar kitabına düşəcək. Belə ki, Sabunçu rayon Prokurorluğunda 30 məhkəmə qərarı icra edilmir, prokuror Murad Dadaşov hüquqları kobud surətdə pozulmuş sahibkarı deyil, onun hüquqlarını pozub Azərbaycan qanunlarına məhəl qoymayanların müdafiəsinə qalxıb. Niyə?
Surəti “Təzadlar” qəzetinə göndərilmiş müraciətdə hər şey aydın şəkildə şərh olunub. Təqdim edirik:
“Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!
Birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən verilmiş 30 məhkəmə qərarlarının prokurorluqda icra edilməməsinə dair
MÜRACİƏT
Cənab Baş prokuror,
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyəti qollarının qarşılıqlı fəaliyyəti və konstitusion səlahiyyətləri əsasında həyata keçirilir. Konstitusiyanın 109-cu maddəsinə uyğun olaraq məhkəmə hakimiyyətinin formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin konstitusion səlahiyyətləri müəyyən edilmiş, 125-ci və 126-cı maddələrində isə məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olması təsbit edilmişdir. Bu konstitusion prinsiplərin məntiqi nəticəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası adından qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası bütün dövlət orqanları və vəzifəli şəxslər üçün məcburidir.
Belə qərarların qərəzli şəkildə icra edilməməsi, məhkəmələrin verdiyi göstərişlərin illərlə yerinə yetirilməməsi və eyni qanun pozuntularının sistemli şəkildə təkrarlanması təkcə prosessual pozuntu deyil, məhkəmə hakimiyyətinin nüfuzuna, dövlət hakimiyyətinin konstitusion bölgüsü prinsipinə və hüquqi dövlət əsaslarına hörmətsiz münasibətin göstəricisidir.
Məhkəmə hakimlərinin məhz dövlət başçısı tərəfindən etimad göstərilməklə vəzifələrə təyin olunduqlarını nəzərə alsaq, həmin hakimlər tərəfindən verilmiş qərarlarıntələblərinin yerinə yetirilməməsi, mən bir sıravi vətəndaş olaraq, hesab edirəm ki, ölkə başçısının da iradəsinə etinasızlıq-biganəlikdir.
Hazırkı müraciətim məhz belə bir vəziyyətlə bağlıdır.
210050957 saylı cinayət işi üzrə birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən ümumilikdə 30 məhkəmə qərarı verilmişdir və həmin qərarların hamısında müstəntiqlərin qərarları qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, prokurorların protestləri isə təmin edilməmişdir.
Əgər dövlət adından qəbul edilmiş otuz məhkəmə qərarı ardıcıl olaraq icrasız saxlanılırsa, bu artıq ayrı-ayrı prosessual səhvlər deyil, dövlət hakimiyyətinin Konstitusiya ilə müəyyən edilmiş fəaliyyət mexanizminin pozulmasına səbəb olan sistemli hüquq pozuntusudur.
Belə halların hüquqi qiymətləndirilməsi və onların qarşısının alınması qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan prokurorluq orqanlarının birbaşa vəzifəsidir.
Bilavasitə və kütləvi informasiya vasitələri ilə Sizə dəfələrlə müraciət etməyimə baxmayaraq, müstəntiqlərin və prokurorların qanunsuz hərəkətləri davam etdirilmiş, nəticədə 30 məhkəmə qərarı ilə onların qərarları qanunsuz və əsassız hesab edilərək ləğv olunsa da, həmin qərarların icrası yenə də təmin edilməmişdir.
Məhz buna görə də, bir daha müraciət etməklə, aşağıda göstərilən faktların hərtərəfli araşdırılmasını və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini Sizdən tələb edirəm.
Təsisçisi olduğum “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayevin başçılıq etdiyi mütəşəkkil dəstənin əmlakını mənimsəmələrinə dair CM-nin 179.3.2. maddəsi ilə istintaq davam etdirilməsi üçün 29.03.2022-ci il tarixdə Sabunçu rayon prokurorluğunun icraatına verilmiş və təkcə mənim zərərçəkmiş şəxs olduğum 210050957 saylı cinayət işinin başına Sabunçu rayon prokurorluğunda gətirilən və nəinki hüquq elminə, heç sadə məntiqə uyğun gəlməyən özbaşınalıq əməllərini, ancaq həmin cinayət işinə qarşı törədilən məmur zorakılığı adlandırmaq olar. Müstəntiqlərdən başlamış, istintaqa cavabdehlik daşıyan bütün prokurorların cinayət hadisələrini törətmiş şəxslərə himayətdarlıq etmələrini, elə prokurorların və müstəntiqlərin tərtib edib imzaladıqları sənədlərlə sübut olunur ki, bu barədə aşağıda göstərirəm.
Ötən 4 il ərzində, cinayət işinin istintaqını müstəntiqlər əsassız və qanunsuz olaraq 6 dəfə müxtəlif bəhanələrlə ya dayandırmışlar, yaxud da xitama vermişlər, aidiyyəti prokurorlar isə başqa yol tapmadıqlarına görə, hətta 2 ay ötdükdən sonra apellyasiya protesti ilə müraciətlər etmiş olsalar da, məhkəmələr birmənalı olaraq, əsassız və qanunsuz olmaları səbəbinə müstəntiqlərin bütün qərarlarını ləğv etmiş və prokurorların protestlərini təmin etməmişlər.
Təəccüb yaradan odur ki, bütün bu kobud qanun pozuntularının hər birinin nəticəsi illər ərzində hər rübün, yarım ilin, 9 ayın, bütöv ilin yekununda Baş Prokurorluğun Kollegiyasının qarşısında olsa da, üzərindən nədənsə hələ ki, sükutla keçilir.
Cinayət Məcəlləsinin cəmisi bir – 179.3.2. (mənimsəmə) maddəsi ilə istintaq olunması tələb olunan və cəmi bir nəfər zərərçəkmiş şəxs olan bu cinayət işinin istintaqının aparılmaması ilə bağlı, xüsusən də əsassız və qanunsuz olaraq icraatın dayandırılması, yaxud xitama verilməsi ilə bağlı OTUZ MƏHKƏMƏ QƏRARI movcud olsa da, göstərdiyim kimi, cinayət işinə qarşı məmur zorakılığı illərdir ki, davam etdirilir.
Məsələ bundadır ki, müstəntiqlər özü-özünü təkzib edən, hətta tamamilə başqa bir sənəddən sözbəsöz köçürülmüş saxta (müstəntiq Orxan Səmədovun 20.06.2025-ci il tarixli) qərarları ilə, aidiyyəti prokurorlar isə, iş üçün əhəmiyyət kəsb etməyən apellyasiya protestləri ilə, bu cinayət işini dəfələrlə “öldürüb-dəfn etməyə” cəhd etmiş olsalar da, mənim – zərərçəkmiş şəxsin şikayətinə əsasən, məhkəmələrin “şikayət təmin olunsun”, “qərar ləğv edilsin”, “protest təmin edilməsin” cümlələri ilə haqq-ədalət bərpa olunur.
Lakin müstəntiqlərə də, prokurorlara da “gözün üstə qaşın var” deyən hələ ki, yoxdur.
Sonuncu dəfə, Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin 11.06.2026-cı il tarixli, “cinayət hadisəsi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə xitam qərarı” şikayətimə əsasən, Sabunçu rayon Məhkəməsinin10.07.2026-cı il tarixli, 6(5-101)-83/2026 saylı qərarı ilə “qanunsuz və əsassız olması”səbəbinə ləğv edilmiş və “göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın, qərarın icrasına nəzarət Sabunçu rayon prokuroruna tapşırılsın” göstərişi ilə məhkəmə tərəfindən istintaqa qaytarılmışdır.
Bundan əvvəllər, məhkəmə nəzarəti qaydasında vermiş olduğum şikayət Sabunçu rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli qərarı ilə, təmin edilmiş, müstəntiq Fuad Babayevin cinayət işi üzrə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
Bu qərardan şikayət etmək müddəti 3 gün olduğu halda, 2 ay keçdikdən sonra Sabunçu rayon prokuroru Murad Dadaşov apellyasiya protesti vermişdir.
Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 18.02.2026-cı il tarixli, 6(3-6)-93/2026 saylı qərarla prokuror Murad Dadaşovun protestini təmin etməmişdir.
Bundan əlavə, 34 ədəd avtobusun oğurlanmasına dair şikayət ərizəmlə bağlı 2-3 vərəq izahatımın alınmasını 4 ildir ki, təmin etməyən prokuror Murad Dadaşov, zərəçəkmiş şəxsin şikayətlərinin baxılmasını və istintaq hərəkətlərinin aparılmasını əngəlləmək üçün, 12 vərəq protest yazmağın zəhmətini çəkmişdir.
Necə ki, 4 il ərzində zərərçəkmiş şəxs kimi, mənim dörd yüzdən çox müraciətimin heç birinə bir cümlə cavab yazmayan Sabunçu rayonunun sabiq prokuroru İbrahim Lənbəranski, avtobusları oğurlanmış, əmlakı talanmış, pulları mənimsənilmiş “Magna Trans” MMC-nin maddi-məsuliyyət cavabdehliyini daşıyan direktor Mirzahid Ağayevin müdafiəsini təmin etmək üçün 15 səhifəlik apellyasiya protesti yazıb məhkəməyə müraciət etmişdi.
Lakin, prokuror İbrahim Lənbəranskinin də protestini Apellyasiya Məhkəməsi əsassız və qanunsuz olması səbəbinə təmin etməmişdir
Daha sonra, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyevin apellyasiya protestivə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Əlizadə Emil Əli oğlunun bu protesti dəstəkləməsi barədə:
“Magna Trans” MMC-nin 34 avtobusun oğurlanmasına dair şikayətim üzrə Bakı ŞBPİ-də heç bir tədbir görülmədiyi üçün, məhkəməyə müraciət etmişdim və Xətai rayon Məhkəməsinin 14.02.2025-ci il tarixli, 6(011)-31/2025 saylı qərarında göstərilmişdir ki, “Bakı ŞBPİ-nin Təhqiqat şöbəsinin rəisi Tərlan Zeynalovun 34 ədəd avtobusun oğurlanması ilə bağlı müraciət üzrə araşdırma aparmaması, müraciətin nəticəsi üzrə prosessual qərar qəbul etməməsi qanunsuz hesab edilsin”.
Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev bu qərardan dərhal apellyasiya protesti vermişdir ki, Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etsin, yəni oğurluq hadisəsi polisdə araşdırılmasın.
Maraqlı protest deyilmi?
Prokuror müavini Mobil Şəfiyevin protesti ilə bağlı, Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Əlizadə Emil Əli oğlu Apellyasiya Məhkəməsində çıxış edərək, apellyasiya protestinin təmin edilməsini və məhkəmə qərarının ləğv edilməsini xahiş etmişdir.
Oğurluq cinayəti hadisəsinin polisdə araşdırılmasının qarşısını almağa belə ciddi-cəhd göstərmələrinə bu prokurorları vadar edən hansı qüvvədir?
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.05.2025-ci il tarixli 6(103)-177/2025 saylı qərarında göstərilmişdir ki, sitat: “… 34 ədəd avtobusun qanunsuz ələ keçirilməsi ilə bağlı Bakı ŞBPİ-də heç bir araşdırma aparılmamış, hər hansı prosessual qərar qəbul edilməmişdir. Cinayət prosesini həyata keçirən orqanın əməkdaşı AR CPM-in tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir. Apellyasiya protesti təmin edilməsin.
Qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilə bilməz.”
Sual yaranır ki, daha nə və necə olmalıdır ki, təhqiqatçı, müstəntiqlər və onlara nəzarət etməli olan prokurorlar öz vəzifə borclarını layiqincə yerinə yetirsinlər?
Cənab Baş prokuror!
Dörd ildən artıq müddətdə eyni cinayət işi üzrə müstəntiqlərin qanunsuz qərarlarının məhkəmələr tərəfindən ardıcıl olaraq ləğv edilməsinə, prokurorların qanunsuz protestlərinin isə təmin olunmamasına baxmayaraq, həmin qanun pozuntularının davam etdirilməsinin səbəblərinin araşdırılmasını, hüquqi qiymət verilməsini və qanunun aliliyinin bərpa olunmasını tələb edirəm.
Diqqətinizə çatdıraram ki, müstəntiqlər, prokurorlar və onların qanunazidd əməlləri barədə 30 sayda qərarları vermiş məhkəmə hakimləri də Azərbaycan Respublikasının qanunvericiliyinin təməlinin daim dyanıqlı olmasına məsuliyyət daşıyan dövlətin ən mühüm vəzifələrini tutmuş şəxslərdir.
Prokurorlar və müstəntiqlər Azərbaycan Respublikasının adından verilmiş 30 sayda məhkəmə qərarlarını icra etməkdən imtina etmişlərsə və ölkə vətəndaşının əmlakını mənimsəməklə bərabər, dövlət büdcəsinə ödənilməli olan külli məbləğdə pul vəsaitini də mənimsəmiş mütəşəkkil bir dəstəyə himayədarlıq edilirsə, bu qanunazidd əməllərin qarşısının alınmasını kim təmin etməlidir?
Hörmətlə: İş adamı-sahibkar, 210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs: Ağasəf İsmayılov”.
REDAKSİYADAN: HAZIRDA QEYD OLUNAN MÜRACİƏT İNGİLİS VƏ RUS DİLLƏRİNƏ TƏRCÜMƏ EDİLİR, 4- CÜ ŞUŞA QLOBAL MEDİA FORUM İŞTİRAKÇILARINA GÖNDƏRİLƏCƏK!